31 mart soyqırımı şəhidlərinin xatirəsi anılmışdır

 

Hər il olduğu kimi, Almaniyada fəaliyyət göstərən Azərbaycan cəmiyyətləri və diasporu bu il də 1918-ci il martın 31-də baş vermiş faciəni müxtəlif aksiya və tədbirlərlə yad etmişdir. Belə aksiyalardan biri də Berlindəki Azərbaycan Evi, Almaniyadakı Türk-Azərbaycan Birliyi və Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin (AAKM) birgə keçirdikləri etiraz nümayişi olmuşdur. Martın 31-də Berlinin Brandenburq Darvazası qarşısında keçirilən etiraz aksiyasının iştirakçıları Azərbaycan diasporunun birlik və həmrəyliyini nümayiş etdirmiş, Azərbaycan xalqına qarşı edilən haqsızlıqları Ermənistanın şovinistterrorçu siyasətini pisləyən şüarlar vasitəsilə alman ictimaiyyətinə bəyan etmişlər. Etiraz aksiyasında Almaniyadakı Azərbaycan cəmiyyətlərinin birgə qəbul etdiyi bəyanat və məlumatlandırıcı vərəqələr alman vətəndaşlarına və turistlərə paylanmışdır. Bəyanatda Azərbaycan cəmiyyətləri almandünya ictimaiyyətinin diqqətini 1918-ci ilin mart-aprel aylarında baş verən qanlı hadisələrə cəlb etmiş və onları Azərbaycan xalqına qarşı bu gündavam edən zorakılığa obyektiv siyasi-hüquqi qiymət verməyə çağırmışlar.

Etiraz aksiyasında Almaniyada fəaliyyət göstərən Azərbaycan cəmiyyətləri, azərbaycanlı tələbə və gənclər, Azərbaycan diasporunun təmsilçiləri, elm və mədəniyyət xadimləri iştirak etmişlər.

Həmin gün etiraz tədbirindən sonra Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzində səfirliyimizin dəstəyi ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş mərasim keçirilmişdir.

Mərasimi Koordinasiya Mərkəzinin icraçı direktoru, xanım Samira Patzer-İsmailova giriş sözü ilə açaraq anma mərasimindən əvvəl keçirilən etiraz aksiyasına dair məlumat vermiş, bu cür tədbirlərin vacibliyini vurğulamışdır. O bildirmişdir ki, belə səpkili ictimai aksiyaları keçirməkdə məqsəd 1918-ci il hadisələrinə, eləcə də Dağlıq Qarabağ münaqişəsi zəminində ermənilərin törətdikləri vəhşiliklərə alman ictimaiyyətinin diqqətini cəlb etmək və Azərbaycan ərazilərini işğal altında saxlayan ermənilərin "yazıq millət" deyil, əksinə onların irticaçı olduqlarını göstərməkdir. Mərasim iştirakçıları 1918-ci il mart soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov bildirmişdir ki, erməni millətçilərinin xalqımıza qarşı apardığı təcavüz, zorakılıq, soyqırımı uzun bir tarixə malikdir. O qeyd etmişdir ki, tariximizə yazılan kədərli günlərdən biri də 31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür. 1918-ci ilin mart-aprel aylarında erməni silahlı dəstələri Azərbaycan ərazisində minlərlə azərbaycanlını qətlə yetirmiş, bütöv kəndləri yerlə-yeksan etmiş və 10 minlərlə insanı  doğma yurd-yuvalarından didərgin salmışlar. Azərbaycanda bolşevik diktaturası qurulduqdan sonra bu qanlı hadisələr tarixin arxivinə göndərilmiş, onun əsl mahiyyəti təhrif olunmuşdur. Yalnız Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra soyqırımı hadisəsi haqqında real tarixi faktlar ictimaiyyətə açıqlanmışdır.

P.Şahbazov çıxışının sonunda tədbir iştirakçılarının diqqətini həm də son zamanlar alman mətbuatında Azərbaycana qarşı istiqamətləndirilmiş qərəzli məqalə və yazılara yönəltmişdir. O, həmin yazıların arxasında duran qərəzli qüvvələr haqqında məlumat vermişdiaspor təşkilatlarına bu cür yazı və məqalələrə reaksiya vermələrini tövsiyə etmişdir. Səfir vətəndaş məsuliyyətinə və şəhidlərimizin xatirəsinə göstərdikləri hörmətə görə etiraz aksiyasının və anım mərasiminin iştirakçılarına təşəkkürünü bildirmiş, vətəndən uzaqda yaşayan hər bir azərbaycanlını tariximizi unutmamağa çağırmışdır.

Mərasimdə Azərbaycan səfirliyinin digər məsul əməkdaşları, Almaniyada fəaliyyət göstərən Azərbaycan cəmiyyətləri, azərbaycanlı tələbə və gənclər, Azərbaycan diasporunun təmsilçiləri, elm və mədəniyyət xadimləri, eləcə də AAKM-in əməkdaşları iştirak etmişlər.

 

 

Azərbaycan.- 2012.- 3 aprel.- S. 10.