Kapital Bank üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün bütün imkanlarından istifadə edəcəkdir

 

"Kapital Bank" Azərbaycan Prezidentinin fərdi birdəfəlik ödəmələrin verilməsinə dair fərmanı ilə bağlı üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün bütün imkanlarından istifadə edəcəkdir. Bu sözləri "Kapital Bank" ASC-nin idarə heyətinin sədri Elmar Məmmədov AzərTAc-a müsahibəsində bildirmişdir.

- Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanına əsasən, "Kapital Bank" ASC keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi üzrə müvəkkil bank hesab edilmişdir. Bankda bu istiqamətdə hazırlıq işləri necə gedir?

- İlk növbədə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında" 2012-ci 14 mart tarixli fərmanının əhəmiyyətini qeyd etmək istərdim.

Fərmanda qeyd edildiyi kimi, ötən əsrin 90-cı illərinin əvvəllərində baş verən məlum proseslərin təsiri ilə ümumilikdə bütün postsovet məkanında, o cümlədən Azərbaycanda vətəndaşların Əmanət Bankındakı əmanətlərinin kəskin şəkildə ucuzlaşması müstəqil Azərbaycan dövlətinə keçmiş Sovet İttifaqından miras qalmış problemlərdən biri idi.

Bu əmanətlər Azərbaycan dövləti tərəfindən bir neçə dəfə indeksləşdirilərək 1993-cü və 1995-1997-ci illərdə onlara görə kompensasiyalar verilsə də, bu kompensasiyanı əmanətçilərin yalnız bir qismi almışdı. Əmanətçilərin böyük bir qismi əmanətləri və onlara görə verilən kompensasiyaları almaq hüquqlarından istifadə etməmişdi. Ona görə də həmin əmanətlərin dəyəri keçən müddət ərzində xeyli azalmışdı. Ümumilikdə, bu məsələnin həlli yollarının tapılması aktual mövzulardan biri kimi müxtəlif səviyyələrdə tez-tez gündəmə gətirilirdi. Bu baxımdan, Prezident İlham Əliyevin imzaladığı fərman məsələnin optimal həllinə  yönəlməklə, müstəqil Azərbaycan dövlətinin öz vətəndaşlarına diqqət və qayğısının, sosialyönümlü siyasətinin təsdiqinin daha bir təzahürüdür.

Bu fərmanda respublikamızın son illər qazandığı mühüm sosial-iqtisadi nailiyyətlərə əsaslanaraq keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi qərara alınmışdır. Digər əhəmiyyətli cəhətləri ilə yanaşı, belə bir addım, həm də müstəqil Azərbaycan dövlətinin tərəqqisində əməyi olmuş vətəndaşlarımızın ölkənin inkişafına verdikləri töhfələrə dövlət tərəfindən daha bir qiymətdir. Vətəndaşlarımızın maddi durumuna müsbət təsir göstərməklə bərabər, bu fərmanın mənəvi dəyəri də kifayət qədər böyükdür.

"Kapital Bank" ASC-nin birdəfəlik ödəmələrin verilməsi üzrə müvəkkil bank hesab edilməsi isə bank üçün yüksək qürur mənbəyi olduğu qədər, həm də böyük məsuliyyətdir. Belə genişmiqyaslı bir prosesdə üzləşə biləcəyimiz mümkün problemlərin, çətinliklərin də fərqindəyik. Bildiyiniz kimi, aradan 20 il vaxt keçib. Bu müddətdə bir sıra dəyişikliklər baş verib. Bəzi sənədlər öz hüquqi qüvvəsini itirib, vaxtilə əmanət qoyulmuş kassaların bağlanması ilə əlaqədar müəyyən qrup əmanətçilərə aid arxiv sənədlərinin bankın bir struktur bölməsindən digərinə yerdəyişməsi həyata keçirilib və s.

Xüsusilə Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilmiş rayonlarımıza aid əmanətçilərin bəzi arxiv sənədlərinin vaxtilə o rayonlardan çıxarılmasının mümkün olmaması bir sıra ciddi problemlər doğurur. Bütün bunlara baxmayaraq, "Kapital Bank" bu fərmanın icrası istiqamətində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün bütün imkanlarından istifadə edəcək, bu prosesin vətəndaşlar üçün maneəsiz və mümkün qədər asan bir formada həyata keçirilməsinə çalışacaqdır. Bu məqsədlə bankda hazırlıq işlərinə fərman qüvvəyə mindiyi ilk gündən başlanmışdır.

- Hazırlıq prosesi əsasən, hansı tədbirləri əhatə edir?

- Bildiyiniz kimi, fərdi ödəmələrin verilməsi prosesinə 2012-ci il iyunun 1-dən başlanacaqdır. Ödəmələrin verilməsi üçün vətəndaşlardan sənədlərin qəbulu 2012-ci il iyunun 1-dən dekabrın 31-dək davam etdiriləcəkdir. Fərdi ödəmələrin verilməsi prosesinin özü 2013-cü il dekabrın 31-dək başa çatdırılacaqdır.

Əmanətçilərdən ərizələrin qəbuluna hələ iki ay qaldığından indiki mərhələdə "Kapital Bank"ın üzərinə düşən əsas vəzifələr müəyyən təşkilati məsələlərin həlli, bu prosesdə vətəndaşların maksimum rahatlığının təmin olunması, onların mümkün qədər az vaxt və zəhmət sərf edərək fərdi birdəfəlik ödəmələri ala bilmələri üçün işlək mexanizmlərin hazırlanmasıdır. İndi bu istiqamətdə davamlı işlər gedir.

Vətəndaşlar arasında maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, onları maraqlandıran sualların cavablandırılması da son dərəcə mühüm məsələlərdəndir. Biz bu sahədə mövcud imkan və vasitələrdən maksimum faydalanmağa çalışırıq. Vətəndaşları maraqlandıran suallara aydınlıq gətirmək məqsədilə ilk günlərdən "Kapital Bank"ın baş ofisində "Qaynar xətt" açılmışdır. 498-84-52 nömrəli "Qaynar xətt"ə hər gün yüzlərlə sual daxil olur və cavablandırılır. Eyni zamanda, emanetler@karitalbank.az ünvanı vasitəsilə vətəndaşlardan elektron müraciətlərin qəbulu imkanları da təmin edilmişdir. Hər bir vətəndaşın müraciətinə qısa müddətdə yazılı cavab verilir.

Bundan başqa, bankın www.karitalbank.az saytında sırf fərdi birdəfəlik ödəmələrlə bağlı xüsusi bölmə yaradılmışdır. Burada vətəndaşlar fərdi birdəfəlik ödəmələrə dair fərman və qaydalarla tanış ola, ümumi xarakterli bir çox suallara cavab tapa bilərlər. Bölmədə yerləşdirilmiş kalkulyator vasitəsilə 1992-ci il yanvarın 1-nə keçmiş Əmanət Bankında olan əmanət qalığına əsasən, fərdi birdəfəlik ödəmə məbləğini hesablamaq mümkündür.

Bölmədə kassaların dislokasiyası cədvəli də yerləşdirilmişdir. Bu da son dərəcə əhəmiyyətli məsələlərdəndir. Bildiyiniz kimi, əmanətlərin yerləşdirildiyi dövrdə hələ təkcə Bakı şəhərindəki əmanət kassalarının ümumi sayı təqribən 200-ə qədər idi. Respublika üzrə isə bu rəqəm 1132-ə çatırdı. Sonrakı dövrlərdə bu sahədə baş vermiş dəyişikliklərin, əmanət yerləşdirilmiş bir çox kassaların indi faktiki mövcud olmamasının vətəndaşlar üçün yarada biləcəyi çətinlikləri nəzərə alaraq "Kapital Bank"ın filialları üzrə dislokasiya cədvəli hazırlanmışdır. Yəni, vətəndaş bu cədvəldən istifadə etməklə əmanət kitabçasındakı kassa nömrəsinə əsasən, fərdi birdəfəlik ödəməni almaqdan ötrü "Kapital Bank"ın hansı filialına müraciət etməli olduğunu asanlıqla müəyyənləşdirə bilər.

Maarifləndirmə tədbirləri "Kapital Bank"ın filiallarında da həyata keçirilir. Filialların inzibati binalarında maarifləndirici plakatlar, dislokasiya cədvəlləri asılmış, əmanətçilərə hüquqi yardım üçün lazımi imkanlar təmin edilmişdir.

- Əmanətçilər fərdi birdəfəlik ödəməni almaq üçün banka hansı sənədləri təqdim etməlidirlər?

- Fərdi birdəfəlik ödəməni almaq üçün əmanətçi şəxsi əmanət hesabını bağlamaq barədə müvəkkil banka ərizə ilə müraciət etməli və ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır:

- əmanət (bank) kitabçası, yaxud Xüsusi Komissiyanın qərarı əsasında verilən və əmanət kitabçasını əvəz edən sənəd;

- Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi və onun notarial qaydada təsdiq olunmuş surəti;

- soyad və ad dəyişikliyi olduğu halda, həmin dəyişikliyi təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti;

- vəsait vərəsələrə ödəniləcəyi halda vərəsələrin miras əmlaka (əmanətə) hüquqları barədə sənədin notarial qaydada təsdiq edilmiş surəti və ya bu barədə müvafiq məhkəmə qərarı.

Ərizə nümunələri vətəndaşlara bankın filiallarında təqdim olunacaqdır. Eyni zamanda, yaxın vaxtlarda ərizə nümunələrinin saytda yerləşdirilməsi nəzərdə tutulur. İnternet istifadəçisi olan vətəndaşlar bu imkandan istifadə edə bilərlər. Ərizə nümunələrinin saytdan çap edilib doldurulması və digər müvafiq sənədlərlə birgə filiallara hazır formada gətirilməsi əlavə vaxt itkisini aradan qaldıracaqdır. İnanırıq ki, 2012-ci il iyunun 1-dən sonra müvafiq sənədlərin qəbulu və fərdi birdəfəlik ödəmələrin verilməsi prosesində vətəndaşların ciddi narahatlığına səbəb olan hər hansı bir problem ortaya çıxmayacaqdır. "Kapital Bank"ın malik olduğu zəngin tarixi təcrübə, geniş və müasir standartlara uyğun xidmət şəbəkəsi, maddi-texniki bazası, peşəkar kadr potensialı bu prosesin layiqincə, yüksək operativlik və şəffaflıqla həyata keçirilməsi üçün imkan yaradır.

Bir məqamı da vətəndaşlarımızın diqqətinə çatdırmaq istərdik ki, müraciətin vaxtı ilə bağlı narahatlıq keçirmək üçün heç bir səbəb yoxdur. Sənədlərin qəbulu üçün ayrılmış müddət kifayət qədər böyükdür. Yeddi ay müddətində hər kəs öz sənədlərini banka təqdim edə biləcəkdir. Sadəcə olaraq, ilk günlərdə hamının kütləvi şəkildə müraciət etməsi böyük növbələrə səbəb ola, əmanətçilər üçün də, bank üçün də müəyyən çətinliklər yarada bilər. Ona görə də fərdi birdəfəlik ödəmə üçün müraciət edəcək vətəndaşlarımızın bu amilləri nəzərə almalarını, müraciət üçün uyğun bir vaxt seçmələrini xahiş edərdik. 

Eyni zamanda, dünyasını dəyişmiş əmanətçilərin vərəsələrinə tövsiyə edərdik ki, əlavə vaxt itkisinə yol verməmək üçün indidən ərazi üzrə müvafiq notariat, yaxud məhkəmə orqanlarına müraciət etməklə vərəsələrin miras əmlaka (əmanətə) hüquqları barədə sənədi əldə etsinlər.

- Fərdi birdəfəlik ödəmələrin verilməsi bu addımın əhəmiyyətindən irəli gələrək cəmiyyətdə geniş müzakirə mövzusuna çevrilmişdir. Bu mövzuda aparılan təhlillərdə bir sıra mübahisəli məqamlar da nəzərə çarpır. Məsələn, xüsusilə əmanətçilərin sayı barədə səsləndirilən rəqəmlər arasındakı fərqlər bir çoxlarında mübahisə doğurur. "Kapital Bank"da qorunan arxiv məlumatlarına əsasən, bu kateqoriyaya aid əmanətçilərin 1992-ci il yanvarın 1-nə olan dəqiq sayı nə qədərdir?

- Məlumat üçün bildirim ki, "Azərbaycan Respublikası vətəndaşlarının keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankında olan əmanətləri haqqında" 2005-ci il 26 oktyabr tarixli sərəncamın icrası prosesində SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankında olan əmanətlərə dair arxiv məlumatları bir daha sistemləşdirilmiş, sənədlərin elektron arxivi yaradılmışdır. 2005-ci ildə 1992-ci il yanvarın 1-nə mövcud olan əmanət hesablarından 1.939 min hesabın inventarlaşdırılması aparılmışdır. Qalan 460 min əmanət hesabı ilə bağlı arxiv sənədlərində isə müəyyən qeyri-dəqiqliklər olduğundan həmin hesablara dair məlumatların birbaşa vətəndaşlar tərəfindən təqdim edilən əmanət kitabçalarındakı məlumatlarla tutuşdurma əsasında bir daha dəqiqləşdirilməsinə ehtiyac vardır.

Nəticə etibarilə, bu iki göstəricinin cəmi, 1992-ci il yanvarın 1-nə 2.399 min əmanət hesabının olduğunu söyləməyə əsas verir. Lakin onu da nəzərə almaq lazımdır ki, 2005-ci ildən, sonuncu fərmanın imzalandığı tarixə qədər olan müddətdə də müəyyən hesabların bağlanması hallarına təsadüf edilmişdir. Bütün bu amilləri nəzərə alaraq hazırda ümumi məlumatların bir daha dəqiqləşdirilməsi istiqamətində iş gedir.

- Belə fikirlər səslənir ki, eyni bir əmanətçinin müxtəlif hesablarına münasibətdə olduğu kimi, guya, bir ailənin ayrı-ayrı üzvlərinin adlarına açılmış əmanət hesablarındakı qalıqlar da ümumiləşdiriləcək və fərdi birdəfəlik ödəmə məbləği buna uyğun hesablanacaqdır. Bu, nə dərəcədə doğrudur?

- Bu fikrin heç bir hüquqi əsası yoxdur. Ailənin göstərilən tarixə əmanət hesabı qalığı olan hər bir üzvü əmanətçi statusuna malikdir. Fərmanda da qeyd edildiyi kimi, burada məhz fərdi birdəfəlik ödəmələrdən söhbət gedir. Bu isə o deməkdir ki, birdəfəlik ödəmələr hər bir əmanətçiyə fərdi qaydada hesablanaraq veriləcəkdir. Məsələn, əgər istənilən bir valideyn 1992-ci il yanvarın 1-dək öz övladlarının adına ayrı-ayrı əmanət hesabları açdırmışsa, onların hər biri fərdi əmanətçi hesab ediləcək və hər birinə fərdi birdəfəlik ödəmə veriləcəkdir.

- Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində işğal edilmiş Dağlıq Qarabağın - keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati ərazisinə aid rayonlardan olan əmanətçilərə fərdi birdəfəlik ödəmələrin verilməsi öz həllini necə tapacaqdır?   

- "Kapital Bank" bu rayonlara aid arxiv sənədlərinə malik deyildir. 1988-ci ildə məlum hadisələr başlayan zaman SSRİ Əmanət Bankının vilayət üzrə yerli idarəsi əmanət hesabları üzrə arxiv sənədlərini mərkəzə - Moskvaya təhvil verirdi. Sonrakı mərhələdə isə sənədlər, bildiyimiz qədər, Ermənistana təhvil verilirdi. Bu rayonlardan yalnız Şuşa rayon şöbəsinin arxivini Bakıya gətirmək mümkün olmuşdu. Ona görə də Şuşa rayonuna aid əmanət hesabları üzrə fərdi birdəfəlik ödəmələrin verilməsində heç bir problem olmayacaqdır. Keçmiş muxtar vilayətə aid digər rayonların əmanətçilərinə məxsus sənədlər isə qeyd etdiyimiz kimi, "Kapital Bank"da yoxdur. Lakin bu rayonlardan olan Azərbaycan Respublikasının vətəndaşlarının, əgər əmanət kitabçaları varsa, baxılması üçün müvafiq sənədlərlə Xüsusi Komissiyaya müraciət edə bilərlər.   

- Fərdi birdəfəlik ödəmələrin verilməsi prosesində saxta əmanət kitabçalarının təqdim olunması, ümumən məlumatların saxtalaşdırılması kimi mənfi halların qarşısını almaq mümkün olacaqmı?

- Bu sahədə ciddi bir problem gözləmirik. Dəqiq araşdırmaların aparılması, təqdim edilən məlumatlarla arxiv sənədlərinin müqayisəsi belə ehtimalları aradan qaldırır. Əgər müraciətlər zamanı belə hallara təsadüf edilərsə, "Kapital Bank" qanunvericiliyə uyğun olaraq hüquqi ölçü götürülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət edəcəkdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 3 aprel.- S. 9.