Bakıda “Əsas regional perspektivlər: Xəzər və
Avropa arasında tranzit enerji marşrutları” mövzusunda beynəlxalq konfrans
keçirilmişdir
Aprelin 2-də Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM), Finlandiyanın Xarici İşlər Nazirliyi və Helsinki Universitetinin Aleksanteri İnstitutunun birgə təşkilatçılığı ilə "Əsas regional perspektivlər: Xəzər və Avropa arasında tranzit enerji marşrutları" mövzusunda beynəlxalq konfrans keçirilmişdir.
AzərTAc xəbər verir ki, konfransda Azərbaycan ilə yanaşı, Böyük Britaniya, Rumıniya, Finlandiya, İtaliya, Hollandiya və Polşadan olan alimlər, mütəxəssislər, beynəlxalq təşkilatların və ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak etmişlər.
Konfransın məqsədi Cənub enerji dəhlizinin geosiyasi əhəmiyyəti, imkanları, təhlükəsizlik məsələləri və kommersiya risklərinə dair fikir mübadiləsi aparmaqdır.
Son bir ildə Xəzər regionunun neft-qaz şirkətləri üçün əhəmiyyətli regiona çevrildiyini vurğulayan SAM-ın direktor müavini Gülşən Paşayeva bildirmişdir ki, burada yerli şirkətlər tərəfindən müxtəlif layihələr həyata keçirilir. Bu ilin iyunundan isə "Şahdəniz-2" layihəsinin Mərkəzi Avropaya marşrutu müəyyənləşəcəkdir. Bundan sonra "Şahdəniz" konsorsiumunun əsas prinsipləri, strategiyası və digər məsələləri də aydınlaşdırılacaqdır.
Avropa ilə Xəzər regionu arasında geosiyasi və enerji sahələrində əməkdaşlığından danışan Finlandiyanın Helsinki Universitetinin Aleksanteri İnstitutunun direktoru Markku Kivinen vurğulamışdır ki, Xəzərin enerji resursları Avropanın diqqət mərkəzindədir.
Konfransın əhəmiyyətini yüksək qiymətləndirən Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çiobanu bildirmişdir ki, Xəzər regionu ilə Avropa arasında tranzit enerji marşrutları regionda əsas proseslərdən birini təşkil edir. Diplomat enerji sahəsindəki əməkdaşlığın həm Rumıniya, həm də Azərbaycan üçün vacib olduğunu qeyd etmiş, ölkələrimiz arasında əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini vurğulamışdır. Konfransda SAM-ın elmi işçisi Gülmira Rzayeva və başqaları da Xəzərin enerji resurslarının Avropanın diqqət mərkəzində olduğunu qeyd etmişlər. Bildirilmişdir ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində xüsusi yer tutur. Avropa İttifaqı Cənub Dəhlizi, Nabukko kimi layihələrin həyata keçirilməsi, eləcə də Xəzərin enerji ehtiyatlarının şaxələndirilməsinin tərəfdarıdır.
Sonda Azərbaycan Respublikasının Prezidenti
yanında Strateji Araşdırmalar Mərkəzi ilə
Finlandiyanın Helsinki Universitetinin Aleksanteri İnstitutu
arasında əməkdaşlıq haqqında memorandum
imzalanmışdır.
Azərbaycan.- 2012.- 3 aprel.- S. 6.