Həyata
keçirilən layihələr turizmin
inkişafını da şərtləndirir
Tikinti-quruculuq işləri füsunkar təbiətli Qax rayonunda da geniş miqyas alıb. Qaxlılar üçün çox əlamətdar olan ötən ildə Prezident İlham Əliyev bu rayona səfər etmiş, "El Resort" hotel binası, "İçəribazar" qala kompleksi, YAP-ın rayon şöbəsinin inzibati binası, İlisu-Sarıbaş yolunda Hamaçay üzərində uzunluğu 80,5 metr olan metal tağlı körpü, rayonlararası və rayondaxili avtovağzal kompleksi dövlət başçısının xeyir-duası ilə istifadəyə verilmişdir.
Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzinin və Qax şəhərində, Qax İngiloy, Qaxbaş kəndlərində su-kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı 1000 kubmetrlik su anbarı obyektlərinin təməlqoyma mərasimlərində də iştirak etmişdir.
Ötən müddət ərzində Qax şəhərinin bütün küçələrində yenidənqurma işləri görülmüş, binaların dam örtükləri əsaslı təmir olunmuş, yollara asfalt döşənmiş, su arxları təmizlənərək yenidən qurulmuş, hasarların divarları çapma çay daşı və kərpiclə üzlənmişdir. Şəhərin S.Qocayev və M.Cuma küçələrində suötürücü arxların tikintisi başa çatdırılmışdır. Qobala çayının ərazisindən keçən hissəsində mövcud kanal bərpa olunmuş, yeni dəmir-beton kanal çəkilmişdir.
Bir çox məktəblərdə və uşaq bağçalarında əsaslı təmir işləri görülmüş, 180 şagirdlik Qıpçaq kənd tam orta məktəbinin tikintisi başa çatdırılmış, 360 yerlik Zəyəm kənd tam orta məktəb binasının tikintisinə başlanılmışdır. 2012-ci ildə 80 şagirdlik Əmbərçay kənd ümumi orta məktəbinin inşası, şəhər 4 nömrəli tam orta məktəb binasının əsaslı təmiri nəzərdə tutulub. 80 şagirdlik Meşəbaş kənd ümumi orta məktəb binasının tikintisi ilə bağlı isə layihə-smeta sənədləri hazırlanır.
Rayondakı poliklinika binasının, bir neçə kənd tibb məntəqəsinin və uşaq məsləhətxanasının təmirinə 47 min manata yaxın vəsait sərf olunmuşdur. 990 min manat dəyərində 15 çarpayılıq ikimərtəbəli Əlibəyli kənd xəstəxanasının və dəyəri 320 min manat olan Güllük kənd həkim məntəqəsinin tikintisi davam etdirilir.
Mədəniyyət obyektlərində isə 50,6 min manat dəyərində əsaslı və cari təmir işləri görülmüşdür.
Bir sözlə, dinamik inkişaf dövrünü yaşayan Qax tikinti meydanını xatırladır. İdman kompleksində, Vergilər terminalının, DSMF-in rayon şöbəsinin, rayon baytarlıq idarəsinin inzibati binalarında, "El Resort" hotel kompleksinin ikimərtəbəli konfrans zalında, Qaxbaş kəndi ərazisində doqquzmərtəbəli yaşayış binasında tikinti işləri davam edir. Bunlardan əlavə, Ağçay kəndində üçmərtəbəli hotel, İlisu kəndi ərazisində "Səngər Qala" istirahət kompleksində beşmərtəbəli mehmanxana, Qarabaldır kəndi ərazisində isə süd məhsulları emalı müəssisəsi inşa olunan obyektlər sırasındadır.
Bu il Qax şəhərində şəhid ailələri və Qarabağ əlilləri üçün dördmərtəbəli 36 mənzilli yaşayış və rayon təhsil şöbəsi üçün yeni binaların tikintisinə başlanılacaqdır. 75 yerlik şəhər 1 nömrəli uşaq bağçası üçün də yeni bina tikilməlidir.
Rayonda yol infrastrukturunun yenilənməsinə də lazımi diqqət yetirilir. Keçən il respublika əhəmiyyətli avtomobil yollarının salınmasına 50 min, yerli əhəmiyyətli yolların tikinti və təmirinə isə 144 min manat vəsait xərclənib. Qax-İlisu-Sarıbaş avtomobil yolunun 1,9 km-lik hissəsində asfalt beton örtük təmir edilmiş, Şəki-Qax yolunun Qaşqaçay kəndi istiqamətində olan hissəsinin, Qorağan-Qax-Zaqatala yolunun, Qax-Güllük istiqamətində 18 kilometr uzunluğunda avtomobil yolunun tikintisinə başlanılmış, Ləkit çayı üzərində biraşırımlı körpünün tikintisi başa çatdırılmışdır.
Qaxda 5582 abonent
təbii qazla təmin olunur. Bunun da
3500-ü şəhərin payına düşür.
Yeni yaşayış
massivlərinin qazlaşması
ilə əlaqədar
həyata keçirilən
tədbirlər imkan verəcək ki, 30 kilometr uzunluğunda yeni qaz xətləri
çəkiləndən sonra
1000-ə yaxın abonentə
təbii qaz verilsin. Bu isə o deməkdir ki, şəhərdə qazlaşmayan
sahə qalmayacaqdır.
Hazırda "Azərtikintiservis" MMC tərəfindən
Almalı kəndi qazlaşdırılır. Əlibəyli kəndinə yeni qaz xətti çəkilmiş və
müasir tipli qaztənzimləyici quraşdırılmışdır.
Artıq
bir neçə mənzilə təbii qaz verilir.
Rayonun bir çox kəndini təbii qazla təmin edəcək Qorağan-Almalı yeraltı
polietilen qaz xəttinin çəkilişi
də başa çatdırılmışdır.
Qaxda həyata
keçirilən infrastruktur
layihələri, inşa
edilən müasir sosial yönümlü obyektlər, aparılan genişmiqyaslı abadlıq-quruculuq
işləri rayonun turizm potensialının inkişafını da şərtləndirir. Əbəs yerə deyil
ki, dövlət başçısı rayona
səfəri zamanı
Qaxın gələcəkdə
ölkənin turizm mərkəzlərindən birinə
çevriləcəyini xüsusi
vurğulamışdır.
Telman
NƏZƏRLİ
Azərbaycan.- 2012.- 3 aprel.- S. 8.