İstanbulda Suriya Xalqının Dostları Qrupunun II konfransı keçirilmişdir

 

 Türkiyənin İstanbul şəhərindəki Konqres Mərkəzində 75 ölkənin nümayəndəsi, o cümlədən 41 ölkənin xarici işlər nazirlərinin iştirakı ilə Suriya Xalqının Dostları Qrupunun II konfransı keçirilmişdir.

Tədbirdə Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarov təmsil etmişdir.

Konfransda çıxış edən Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan demişdir ki, Suriyada baş verənlərə geosiyasi maraqlar naminə göz yummaq olmaz. Bu ölkədə tezliklə atəşkəsə nail olunmalı, azad seçkilər keçirilməli, xalq öz müqəddəratını təyin etməlidir. Bunun üçün Suriya Milli Şurasına yardım göstərilməlidir.

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu isə Suriyadan qaçqın düşmüş 20 min insanın Türkiyəyə pənah gətirdiyini diqqətə çatdırmış, rəsmi Ankaranın öz sərhədində davam edən silahlı münaqişəni diqqətlə izlədiyini söyləmişdir. O demişdir ki, Tunisdə keçirilmiş birinci konfransdan sonra rəsmi Dəməşq qan tökülməsinin dayandırılması üçün heç bir addım atmamış, beynəlxalq ictimaiyyətin müraciətlərinə məhəl qoymamışdır. Bu səbəbdən, BMT və digər beynəlxalq təşkilatlar öz qəti mövqeyini ortaya qoymalıdırlar. 

Konfransda çıxış edən Suriya Milli Şurasının sədri Burhan Qalyun, Ərəb Birliyinin baş katibi Nəbi Əl Ərəbi, Qətərin Baş nazirixarici işlər naziri Şeyx Həmid Bin Casim Əl Tani bütün ölkələri Suriya üzrə BMT-nin və Ərəb Birliyinin xüsusi nümayəndəsi Kofi Annanın 6 maddəlik planını dəstəkləməyə çağırmışlar. 

Suriya Xalqının Dostları Qrupunun III konfransının Parisdə keçirilməsi planlaşdırılır.

 

 

 Oqtay BAYRAMOV

 

Azərbaycan.- 2012.- 3 aprel.- S. 11.