Erməni
yalanı sistemli surətdə
açılır
Azərbaycanlıların soyqırımı günü münasibəti ilə Gəncə Dövlət Universitetində şəhər icra hakimiyyətinin, aparıcı təşkilatlarının nümayəndələrinin, tarixçi alimlərin və müəllimlərin iştirakı ilə geniş tədbir keçirilmişdir.
Şəhər icra hakimiyyəti başçısının birinci müavini İlham Əliyev azərbaycanlıların soyqırımı ilə əlaqədar olaraq keçirilən tədbirlərdən və son zamanlar aşkar edilən yeni faktlardan danışdı. Qeyd edildi ki, Azərbaycan dövləti bu sahədə ardıcıl iş görərək dünyanın bir sıra ölkələrində ermənilərin iç üzlərinin açılmasına nail olmuşdur. Belə dəyərli əsərlərdən biri də Gəncə Dövlət Universitetinin professoru Həsənbala Sadıqovun "Erməni məsələsi: xəyanəti, deportasiyanı, soyqırımını və işğalı pərdələyən yalan" monoqrafiyasıdır.
Tədbirdə həmin kitabın təqdimatı olmuşdur. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu iri həcmli əsərdə ermənilərin mənşəyi və yaşamış olduqları coğrafi bölgələr, onların Azərbaycana axını, müstəqil dövlət qurmaq təşəbbüsləri, saxta tarix "yaratmaq" cəhdləri, müxtəlif cəmiyyətlər, komitələr, terror təşkilatları haqqında məlumatlar, habelə, xalq cümhuriyyəti dövründə və SSRİ dağılandan sonra Azərbaycanda erməni məsələsinin tədqiqi problemi öz əksini tapmışdır.
Kitabda ilk öncə tarixi ədəbiyyatımızda çox az tədqiq edilmiş bir problemin - erməni məsələsi: xəyanəti, deportasiyanı, soyqırımını və işğalı pərdələyən yalanların yeni mənbələrin cəlb edilməsi ilə öyrənilməsinə üstünlük verilmişdir.
Müəllif bu ağrılı mövzunu tədqiq edərkən təkcə rusdilli sənədlərdən deyil, ingilis, alman, fransız mənbələrinin orijinal nüsxəsindən, imkan olmadıqda tərcümə variantından və türkdilli mənbələrdən istifadə etmişdir.
Azərbaycan Tibb Universitetinin professoru Fəxrəddin Məmmədov, Gəncə Dövlət Universitetinin dosenti Nadir İbadov və dosent Pərvin Kərimzadə, Aqrar Universitetin dosenti Məleykə Əliyeva, Regional Elm Mərkəzinin direktor müavini, dosent Samir Pişnamazzadə erməni məsələsinin tədqiqi tarixinə aid faktlara münasibət bildirərək qeyd etdi ki, bu yeni kitab Azərbaycan tarixşünaslığında mövcud boşluğun doldurulmasında mühüm rol oynaya bilər.
Tədbirin sonunda professor H.Sadıqov "dünyanın erməni məsələsi yoxdur, azərbaycanlı məsələsi var" konsepsiyasının əsas prinsiplərini şərh etdi və bu barədə sistemli surətdə aparılan axtarışlar haqqında ətraflı məlumat verdi.
Azərbaycan.- 2012.- 3 aprel.- S. 11.