Heyvandarlıqda
mövcud vəziyyət, problemlər və vəzifələr
Xalqımız ta qədimdən heyvandarlıqla məşğul olub. Bu sahədə qazanılmış zəngin təcrübə, uzun illər yaranmış və möhkəmlənmiş ənənə, kəndlilərin heyvandarlığa bağlılığı və meyili hazırda bu sahənin sabit templə inkişafını təmin edir.
Azərbaycanın müstəqillik əldə etdiyi ilk dövrdə - 1991-1995-ci illərdə heyvandarlıq tənəzzülə uğramağa başladı. Mal-qaranın sayı 2025,6 min başdan 1681,7 min başa, inək və camışlar 743,3 min başdan 710,7 min başa, qoyun və keçilər 5547,8 min başdan 4644,4 min başa , quşlar isə 31,4 milyon başdan 12,4 milyon başa qədər azaldı. Müvafiq olaraq heyvandarlıq məhsulları istehsalı da azalmışdır. Ət istehsalı 188 min tondan 82 min tona, süd istehsalı 1066,6 min tondan 826,5 min tona, yun istehsalı 11,9 min tondan 9 min tona, yumurta istehsalı isə 1,71 milyon ədəddən 455,8 milyon ədədə düşdü.
Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi və onun təşəbbüsü ilə heyvandarlıqda islahatların başlanılması, yaranmış böhran vəziyyətin qarşısını aldı və 1996-cı ildən başlayaraq heyvandarlıq bütün sahələrdə inkişaf etməyə başladı. Hazırda respublikada 2681,8 min baş mal-qara, o cümlədən1288,1 min baş inək və camış, 8559,3 min baş qoyun və keçi, 23,2 milyon baş quş vardır. Son 20 ildə mal-qara 59,5 faiz, inək və camışlar 71,9 faiz, qoyun və keçilər 54,3 faiz artmışdır. Bu dövrdə ət istehsalı 3,2 dəfə artaraq 263,7 min tona, süd istehsalı 2,2 dəfə artaraq 1622,3 min tona, yumurta istehsalı isə 2,2 dəfə artaraq 10081,1 min ədədə çatmışdır. Əvvəlki illərdə olduğu kimi, 2011-ci ildə də heyvandarlıq məhsullarının istehsalı sahəsində vəziyyət sabit qalmaqda davam edir. Belə ki, keçən il ət istehsalı 4,3 faiz, süd istehsalı 5,6 faiz artmışdır.
2011-ci ildə respublikada adambaşına 32,3 kq ət, 238 kq süd, 125 ədəd yumurta istehlak olunmuşdur.
2011-ci ildə kənd təsərrüfatının ümumi məhsulunda heyvandarlığın payı 48,7 faizə çatmışdır. Kənd təsərrüfatının tarixində heyvandarlıq sahəsində birinci dəfədir ki, belə yüksək göstəricilərə nail olunmuşdur.
Azərbaycanda bəzi unikal heyvanlar yetişdirilir. Əsasən Azərbaycanda
yetişdirilən camışlar, yerli zebular, qala qoyunları və keçilər
yüksək keyfiyyətli məhsul vermələri ilə fərqlənirlər.
Hazırda 270 min baş camış vardır.
Xarici mühitin zərərli təsirlərinə və xəstəliklərə
dözümlülüyü, yemə və saxlanılmağa az tələbkar olması ilə fərqlənən
camışların südündə 8-12 faiz yağ olur.
Camış südündə yağın miqdarı inək
südünə nisbətən 2,4 dəfə
artıqdır. Əgər 1 kq yağ 22 kq inək
südündən əmələ gəlirsə, 8-10 kq
camış südündən 1 kq yağ çıxır.
Camışın qatığı və qaymağı ilə
yanaşı onun əti də bir çox xəstəliklərə
qarşı dərman kimi istifadə olunur.
Son illərə qədər heyvandarlıq ekstensiv yolla,
yəni mal-qaranın baş sayının
artırılması hesabına inkişaf edirdi. Azərbaycan aztorpaqlı bir
ölkə olduğundan və adambaşına 0,19
ha əkinə yararlı torpaq sahəsi
düşdüyündən heyvandarlığın ekstensiv
metodla inkişaf etməsi ciddi narahatlıq doğururdu. Azərbaycanda
hər il heyvanların baş
sayının artırılmasına ehtiyac yoxdur. Çünki mal-qaranın yemlə təmin
olunmasında ciddi çətinliklər var. Respublikada optimal
miqdarda heyvan saxlanılması tələb olunur. Alimlər
və mütəxəssislər belə hesab edirlər ki,
respublikada orta hesabla 1600 min baş mal-qara, o cümlədən 800 min baş inək və camışın saxlanılması məqsədəuyğundur.
Lakin inək və camışların hər birindən ildə
orta hesabla hələlik 2500-3000 kq süd sağılmalı,
kəsilən hər bir baş heyvan kökəldilərək
diri çəkisi 350-360 kq-ya
çatdırılmalıdır ki, əhalinin ətə və
südə olan tələbatı daha dolğun ödənilə
bilsin.
Heyvandarlıq
məhsulları istehsalını intensiv artırmaq
üçün ciddi tədbirlər görülür. Bunun üçün ilk növbədə hüquqi
baza yaradılmışdır. "Damazlıq
heyvandarlıq haqqında" Azərbaycan Respublikasının
Qanunu hazırlandıqdan və qüvvəyə mindikdən
sonra heyvandarlıqda damazlıq-seleksiya işləri xeyli
yaxşılaşmışdır. Regionların
sosial-iqtisadi inkişaf üzrə Dövlət Proqramında nəzərdə
tutulmuş tədbirlərə uyğun olaraq mal-qaranın cins
tərkibinin yaxşılaşdırılması istiqamətində
həyata keçirilən tədbirlər uğurla davam
etdirilir.
Ərzaq
Təhlükəsizliyinin təmin olunması sahəsində
görülən işlər çərçivəsində
ölkədə heyvandarlıq məhsullarının
istehsalını artırmaq, habelə damazlıq
heyvandarlığı inkişaf etdirmək məqsədilə
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
sərəncamı ilə hər il dövlət büdcəsində
nəzərdə tutulmuş Azərbaycan Respublikası
Prezidentinin Ehtiyat Fondundan "Aqrolizinq" ASC-yə 5-10 milyon
manat vəsait ayrılır. Bu vəsait
hesabına indiyədək respublikaya 3272 baş damazlıq
düyə alınıb gətirilmiş, bu düyələr
güzəştlə heyvandarlıq məhsulları
istehsalçılarına lizinqə verilmişdir.
Görülən tədbirlər və Kənd Təsərrüfatı
Nazirliyinin hazırladığı tövsiyələrin yerinə
yetirilməsi nəticəsində həmin heyvanlar artıb 5500
başa çatmışdır.
Özəl damazlıq təsərrüfatlarında cəmləşdirilmiş
bu heyvanlardan yüksək süd məhsulu əldə edilir. Samux rayonunun İstixana qəsəbəsində
Tərbiyə Yusifova "Aqrolizinq" ASC-dən aldığı 20 baş
düyəni artırıb 68 başa
çatdırmışdır. 1 baş da olsun
ölümə və tələfata yol verilməmişdir.
Burada keçən il hər baş inəkdən
orta hesabla 6500 kq süd sağılmışdır. Belə misalların sayını artırmaq
mümkündür.
Lizinq yolu
ilə verilən
damazlıq düyələrin hamısı süni yolla
mayalandırılır, bu heyvanlar xüsusi qulluq tələb
edir. İdxal olunan damazlıq düyələrə
nümunəvi xidmətin göstərilməsi, ölkənin
heyvandarlıq mədəniyyətinə ciddi surətdə
müsbət təsir göstərir. 2012-ci ildə bu iş yenə də
davam etdiriləcək və respublikaya 3200 baş damazlıq
düyə gətiriləcəkdir.
Yeri gəlmişkən qeyd etmək lazımdır ki,
respublikada olan mal-qaranın 80-85 faizi 10 başadək heyvan
saxlayan sahibkarların xırda təsərrüfatlarında cəmləşmişdir. Belə
kiçik təsərrüfatlarda yeni texnoloji prosesləri həyata
keçirmək, ağır əl əməyi tələb edən
işləri mexanikləşdirmək, istehsalı intensiv
qaydada aparmaq qeyri-mümkündür. Odur ki, süd
istehsalını intensiv artırmaq üçün
respublikada iri südçülük kompleksləri
yaradılır.
2011-ci ildən
etibarən Ağdam rayonunun Əfətli kəndindəki
"Qara inək" kəndli (fermer) təsərrüfatında
450 başlıq, Ağcabədi rayonunun Ağabəyli kəndində
3000 başlıq, Kürdəmir rayonunun Atakişili kəndində
500 başlıq, Salyan rayonunun Kürqaraqaşlı kəndində
500 başlıq südçülük kompleksləri fəaliyyətə
başlamışdır.
Bu il
Ağdaş rayonunun Ərəbocağı kəndində 800
başlıq, Salyan rayonunun Qaraçala qəsəbəsində
2400 başlıq, Qəbələ rayonunda "Aqrokompleks"
MMC-də 1000 başlıq, həmin rayonun Vəndam kəndində
500 başlıq südçülük kompleksləri istifadəyə
veriləcəkdir. Bu komplekslərin
hamısı "Aqrolizinq" ASC vasitəsilə gətiriləcək
damazlıq düyələrin hesabına komplektləşdiriləcəkdir.
Damazlıq
düyələrin saxlanıldığı
südçülük kompleksləri yüksək istehsal
göstəricilərinə nail olurlar. "Şəki Aqro
İndastris" MMC-də təqdirəlayiq iş təcrübəsi
vardır. Burada 1126 baş mal-qara, o cümlədən
540 baş inək yetişdirilir. Keçən il hər inəkdən orta hesabla 5263 kq süd
sağılmışdır. İnəklərin
hamısı süni yolla mayalandırılır. Hər 100 baş inəkdən 98 bala alınır.
Süd sağımı sexi fəaliyyət
göstərir. Eyni vaxtda 32 inək
sağılır. Bu ilin iyun ayında bu təsərrüfatda
dövlət və özəl damazlıq təsərrüfatları
başçılarının və damazlıq düyə alan sahibkarların respublika seminar-müşavirəsinin
keçirilməsi planlaşdırılmışdır.
Düzdür,
ölkəmizə idxal olunan cins düyələrin
damazlıq seleksiya işlərinin aparılmasında
böyük əhəmiyyəti var. Lakin hər il ölkəyə
gətirilən az sayda - 900-1500 baş düyə vasitəsilə
bütün kateqoriya təsərrüfatlarda mövcud olan 2600
min baş mal-qaranın cins tərkibini qısa müddətdə
yaxşılaşdırmaq mümkün olmayacaqdır. Ona görə də heyvanların cins tərkibinin
yaxşılaşdırılmasında mühüm rol oynayan
süni mayalanmaya üstünlük verilməlidir. Bu sahədə
respublikada heç vaxt olmayan geniş iş
başlanmışdır.
Cənubi Qafqazda ilk dəfə olaraq Azərbaycan
Respublikasında Süni Mayalama Mərkəzi
yaradılmışdır. Burada Avstriyadan, Almaniyadan və
Rusiyadan alınıb gətirilmiş 21 baş törədici buğadan və kəldən
yüksək keyfiyyətli toxum istehsal olunur.
Heyvanlarda süni mayalanma tədbirlərini həyata
keçirmək üçün Süni Mayalama Mərkəzi
nəzdində yaradılmış kurslarda 450 nəfər
süni mayalama texniki hazırlanmışdır. Onlar süni
mayalama avadanlıqları, yedəkli motosklet, heyvan toxumu və
maye azotla təmin olunmuşlar. Təcrübə
qazanmaları və işdə möhkəmlənmələri,
ilk dövrdə maddi vəziyyətlərinin yüngülləşdirilməsi
üçün süni mayalama texniklərinə işlədikləri
birinci ildə əməkhaqqı verilir.
Respublikada heyvanların süni mayalandırılması
sahəsində artıq işlək bir mexanizm
formalaşmışdır. Hər bir rayonda və şəhərdə
Süni Mayalama Mərkəzi yaradılmışdır. 2011-ci ildə həyata keçirilən tədbirlər
nəticəsində 78216 baş heyvan süni mayalanmış
və 46855 baş bala alınmışdır. Ölkədə
mövcud olan inək, camış və 2 yaşından
böyük düyələrin 5,5 faizi
süni mayalanmışdır. Lakin bu göstəricilərin
çox aşağı olduğunu yaxşı başa
düşürük.
Harada heyvanların süni mayalanmasına diqqət və
əhəmiyyət verilirsə, orada bu sahədə
böyük müvəffəqiyyətlər qazanılır.
Elə buna görə də Zaqatala, Abşeron,
Ağdaş, Sabirabad, Qəbələ, Salyan və Xaçmaz
rayonlarında
heyvanların süni mayalanması yaxşı təşkil
olunmuşdur.
Abşeron rayonunda sağmal inəklərin 25 faizi
süni mayalanma ilə əhatə olunmuşdur. Burada hər
bir süni mayalama texniki ildə 500-600 baş heyvanı
süni mayalayıb 80-85 baş bala alır. Mütəxəssislərin
hesablamalarına görə, Abşeron rayonu üzrə hər
inəkdən keçən il orta hesabla
4300 kq süd sağılmışdır.
Süni mayalanma nəticəsində
alınmış inəklərdən ildə orta hesabla
3500-4000 kq süd sağılır. Bu inəklərin
fərqi ondan ibarətdir ki, yedikləri yemi tezliklə südə
çevirmək qabiliyyətinə malikdirlər.
Heyvanların süni mayalanması böyük
iqtisadi səmərə verir. Bir baş düyənin satın
alınıb gətirilməsi 3400-3500 manata başa gəldiyi
halda, süni mayalanma yolu ilə bir baş buzovun
alınmasına 20 manat sərf olunur. İqtisadi
səmərəlilik bax bundan ibarətdir.
Heyvandarlıqdan
almaq istədiyimiz
əsas məhsullar ət və süddən ibarətdir. Ət
istehsalının inkişaf etdirilməsi istiqamətində
geniş iş başlanmışdır. Dağ
və dağətəyi bölgələrdə heyvanların
intensiv kökəldilməsi həyata keçirilir. Bərdə
rayonunun 12 kəndində, xüsusilə Mehdili,
Hacallı, Xəsili kəndlərində demək olar ki,
bütün ev təsərrüfatları mal-qara kökəltməklə
məşğul olur. Rayonda heyvanların kökəldilməsi
işi mühüm dövlət siyasətinə
çevrilmişdir.
Süni
Mayalama Mərkəzində dünyada çox məşhur
ətlik qaramal cinslərindən
biri olan Aberdin-anqus törədici buğasından toxum istehsal
olunub, yerlərdə aborogen heyvanlarda süni mayalama aparmaq
üçün süni mayalama texniklərinə verilir. Bu yaxınlarda Fransadan respublikaya humanitar qaydada
dünyada ən yüksək keyfiyyətli ətlik cins olan
Şarole törədicilərinin 1000 doza toxumu gətiriləcəkdir.
Azərbaycan hökumətinin əsas vəzifələrindən
biri əhalinin heyvandarlıq məhsulları ilə tələbatının
daha dolğun ödənilməsindən ibarətdir. Hər bir adam
gündə 3126 kkal əvəzinə 2588 kkal dəyərində
olan ərzaq məhsulları istehlak edir. Adamların gündəlik
qidalanması ildən-ilə yaxşılaşır. Belə
ki, adambaşına gündə 35 qram ət, 251,1 qram süd və
qaymaq, 12,8 qram kərə yağı, 15,8 qram pendir, 42,7 qram
qatıq istehlak olunur.
Bir faktı qeyd etmək kifayətdir ki, indi ölkəmizdə
sovet dövründəki kimi mövcud olan ət almaq
üçün uzun-uzadı növbələrə təsadüf
edilmir. Hər
bir adam ilin bütün günlərində
imkanlarından asılı olaraq istədiyi qədər ət
və süd ala bilər.
Hər bir heyvandarlıq təsərrüfatının
reytinqi istehsal etdiyi ət və südün miqdarından
asılıdır. İş elə təşkil
olunmalıdır ki, emal sənayesi istehsal prosesini
qabaqlasın. Heyvandarlıq məhsullarının
emalı sahəsində də xeyli iş
görülmüşdür. Bakı şəhərindəki
"Milk Pro" MMC, Ağcabədi rayonundakı
"Atena", Lənkərandakı "Pal süd",
"Biləsuvar süd", Salyan rayonundakı "Nurgun"
süd emalı, "Hakan Fut", "Səhliyalı",
"Aymin flaqman", "Halal dad" ət emalı ,
"Kaspian Fiş" balıq emalı müəssisələrinin
məhsulları "İSO-9000" keyfiyyət
sertifikatına layiq görülmüşdür. Süd emalı müəssisələrində
aseptik süd istehsal olunur. Süd emalı
müəssisələrinin emal etdikləri milli ayran,
dovğa, qatıq, şor və digər milli məhsullar xarici
tərəfdaşların hüsnrəğbətini
qazanmışdır. Son illərdə emal müəssisələri
qida təhlükəsizliyi və keyfiyyətin idarə
olunması üzrə HACCP proqramının həyata keçirilməsi
üçün çox iş
görürlər.
Bildiyimiz kimi, ölkəmizdə əkinə yararlı
torpaqlar ildən-ilə azalır, əhali isə get-gedə
çoxalır. Ona görə də bu az torpaqlardan elə səmərəli
istifadə olunmalıdır ki, həmin torpaqlar ildən-ilə
artan əhalini yedizdirə bilsin. Gələcəkdə
baş verə biləcək ərzaq qıtlığı
probleminin qarşısını vaxtında almaq
üçün müstəqil dövlətimiz "Azərbaycan-2020:
Gələcəyə baxış" İnkişaf
Konsepsiyasının hazırlanması üzərində
iş aparır. Əhalinin 2020-ci ildə və
bundan sonrakı dövrdə heyvandarlıq məhsullarına
olan tələbatını daha da dolğun ödəmək
üçün Kənd Təsərrüfatı Nazirliyi bir
sıra tədbirlərin həyata keçirilməsini nəzərdə
tutur.
Yuxarıda qeyd etdiyimiz kimi, heyvandarlıqdan ən
çox gözlədiyimiz ət və süddür.
Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin 2008-ci il 25 avqust tarixli 3004 nömrəli sərəncamı
ilə təsdiq etdiyi "2008-2015-ci illərdə Azərbaycan
Respublikasında əhalinin ərzaq məhsulları ilə
etibarlı təminatına dair Dövlət Proqramı"nda
2015-ci ildə ət istehsalının kəsilmiş çəkidə
340 min tona, süd istehsalının isə 2,4 milyon tona
çatdırılması hədəf seçilmişdir.
Xüsusilə ət istehsalının intensiv artırılması üzərində gərgin
iş gedir.
Şərq ölkələrinin əksəriyyətində,
xüsusilə İran və Türkiyədə mal əti
istehsalı xeyli azalmışdır. Bu ölkələrdə kəndlər
boşaldığından mal-qara saxlayan əhalinin sayı xeyli
azalmışdır. İranda 1 kq mal ətinin
qiyməti 15 manat, Türkiyədə isə 18-20 manata qədər
artmışdır. Hazırda həm
İran, həm də Türkiyə xarici ölkələrdən
külli miqdarda mal-qara almaq məcburiyyətində
qalmışdır.
Respublikada ət istehsalı xüsusi nəzarətə
götürülmüşdür. 2011-ci ildə respublikada kəsilmiş
çəkidə 263,7 min ton ət, o cümlədən 117
min ton mal əti, 74,4 min ton qoyun əti istehsal olunmuşdur.
Respublikada istehsal olunan ət tələbatı tam ödəmədiyi
üçün xarici ölkələrdən keçən il 26019 ton ət və ət məhsulları
idxal olunmuşdur. 2011-ci ildə adambaşına istehlak olunan ətin
13,34 kq-ı mal əti, 8,29 kq-ı isə
qoyun və keçi ətindən ibarətdir. Əgər
vaxtında operativ və düşünülmüş tədbirlər
həyata keçirilməsə, 2015-ci ildə Dövlət
Proqramında nəzərdə tutulan ət istehsalının
340 min tona çatdırılması sual altındadır.
Məlumatlardan
göründüyü
kimi, 2015-ci ildə istehsalı nəzərdə
tutulan hədəfə çatmaq üçün 2012-2015-ci illərdə əlavə
olaraq cəmi 86,2 min ton ət
istehsal olunmalıdır. Bunun üçün ildə ət
istehsalı ən azı 8,5 faiz
artmalıdır. Bu vəzifəni yerinə yetirmək və həmçinin
2020-ci ildə mal
əti istehsalını 360-380 min tona çatdırmaq
üçün mal-qaranın
meydançalarda (təsərrüfatlarda) kökəldilməsi təşkil
olunmalıdır. Hər bir qaramal ən azı 350-360 kiloqramadək
kökəldikdən sonra kəsimə verilməlidir.
Təsərrüfatlara
xarici ölkələrdən ətlik istiqamətli
Aberdin-anqus, hallovey, santa-hertruda, limuzin, şarole və digər
cinslərdən
olan heyvanların satın alınıb gətirilməsi
və güzəştli qiymətlərlə sahibkarlara
satılması nəzərdə
tutulur.
Kökəltmə meydançalarının bir ədədinin tikintisi ən çox 1,5 milyon
manata, ətlik cinslərindən olan
1000 baş heyvanın satın alınmasının isə
3,5 milyon manata başa gəlməsi
proqnozlaşdırılır. Kökəldilməyə
qoyulan heyvanlar 4 dərəcəyədək şaxtaya dözə
bilirlər. Ətlik cinsindən olan qaramal 8-9 kiloqram yem vahidinə
0,8-1,0 kiloqram gündəlik çəki
artımı verir.
Dövlət Proqramında ət
istehsalı sahəsində nəzərdə tutulmuş hədəfə
çatmaq məqsədilə qalan 86,2 min ton əlavə ət
istehsalı üçün 40 rayonun hər birində 1000
başlıq 3 ədəd özəl kökəltmə
meydançası (təsərrüfatı) yaratmaqla, bu
meydançalarda (təsərrüfatlarda) cəmi 120000 baş
qaramalın kökəldilməsi məqsədəuyğundur.
Bu meydançaların tikilməsi, müasir avadanlıq və texnologiyalar
ilə təchiz olunması
üçün 620 milyon manat investisiya qoyuluşuna ehtiyac
vardır. Tələb olunan investisiya sahibkarların vəsaiti,
Sahibkarlığa Kömək Milli Fondunun güzəştli
kreditləri, "Azərbaycan İnvestisiya Şirkəti"
ASC dəstəyi
ilə təmin oluna bilər.
Nəzərdə
tutulan tədbirlərin həyata keçirilməsi, mal əti
istehsalını ildə 20-25 min ton artırmağa imkan verə
bilər.
Cavan
heyvanlar vaxtından xeyli əvvəl, az
çəkidə kəsildiyi Azərbaycanda xeyli ət itkisinə
yol verilir. Ona görə də cavan
heyvanların kəsilməsinin qarşısı
alınmalıdır. Hazırda quzular 10-15
kq diri çəkidə, danalar isə 150-180 kq diri çəkidə
kəsilib satılır. Təkcə buna
görə ildə ən azı 20-25 min ton ət itirilir.
Mal-qara 350-360 kq-ya, quzular isə 40 kq-ya
çatdırıldıqdan sonra kəsilməlidir. Bu sahədə sahibkarlar arasında geniş izahat
işləri aparılmağa başlanılmışdır.
Fikrimizcə, bu kimi halların qanunvericilik vasitəsilə
qarşısının alınması məqsədəuyğun
olardı.
Respublikada 2015-ci ildə süd istehsalını 2400 min
tona çatdırmaq sahəsində çox gərgin hədəf
müəyyən edilmişdir. Kənd Təsərrüfatı Nazirliyi alimlərin,
mütəxəssislərin və təcrübəli
heyvandarlıq işçilərinin təkliflərinə əsaslanıb
2020-ci ildə süd istehsalının 2500 min tona
çatdırılmasını təklif edir.
2015-ci ildə
nəzərdə tutulan hədəfə çatmaq
üçün qarşıdakı 4 il müddətində,
2012-2015-ci illərdə cəmi 778 min ton süd istehsalı
artırılmalıdır. Bu, qətiyyən
mümkün olan, həll edilə bilən məsələ
deyildir. Çünki süd artımı
ildə orta hesabla 5-6 faizdən artıq olmur.
2015-ci və
2020-ci illərdə qarşıya qoyulan vəzifələri
yerinə yetirmək üçün hazırda süd
istehsalının intensiv artırılması
üçün həyata keçirilən mexanizm uğurla davam etdirilməlidir.
Yaranmış vəziyyət hər bir rayonda ən
azı tutumu 500 baş inək olan 3-5 ədəd
südçülük kompleksinin tikilib istifadəyə verilməsi
zəruriyyətini tələb edir. Çünki
xırda təsərrüfatlarda iri istehsaldan danışmaq
mümkün deyildir.
Yeri gəlmişkən, vacib bir məsələyə də
toxunmaq istərdik. Süd istehsalını intensiv inkişaf
etdirmək üçün respublikada iri
südçülük komplekslərinin yaradılması təqdirəlayiqdir.
Lakin bu işdə optimallıq gözlənilmir.
Məlumat
üçün bildiririk ki, dünya ölkələrində
500-800 başdan
çox inəyi olan südçülük təsərrüfatlarının
yaradılması məqsədəuyğun sayılmır. Niderland kimi
qabaqcıl heyvandarlıq ölkəsində 300 başdan
artıq inəyi olan təsərrüfata rast gəlmədik.
İndiyədək Azərbaycanda ən çox
600 inəyi olan bir təsərrüfat mövcud idi.
Buna
baxmayaraq, hazırda Sahibkarlara Kömək Milli Fondunun və
bank kreditlərinin hesabına Ağcabədi rayonunun Ağabəyli
kəndində 3000 baş inəyi olan "Atena" və
Salyan rayonunun Qaraçala qəsəbəsində 2400 baş
inəyi olan "Hacı Camalxan"
südçülük kompleksləri yaradılır.
Bildiririk ki, bu məsələdə mütəxəssis
rəyi nəzərə alınmır. Belə iri komplekslərin
yaradılması risk tələb edir. 3000 baş inəyi
saxlayan bir təsərrüfatda 24 aydan sonra heyvanların
ümumi sayı 6000 başa (onun 3000 başı inək, 600
başı düyə və
2400 başı cavan heyvanlar)
çatacaqdır. Bu qədər heyvanı saxlamaq üçün
gündə 360 ton yem tələb edilir. Yem bitkiləri əkmək
üçün ən azı 4500 hektar torpaq sahəsi
olmalıdır. İldə 131400 ton yem istehsal etmək və təsərrüfata 4500 hektar torpaq
ayırmaq imkan xaricindədir. Belə iri təsərrüfatları
idarə etmək xeyli çətinliklər yaradacaqdır.
Eyni
zamanda, 3000 baş inək saxlamaqla bu heyvanlar risk altında
qoyulur. Əgər hər hansı bir kəskin
yoluxucu xəstəlik baş verərsə, bu heyvanların
kütləvi qırılması təhlükəsi yarana bilər.
Vacib bir məsələyə də toxunmaq istərdik. Sovet dövründə nazirliklər bir-biri ilə
möhkəm əlaqə saxlayır, əlbir işləyir,
birlikdə fəaliyyət göstərirdilər. Bu da ümumi işin sürətlə qabağa getməsini
təmin edirdi. İndi belə iş üslubu yoxdur. İ.Krılovun təmsilində olduğu kimi, hərə
bir tərəfə çəkir. Çox yaxşı
olardı ki, İqtisadi İnkişaf Nazirliyi hər hansı bir aqrar məsələni həll edərkən Kənd Təsərrüfatı
Nazirliyinin peşəkar, səriştəli, təcrübəli
mütəxəssislərinin təkliflərini nəzərə
alsın, onların rəylərinə diqqət yetirsin. Bu nəinki belə olmalıdır, hətta çox
təəccüblü olsa da, nazirlikdə baş
heyvandarlıq mütəxəssisi olmağıma baxmayaraq, hətta
heyvandarlıq təsərrüfatlarının hansınasa
kredit verilməsindən nazirliyin qətiyyən xəbəri
olmur. Belə bir vəziyyəti normal hesab
etmək olarmı?
Dəfələrlə qeyd edilmişdir ki, süd
istehsalının intensiv inkişaf etməsində
heyvanların süni mayalanması mühüm rol oynayır. Dünyanın
qabaqcıl ölkələrindən Fransa, Almaniya, Niderland,
Avstriya, ABŞ, İsrail və bir çox başqa dövlətlərdə
heyvanların təbii cütləşməsinə
"yox" deyirlər. Bu ölkələrdə
heyvandarlıqda 100 faiz süni mayalanma tətbiq edilir və nəticədə hər
inəkdən ildə orta hesabla 8-11min kq süd
sağılır. Qardaş Türkiyədə
inəklərin 60 faizi və 4 milyon başı süni yolla
mayalandırılır.
Genetik qanunlara əsasən, yaxşı törədici
heyvan öz müsbət keyfiyyətlərini balalarına
verir. Bu prinsipə əsasən respublikada olan yerli
heyvanların hamısının cins tərkibini və süd
məhsuldarlığını yaxşılaşdırmaq
mümkündür. Lakin Azərbaycanda Kənd Təsərrüfatı
Nazirliyinin başladığı bu vacib iş metodu ilk uğurlarını qazansa
da, çox çətinliklə özünə yol
açır. Çünki yerlərdə bir
çox rayon və şəhər icra hakimiyyətləri
damazlıq işi ilə maraqlanmır, bu işin geniş
yayılması üçün maarifləndirmə tədbirlərini
həyata keçirmir, süni mayalama texniklərini dəstəkləmir
və bu işin yaxşılaşmasına maraq göstərmir.
Şabran, Balakən, Astara, Lənkəran, Göygöl, Tərtər,
Tovuz, Cəlilabad, Siyəzən, Şamaxı, Qobustan,
Xızı, İmişli və bir çox digər rayonlarda
Azərbaycan Respublikası Prezidentinin 28 iyun 2011-ci il tarixli 1578
nömrəli sərəncamı ilə təsdiq olunmuş
"2008-2015-ci illərdə Azərbaycan Respublikasında
yoxsulluğun azaldılması və davamlı inkişaf
Dövlət Proqramı"nın həyata keçirilməsi
üzrə Tədbirlər Planının (2011-2015-ci illər)
1.6.6-cı, 2009-cu il 14 aprel tarixli 80 nömrəli sərəncamı
ilə təsdiq edilmiş "Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı"nın 4.1.16-cı
və 2008-ci il 25 avqust tarixli 3004 nömrəli sərəncamı
ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan
Respublikasında əhalinin ərzaq məhsulları ilə
etibarlı təminatına dair Dövlət
Proqramı"nın 5.3.6-cı bəndlərində
heyvandarlıqda süni mayalanma tədbirlərinin genişləndirilməsinin
dəstəklənməsinə dair göstərilən tədbirlərin
yerinə yetirilməsi pozulur. Astara, Tərtər
və Balakən rayonlarında nəzarətin olmaması
ucbatından heyvanlarda süni mayalanmanın aparılması
barədə düzgün olmayan şişirdilmiş rəqəmlər
verilir.
Respublika Süni Mayalama Mərkəzi Göygöl
rayonunun ərazisində yerləşir. Bu rayonda 74 min
əhali olmasına baxmayaraq, 5 nəfər süni mayalama
texnikinin hazırlanması böyük bir problemə
çevrilmişdir. Şəki rayonunda məktəbdə dərs deyən
ibtidai sinif müəllimi süni mayalama texnikləri
hazırlayan kursa göndərilmişdir. O, kursu bitirdikdən
sonra bir gün də olsun süni mayalama texniki işləməmişdir.
Dünyanın bütün ölkələrində
heyvanların süni mayalanmasına dövlət büdcəsindən
vəsait ayrıldığı halda azərbaycanda ikinci ildir
ki, vəsait ayrılmır. Bu ondan irəli gəlir ki, nə
İqtisadi İnkişaf Nazirliyinin, nə də Maliyyə
Nazirliyinin aparatlarında heyvandarlıqda süni mayalanmanın
aparılmasının mahiyyətini və əhəmiyyətini
düzgün qiymətləndirən mütəxəssis
yoxdur.
Türkiyədə süni mayalanma nəticəsində
doğulan hər bir buzova görə onun sahibinə 75 türk
lirəsi verilir. Turkiyədə bu tədbir ona görə həyata
keçirilir ki, süni mayaladıqları heyvanların
sayı aydan-aya, ildən-ilə artsın, süni
mayalanmanın gedişinin qeydiyyatı aparılsın, ölkəyə
icazəsiz heyvan toxumunun gətirilməsinin qarşısı
alınsın, süni mayalanma ilə yüksək ət və
süd verən heyvan nəsli yaradılsın, təbii
cütləşmə qadağan edilsin. Bir
mütəxəssis kimi deyə bilərəm ki, bunlar
çox vacib və çox yaxşı tədbirlərdir.
Bu tədbirin Azərbaycanda da tətbiq
olunmasını ikinci ildir ki, qaldırırıq. Lakin bizim bu sahədəki təklifimizə
İqtisadi İnkişaf və Maliyyə nazirlikləri
"yox" deyirlər.
Kənd Təsərrüfatı Nazirliyi belə hesab edir
ki, dünyada heyvandarlıq sahəsində mütərəqqi
nə varsa, hamısı Azərbaycana gətirilməli,
istehsalata tətbiq edilməli və ölkəmizin
böyük inkişafına birlikdə təkan verilməlidir.
Respublikada ən böyük problemlərdən biri də
odur ki, kənd rayonlarında sahibkarlar istehsal etdikləri
süd məhsullarını sata bilmirlər. Emal müəssisələri
südün 1 kq-nı südün çox olduğu yay fəslində
20-25 qəpiyə, südün istehsalının
azaldığı qış aylarında isə 35-50 qəpiyə
alaraq taralara doldurub 1 manata
satırlar. Mütəxəssislər belə
hesab edirlər ki, südün 1 litrinin qiyməti 1 manatdan
aşağı olmamalıdır. Bunu necə başa
düşmək olar ki, 0,5 litr Şollar suyu 50 qəpiyə,
min bir əzab-əziyyət hesabına istehsal olunan 1 litr
süd isə 20-25 qəpiyə satılır. Belə hallar
ona görə baş verir ki, emal müəssisələri
süd istehsalından geridə qalır və rəqabət qabiliyyətli
emal müəssisələri çatışmır.
Qoyunçuluq heyvandarlığın ən gəlirli sahəsidir. 2020-ci ildə
qoyun ətinin 85-90 min tona çatdırılması hədəf
seçilmişdir. Bunun üçün
erkək və çıxdaş edilmiş qoyunların
kökəldilib 40 kq-ya çatdırdıqdan sonra kəsilməsi
hər yerdə bərqərar olmalıdır. Yuxarıda qeyd edildiyi kimi, quzuların erkən kəsilməsinin
qarşısı alınmalıdır.
Qoyunçuluqdan xəbəri olmayan bəzi adamlar ekoloji
tarazlığı mühafizə edib qorumaq məqsədilə
qoyunların hamısının stasionar şəraitdə saxlanılmasını
təklif edirlər. Bu, mümkün olan məsələ deyil, absurddur! Yalnız kökəlməyə qoyulan qoyunlar
stasionar şəraitdə saxlanıla bilər. Ulu Tanrı qoyunlara ona görə polad kimi nazik
ayaqlar, dözümlü və möhkəm dırnaqlar
vermişdir ki, gündə 40 km yol qət edə bilsinlər.
Dünyanın qış və yay otlaqları
olan bütün ölkələrində, xüsusilə
Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan
respublikalarında və digər ölkələrdəki kimi,
Azərbaycanda da qoyunlar əsasən ayaqaltı yemin
hesabına saxlanılır və yüksək gəlir verirlər.
Ta qədimdən başlayaraq qoyunlar yayda yaylağa,
qışda qışlağa gedir, köçəri həyat
sürürlər. Başqa cür də ola
bilməz!
(Ardı var)
Çingiz FƏRƏCOV,
Kənd Təsərrüfatı
Nazirliyi
Aparatının Heyvandarlıq
məhsullarının istehsalı, emalı,
damazlıq işi və otlaqlar şöbəsinin müdiri,
respublikanın əməkdar kənd
təsərrüfatı işçisi
Azərbaycan.- 2012.- 3 aprel.- S. 7.