İnkişafa
stimul verən səfərlər
Bəzən özün-özünə belə bir sual verməli olursan: "Görəsən, öz ölkəsinin bölgələrinə bizim Prezident qədər müntəzəm səfərlər edən digər ölkə başçısı varmı?" Bunu fikirləşəndə yada keçən əsrin 70-ci illəri düşür. O zaman xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi işləyərkən vaxtaşırı respublikamızın ayrı-ayrı rayonlarına səfərə çıxar, kənd təsərrüfatı işlərinin gedişi ilə bağlı zona müşavirələri keçirər, yeni sənaye müəssisələrinin, sosial obyektlərin açılışında iştirak edərdi. Müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə də ulu öndər xalqın, sıravi vətəndaşların yanında olmağa, onların problemlərini öyrənməyə, onlara əməli kömək göstərməyə böyük üstünlük verirdi.
Bu iş üsulunu Prezident İlham Əliyev də davam etdirir. Dövlət başçısının sistemli şəkildə regionlara səfərləri bunu deməyə əsas verir. Ən əsası da odur ki, belə səfərlər inkişaf, tərəqqi üçün stimul yaradır. Götürək Astara rayonunu. Son 8 ildə ölkə başçısı 5 dəfə burada olmuşdur. Hər səfər zamanı da neçə-neçə obyektin açılışı, təməlqoyma mərasimi keçirilmişdir. Yeni tipli elektrik stansiyası, qaz kompressor stansiyası, yük terminalı, "Şindan" hoteli, 20 yeni məktəb, şəhid ailələri və əlillər üçün 32 və 16 mənzilli yaşayış binaları, Heydər Əliyev Mərkəzi, "Gənclər evi", Dövlət Bayrağı meydanı və onlarca digər obyektlər bu qəbildəndir. Bütün bunlar Prezidentin Astaraya göstərdiyi diqqət və qayğı sayəsində mümkün olmuşdur.
Dövlət başçısı hələ 2004-cü il noyabr ayının 9-da Astaraya səfəri zamanı əhali qarşısında çıxış edərkən demişdi: "Azərbaycan Respublikasının Prezidenti kimi mən bu gün ümumi işimizə verdikləri töhfələrə görə astaralılara öz dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm. Sizi əmin etmək istəyirəm ki, bundan sonra da Astaraya böyük diqqət yetiriləcəkdir. Burada görülən işlərə, gələcəkdə görülən işlərə dəstək veriləcəkdir." Təkcə onu demək kifayətdir ki, dövlət başçısının imzaladığı sərəncamlarla 2010-cu ildə Astara-Bala Şahağacı yolunun yenidən qurulması üçün 3,5 milyon, 2011-ci ildə rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlərlə əlaqədar 2 milyon, yenə 2011-ci ildə rayon mərkəzi xəstəxanasının yenidən qurulması üçün 1,5 milyon manat vəsait ayrılmışdır.
Həmişə olduğu kimi, Astaraya bu ayın 13-dəki səfərinə də İlham Əliyev öncə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoymaqla başladı. Sonra şəhərin mərkəzində Yeni Azərbaycan Partiyası rayon təşkilatı üçün tikilmiş təzə binaya baş çəkdi. Müasir memarlıq üslubunda, iki mərtəbəli, ümumi sahəsi 700 kvadratmetr olan binanın tikintisinə keçən ilin may ayında başlanmışdır. İnşaatçılar binanı böyük zövqlə tikmişlər. Bina siyası qərargah olmaqla bərabər, şəhərə xüsusi yaraşıq verir. Binanın birinci mərtəbəsində ulu öndərin büstü qoyulmuş, eyni zamanda, Heydər Əliyevin və Azərbaycan Prezidenti, YAP-ın sədri İlham Əliyevin həyat və fəaliyyətini, Astara rayonuna səfərlərini əks etdirən fotoşəkillərdən ibarət guşə yaradılmışdır. Binada müxtəlif tədbirlərin keçirilməsi üçün geniş konfrans zalı və xidmət otaqları vardır.
Astaralı gənclər idmana böyük maraq göstərirlər. Xüsusən, son illər uğurlu nəticələr əldə edirlər. İkiqat Avropa çempionu, dünya çempionatının bürünc mükafatçısı, 2012-ci il London Olimpiadasına lisenziya qazanmış Cəbrayıl Həsənov, Avropa çempionu, dünya çempionatının bürünc mükafatçısı Sona Əhmədli və başqaları mötəbər yarışlarda Azərbaycan bayrağını yüksəklərə qaldırırlar. Ümumilikdə Astara idmançıları 2011-ci ildə 160 medala sahib olmuşlar. Medalların 92-si qızıldır və 16-sı beynəlxalq yarışlarda qazanılmışdır. Bu günlər astaralı gənclərin sevinci hədsizdir. Hər cür idman avadanlıqları ilə təchiz edilən Olimpiya İdman Kompleksi istifadəyə verilmiş, öz qapılarını idmançıların üzünə açmışdır. Kompleksdəki 936 nəfərlik böyük idman zalında mini futbol, voleybol, basketbol, tennis yarışları keçirmək mümkündür. Məşq zalları, 172 tamaşaçı yeri olan üzgüçülük hovuzu beynəlxalq standartlara cavab verir. Kompleksin daxilində yaradılan qonaq otağı və konfrans zalı müxtəlif tədbirləri keçirmək üçün imkan yaradır. Ölkə başçısı Olimpiya İdman Kompleksinin açılış lentini kəsərək dedi: "Bu münasibətlə mən sizin hamınızı təbrik edirəm. Arzu edirəm ki, hər bir gənc və hər bir vətəndaş bu kompleksin imkanlarından istifadə etsin, hər bir insan özünü rahat hiss etsin, hər bir ailədə sosial vəziyyət, dolanışıq yaxşı olsun, imkanlar artsın, ölkəmiz inkişaf etsin, insanlar rifah içində yaşasınlar".
Astara Rayon Mərkəzi Xəstəxanası yaxşı vəziyyətdə deyildi. Ən adi müayinə və müalicə üçün rayon əhalisi Lənkərana, Bakıya və digər yerlərə üz tutmalı olurdu. Keçən il ölkə başçısı xəstəxananın təmiri üçün vəsait ayrılması barədə göstəriş verdi. Rayon icra hakimiyyətinin rəhbərliyi altında bütün qüvvələr əsaslı təmir işinə yönəldildi. Hər günün axırında görülmüş işlərə yekun vuruldu, vəzifələr müəyyənləşdirildi. Sürətlə yanaşı, keyfiyyətə də xüsusi diqqət yetirildi. Dövlət başçısı rayona səfəri zamanı xəstəxanada aparılan əsaslı təmir işləri ilə yaxından tanış oldu. Xəstəxanada mama-ginekologiya şöbəsi, əməliyyat bloku, yeni doğulan uşaqların intensiv terapiya palatası, ultrasəs müayinə kabineti, palatalar, mətbəx, bufet və xidməti otaqlar vardır. Xəstəxananın həyətində park salınmış, yay aylarında istirahət üçün oturacaqlar qoyulmuşdur.
Astarada yolların, xüsusilə, kəndlərə gedən yolların abadlaşdırılması, asfaltlaşdırılması da diqqət mərkəzindədir. Kijəbə-Ojakəran və Kijəbə-Qacımardə avtomobil yoluna asfalt döşəndikdən sonra istismara verilmişdir. Yolun 10 kilometrlik hissəsi təmir olunmuşdur. Bu yoldan Kijəbə qəsəbəsinin və 9 kəndin 12 minə yaxın əhalisi, eyni zamanda, rayon mərkəzindən 25 kilometr məsafədə yerləşən Pəlikəş inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 13 kəndində yaşayan 7 minə yaxın sakini istifadə edir. Kijəbə qəsəbəsində Bayraq meydanı salınmış, burada 25 metr hündürlükdə üçrəngli dövlət bayrağımız dalğalanır.
Prezident İlham Əliyev Dövlət Bayrağı meydanının açılışı və avtomobil yollarının istismara verilməsi münasibəti ilə keçirilən mərasimlərdə də iştirak edib sakinlərlə görüşündə dedi: "Yol tikintisi də çox vacib məsələdir. Keçən ilin aprel ayında Astarada idim, başqa kənd yollarının açılışında iştirak edirdim. Bu gün - bir ildən sonra isə Kijəbə qəsəbəsini başqa kəndlərlə birləşdirən yolun açılışında iştirak edirəm. Yol həyatdır. Yol olmadan inkişaf ola bilməz."
Görüşə toplaşan sakinlər avtomobil yolunun istismara verilməsini dövlət başçısının qəsəbə ərazisində yaşayan sakinlərə diqqət və qayğısının bariz nümunəsi kimi dəyərləndirmiş və dərin minnətdarlıqlarını bildirmişlər.
Ölkə rəhbərinin Astaraya bu səfəri də əhali arasında unudulmaz xoş təəssürat, hədsiz razılıq və qürur hissi doğurmuşdur. Söylənilən ürək sözləri də bunu aydın göstərir. YAP Astara rayon təşkilatının sədri Natiq İbadov, rayon gənclər və idman idarəsinin rəisi Ərçə Əliyev, mərkəzi xəstəxananın şöbə müdiri Fuad Səmədov və Kijəbə qəsəbə sakini Azər Kişiyev dövlət başçısının Astaraya gəlişinin sevincini hər bir astaralının yaşadığını, hər səfər zamanı rayonda yeniliklərin olduğunu, yeni obyektlərin istifadəyə verildiyini, gələcək uğurlara inam yaratdığını dedilər.
Astaralılar martın 15-də daha bir şad xəbər eşitdilər. Prezidentin sərəncamı ilə Astara rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlərlə əlaqədar rayon icra hakimiyyətinə 2 milyon manat vəsait ayrılmışdır.
Seyran CAVADOV
Azərbaycan.- 2012.- 3 aprel.- S. 8.