Azərbaycanın
Serbiyadakı səfirliyində 1918-ci ilin mart
soyqırımı qurbanlarının xatirəsi ehtiramla
anılmışdır
Azərbaycanın Serbiyadakı səfirliyində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı faciə qurbanlarının xatirəsini anma mərasimi keçirilmişdir.
Ölkəmizin Serbiyadakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, mərasimdə səfirliyimizin əməkdaşları, Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin və Serbiya-Azərbaycan Ticarət-İqtisadi Palatasının üzvləri, Azərbaycan icmasının üzvləri və burada təhsil alan azərbaycanlı tələbələr, Serbiya ictimaiyyətinin, KİV-lərin və Belqrad şəhərinin müsəlman icmasının nümayəndələri iştirak etmişlər.
Səfirliyin müşaviri Qabil Köçərli Azərbaycan xalqına qarşı törədilmiş soyqırımının tarixindən danışmışdır. O, tədbir iştirakçılarına ermənilər tərəfindən zaman-zaman Azərbaycan xalqına qarşı həyata keçirilmiş qanlı qırğınlar, xüsusilə 1905-1907-ci illərdə Bakı, Şuşa, Zəngəzur, İrəvan, Naxçıvan, Ordubad, Eçmiədzin, Cavanşir və Qazax bölgələrində azərbaycanlılara qarşı törədilmiş vəhşiliklər barədə ətraflı məlumat vermişdir. Bu qırğınların 1918-ci ilin mart-aprel aylarında Azərbaycanın Bakı, Şamaxı, Quba, Muğan və Qarabağ bölgələrində daha geniş xarakter alması, həmin soyqırımı aktları zamanı soydaşlarımızın xüsusi amansızlıqla qətlə yetirilməsi, on minlərlə günahsız insanın doğma yurd-yuvasından didərgin salınması diqqətə çatdırılmışdır.
Səfirliyin əməkdaşı, həmçinin erməni millətçiləri tərəfindən zaman-zaman xalqımıza qarşı yürüdülən etnik təmizləmə və soyqırımı siyasətinin bu gün də davam etdiyini vurğulayaraq ötən əsrin 80-ci illərinin sonlarında Ermənistanın Azərbaycana qarşı ərazi iddiası ilə müşayiət olunan işğalçılıq siyasətinin acı nəticələrindən danışmışdır. Bildirmişdir ki, bu zaman erməni yaraqlıları tərəfindən həyata keçirilmiş və xüsusi amansızlığı ilə seçilən vəhşiliklər, Ermənistanın ölkəmizə qarşı yürütdüyü işğalçılıq siyasəti, Xocalı soyqırımı, Azərbaycan Respublikasının digər rayonlarının işğalı mahiyyət etibarilə terrorçuluğun Ermənistanın dövlət siyasətinin tərkib hissəsi olduğunu bir daha sübut edir.
Tədbir iştirakçıları martın 31-nin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması haqqında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanının böyük tarixi əhəmiyyətini vurğulamış, bu sənədin xalqımızın milli şüurunun oyanmasında mühüm rol oynadığını qeyd etmişlər.
Azərbaycanlıların Soyqırımı
Günü ilə bağlı səfirlik tərəfindən
hazırlanmış mətbuat məlumatı Serbiyanın
dövlət və hökumət orqanlarına, parlament
üzvlərinə, qeyri-hökumət təşkilatlarına,
Belqradda fəaliyyət göstərən xarici ölkələrin
səfirliklərinə və beynəlxalq təşkilatların
nümayəndəliklərinə göndərilmişdir.
Azərbaycan.- 2012.- 3 aprel.- S. 10.