“EU Reporter” jurnalı: Avropa
İttifaqının Cənubi Qafqaz siyasətində
“ikili standartlardan” istifadə etməsi
münaqişənin nizama
salınmasına öz töhfəsini
vermək cəhdində neytral
iştirakçı kimi onun
mövqelərini sarsıdır
Avropa İttifaqı (Aİ) Cənubi Qafqazda iki münaqişəyə müxtəlif münasibət göstərməklə öz qərəzsiz oyunçu mövqelərini sarsıdır.
AzərTAc xəbər verir ki, bu, Avropada çıxan "EU Reporter" aylıq jurnalında dərc olunmuş məqalədə deyilir.
Məqalənin müəllifi, jurnalın naşiri Stiv Kollinz öz mövqeyini belə əsaslandırır ki, Avropa İttifaqı Gürcüstandakı münaqişə və Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinə münasibətdə beynəlxalq hüququn müxtəlif prinsiplərindən istifadə edir.
Müəllif Avropa İttifaqı Xarici Siyasət Şurasının son rəylərini - Şuranın hər bir iclasının yekunları üzrə qəbul olunmuş sənədi misal gətirir. Cənubi Qafqaza dair 27 fevral tarixli bu rəylərdə Aİ Azərbaycan, Gürcüstan və Ermənistanla münasibətlərin möhkəmləndirilməsinə dair "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində irəliləyişi alqışlayır. Bununla əlaqədar Avropa qonşuluq siyasətinin səciyyəvi şərq meyarı kimi "Şərq tərəfdaşlığı"nın əhəmiyyəti xüsusi qeyd edilir.
S.Kollinz bildirir ki, bununla belə Aİ Gürcüstandakı münaqişə və Ermənistan və Azərbaycan arasındakı münaqişəni tamamilə müxtəlif cür şərh edir. Nizamasalmanın əsası kimi Gürcüstanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq aləmdə tanınmış sərhədlərinin sarsılmazlığı prinsiplərini qətiyyətlə müdafiə etdiyini bildirən Aİ Dağlıq Qarabağ münaqişəsi barəsində zor işlətməmək və xalqın öz müqəddəratını təyin etmək hüququ kimi prinsiplərdən danışmağı üstün tutur. Müəllif yazır: "Belə "ikili standartlardan" istifadə etməsi münaqişənin nizama salınmasına öz töhfəsini vermək cəhdində neytral iştirakı kimi Aİ-nin mövqelərini sarsıdır, onun nüfuzunu aşağı salır və Avropa ictimaiyyətində neqativ imic doğurur".
Kollinz əsas beynəlxalq sənədlərə müraciət edərək yazır ki, nə Helsinki Yekun Aktı, nə də BMT Nizamnaməsi ölkə rəhbərliyinin və orada yaşayan insanların razılığı olmadan onun bir hissəsinin ümumi ərazidən ayrılmasına çağırır. Məqalədə deyilir: "Buna baxmayaraq Dağlıq Qarabağ məsələsində bu sənədlərin tələbləri pozulur. Regionda işğalın nəticələrinə və etnik təmizləməyə haqq qazandırmaq və beləliklə, münaqişənin nizama salınmasını yubandırmaq, status-kvonu saxlamaq cəhdləri göstərilir".
Xarici Siyasət
Şurasının rəyləri Avropa Parlamentinin Xarici
İşlər Komitəsi üzvlərinin Azərbaycana və
Ermənistana səfərindən bir
neçə həftə sonra qəbul olunmuşdur.
Azərbaycan.- 2012.- 3 aprel.- S. 9.