Bişkekdə nəşr olunan Türkel qəzetində azərbaycanlıların soyqırımı ilə əlaqədar geniş məqalə dərc edilmişdir

 

Bişkekdə qırğız, türk, Azərbaycan və rus dillərində nəşr olunan, Orta Asiya dövlətləri, Qazaxıstan və Türkiyədə yayılan "Türkel" qəzetində AzərTAc-ın Orta Asiya və Qazaxıstan üzrə xüsusi müxbiri Qulu Kəngərlinin azərbaycanlıların soyqırımı və deportasiyası ilə əlaqədar rus dilində bir səhifəlik əhatəli məqaləsi dərc edilmişdir.

AzərTAc xəbər verir ki, yazının əvvəlində 1998-ci il martın 26-da ulu öndər Heydər Əliyev tərəfindən "Azərbaycanlıların soyqırımı haqqında" fərmanın imzalanması və bundan sonra hər il martın 31-nin Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd olunduğu oxucuların diqqətinə çatdırılır.

Məqalədə qeyd edilir ki, məhz həmin sənədin imzalanmasından sonra bu sahədə köklü işlər görülmüş, Azərbaycan, rus, ingilis dillərində onlarla kitab nəşr edilmişdir. Bu sahədə işlər hazırda daha geniş miqyasda davam etdirilir.

Qəzetdə ötən əsrin əvvəllərində İrəvan, Naxçıvan, Qarabağ və digər bölgələrdə baş vermiş hadisələr, 1905-1907-ci illərin qanlı hadisələri, 1918-1920-ci illərdə həyata keçirilmiş soyqırımları, Quba qəzasında faciə, 1948-1953-cü illərin deportasiyası, Xocalı faciəsi haqqında məlumat verilir.

Yazıda qeyd olunur ki, 1905-1907-ci illərdə Bakı, Zəngəzur, İrəvan, Naxçıvan, Ordubad, Qazax və digər ərazilərimizdə azərbaycanlılara qarşı kütləvi qırğınlar və talanlar törədilmiş, onlar doğma yurd-yuvalarından didərgin salınmışlar. Qaniçən ermənilər bu illərdə Gəncə və Qazax quberniyalarında 200, Şuşa, Cəbrayıl və Zəngəzur quberniyalarında isə 75 kəndi talan etmiş və viran qoymuşlar.

 

 

Azərbaycan.- 2012.- 3 aprel.- S. 10.