Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi mətbuat açıqlaması yaymışdır

 

 Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi (AAKM) 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Almaniyanın müxtəlif ictimai-siyasi qurumlarına, dövlət və qeyri-dövlət təşkilatlarına mətbuat açıqlaması göndərmişdir.

Mətbuat açıqlamasında 94 il əvvəl, 1918-ci il mart-aprel aylarında erməni millətçilərinin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı haqqında ətraflı məlumat verilmişqeyd edilmişdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin fərmanı ilə 1998-ci ildən 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.

Mətbuat açıqlamasında Zaqafqaziyanın sovetləşdirilməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilərin azərbaycanlılara qarşı apardıqları etnik təmizləmə və onların zaman-zaman kütləvi deportasiyası haqqında, eləcə də Qərbi Azərbaycan ərazilərində azərbaycanlıların izini itirmək məqsədilə buradakı qəbiristanlıqların, tarixi-mədəni abidələrin, dini müəssisələrin, məktəb, xəstəxana və digər binaların ermənilər tərəfindən darmadağın edilməsinə dair məlumat verilmişdir.

Mətbuat açıqlamasında, həmçinin bildirilmişdir ki, 1918-ci il mart soyqırımından 94 il keçməsinə baxmayaraq erməni millətçilərinin törətdikləri bu dəhşətlər hələ də beynəlxalq birlik tərəfindən hüquqi qiymətini almamışdır. Cəzasızlıq erməni millətçilərini Azərbaycan xalqına qarşı yeni soyqırımlar törətməyə ruhlandırmış və 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Azərbaycanın Xocalı şəhərinə hücuma keçərək dinc əhaliyə amansız divan tutmuşlar. Cəzasız qalan erməni millətçiləri Azərbaycanın Dağlıq Qarabağ bölgəsini ələ keçirmək üçün Azərbaycan xalqına qarşı əsl müharibəyə başlamış, Dağlıq Qarabağı və Azərbaycanın daha 7 rayonunu işğal etmişlər.

Beynəlxalq terrorizmə qarşı mübarizəni qarşısına məqsəd qoyan dünya ictimaiyyətindən Azərbaycan xalqına qarşı bu gündavam edən zorakılıqlara obyektiv siyasi hüquqi qiymət verməsi tələb olunmuşnüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın haqq mövqeyini dəstəkləməyə, soyqırımını dövlət siyasətinin tərkib hissəsinə çevirən Ermənistan dövlətinə sanksiyalar tətbiq etməyə, Azərbaycanın ərazi bütövlüyünün, qaçqın və məcburi köçkünlərin kütləvi şəkildə pozulmuş hüquqlarının bərpa edilməsinə biganə yanaşmamağa çağırılmışdır. Mətbuat açıqlamasının sonunda dünya ictimaiyyətinin və nüfuzlu qurumların Azərbaycan torpaqlarında sülhün və əmin-amanlığın bərqərar olunmasında bütün imkanlarını səfərbər etməklə böyük səylər göstərəcəyinə ümid edildiyi vurğulanmışdır.

Həmçinin sənəd elektron poçt vasitəsilə Almaniyadakı Azərbaycan diasporunun təmsilçilərinə göndərilmiş, AAKM-in Facebookinternet səhifəsi vasitəsilə yayımlanmışdır.

 

 

Vüqar SEYİDOV

 

Azərbaycan.- 2012.- 3 aprel.- S. 10.