Əhalinin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması üçün dövlət hər cür qayğı göstərir

 

Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı nitqində Prezident İlham Əliyev demişdir: "Baxmayaraq ki, artıq biz özümüzü elektrik enerjisi ilə tam təmin etmişik, bu günbu məsələ aktualdır. Çünki ölkə iqtisadiyyatı artır, bizim strateji inkişaf planımız, strateji baxışlarımız vardır. Biz bilirik ki, 10 ildən, 20 ildən sonra iqtisadiyyatımız sürətlə artacaqdır. Yeni müəssisələr, biznes üçün yaradılan yeni şərait gözəl imkanlar açır. Beləliklə, bizdə tələbat daim artacaq, daxili istehlak daim artacaqdır. Bizdə mövcud olan enerji gücləri daxili istehlakdan ən azı 10 faiz artıq olmalıdır".

Bu baxımdan "Şəki REŞ" MMC-nin kollektivi də istehlakçılara yüksək səviyyədə xidmət göstərməyə, keyfiyyətli və dayanıqlı enerji təchizatına nail olmağa çalışır. Həyata keçirilən tədbirlər nəticəsində texnoloji itki ilbəil azalır, istehlak olunan enerjiyə görə yığım çoxalır. 2011-ci ildə bu rəqəm 6-7 faiz artıb.

Hava xətlərində, transformator yarımstansiyalarında, transformatorlarda əsaslı təmir işləri görülür, müvafiq şəbəkələr SİP markalı kabellə əvəz edilir. İndiyədək Qəbələ rayonu ərazisində Hacallı yarımstansiyası tikilib. İsmayıllı rayonu ərazisində Zərgəran yarımstansiyası, Zaqatala ərazisində Alazan yarımstansiyasında transformator təmir olunaraq istifadəyə verilib. Qax rayonu ərazisində yerləşən Əlibəyli yarımstansiyasında transformator güclü transformatorla əvəz olunub. Son üç ayda isə 70-ə yaxın yeni dayaq quraşdırılıb, 12 kilometr 10 kilovatlıq xətt əsaslı təmir olunub, 40-a yaxın  transformatorda əsaslı və cari təmir işləri görülüb.

2011-ci ildə 2661 yeni abonentə sayğac quraşdırılıb, 3345 abonentin sayğaclarının istismar müddəti başa çatdığı üçün yeniləri ilə əvəz edilib. Bütün sayğaclar enerji təchizatı müəssisəsinin hesabına quraşdırılır.

Adı çəkilən konfransdakı çıxışında dövlət başçısı bu ilin investisiya proqramında ötürücü xətlərin bərpasına vəsait nəzərdə tutulduğunu da qeyd etmişdir:  "Bu sahədə hələ ki, görülən işlər çoxdur. Ötürücü xətlərin müəyyən hissəsi nasaz vəziyyətdədir. Bölgələrdə külək əsən kimi bəzən dirəklər yıxılır və kəndlər işıqsız qalır. Ona görə "Azərenerji"yə göstəriş verilmişdir ki, bu sahəyə xüsusi diqqət göstərilsin və dövlət büdcəsi tərəfindən dəstək veriləcəkdir".

"Şəki REŞ" MMC-nin direktoru Elşad Məmmədov dedi ki, bu dəstəkdən sonra həyata keçirilən tədbirlər əhaliyə keyfiyyətli və dayanıqlı elektrik enerjisi verilməsinə də müsbət təsir edəcək.

İndiyədək "Şəki REŞ" MMC-nin fəaliyyət dairəsinə daxil olan rayonların ərazisində 454 kilometr elektrik verilişi xətlərində əsaslı və cari təmir işləri görülüb, 1257 ədəd yeni 100,4 kilovoltluq dayaq quraşdırılıb.

Söhbət zamanı E.Məmmədov yüksək gərginlikli elektrik xətlərinin altında həyətyanı torpaq sahələri ayrılmasının hələ də davam etdiyi bu məsələnin ciddi təhlükə və problemlər yaratdığını qeyd etdi. Başqa bir çətinlik isə elektrik verilişi xətlərinin meşəlik ərazidən keçməsi ilə əlaqədardır. Ağacların yuxarı hissələri xətlərə toxunduğuna görə, açılmalar baş verir, yaranmış qəza nəticəsində enerji verilişində problemlər və fasilələr olur. Bunun qarşısını almaq üçün ağacların həmin hissəsinin kəsilməsi zərurəti yaranır. Buna görə isə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamenti Şahdağ Milli Parkının nümayəndələri "Şəki REŞ" MMC-nin əməkdaşlarını cərimələyiblər. Ancaq mövcud qanunvericiliyə görə yüksək gərginlikli elektrik xətlərinin keçdiyi ərazi müəyyən məsafəyə qədər təmiz və maneəsiz olmalıdır. E.Məmmədov onu da qeyd etdi ki, 1004 kilovoltluq xətlər tədricən meşə ərazisindən çıxarılır, 110 kilovoltluq xətlərin meşədən çıxarılması isə hələlik mümkün deyil.

Qarşıda görülməli işlər hələ çoxdur. Kollektiv üzvləri çalışırlar ki, əhalinin elektrik enerjisi ilə yüksək səviyyədə təmin olunması üçün üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirsinlər.

 

 

 Azərbaycan.- 2012.- 3 aprel.- S. 8.