Bakıda Avronest
Parlament Assambleyasının ikinci sessiyasının rəsmi
açılışı olmuşdur
Azərbaycan Prezidenti İlham Əliyev
açılış mərasimində iştirak etmişdir
Aprelin 3-də Bakıda, Azərbaycan Respublikası Milli Məclisinin binasında Avronest Parlament Assambleyasının (PA) ikinci sessiyasının rəsmi açılış mərasimi olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev mərasimdə iştirak etmişdir.
Sessiyanı
Milli Məclisin Sədri Oqtay ƏSƏDOV açaraq dedi:
-
Hörmətli cənab Prezident!
Hörmətli
sessiya iştirakçıları!
Hörmətli
qonaqlar, xanımlar və cənablar!
- Avronest Parlament Assambleyasının ikinci plenar sessiyasında mən sizin hamınızı səmimi qəlbdən salamlayıram. Sessiyada iştirak edən həmkarlarıma səmərəli və uğurlu iş arzulayıram.
Avronest Parlament Assambleyasının Avropa İttifaqının hüdudlarından kənarda ilk sessiyasının Bakıda keçirilməsi parlamentimiz üçün çox tarixi bir hadisədir. İlk dəfədir ki, Azərbaycan Milli Məclisi Avropa Parlamentinin və tərəfdaş dövlətlərin bu qədər nümayəndəsini birlikdə qəbul edir. Ümidvaram ki, toplantıda aparılacaq fikir mübadiləsi, veriləcək tövsiyələr, qəbul ediləcək qərarlar təşkilatımızın məqsədlərinin həyata keçirilməsinə kömək göstərəcəkdir.
Hörmətli həmkarlar, Avronest Parlament Assambleyasının ikinci sessiyasının açılışında Azərbaycan Respublikasının Prezidenti, hörmətli cənab İlham Əliyev iştirak edir.
Çıxış üçün söz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə verilir.
Azərbaycan
Prezidenti İlham Əliyevin nitqi
- Hörmətli xanımlar və cənablar!
Hörmətli dostlar!
Mən bütün qonaqları bu gün Azərbaycanda salamlamaq istəyirəm və Avronest Parlament Assambleyasının sessiyasına uğurlar arzulayıram. Çox məmnunam ki, Avropa İttifaqının hüdudlarından kənarda ilk bu cür toplantı Azərbaycanda keçirilir və mən bu qərara görə öz tərəfdaşlarımıza çox minnətdaram. Əminəm ki, burada qəbul ediləcək qərarlar, müzakirə ediləcək mövzular çox vacib olacaqdır.
Avronest təşkilatının bəzi üzvləri Azərbaycana ilk dəfədir ki, səfər edirlər. Onlar Azərbaycanı daha yaxşı tanımaq, ölkəmizin reallıqları ilə tanış olmaq fürsətini əldə edəcəklər. Əlbəttə ki, bu sessiya birmənalı olaraq Azərbaycan ilə Avropa İttifaqı təsisatları arasında əməkdaşlıq ruhunu daha da gücləndirəcəkdir. Uzun illər ərzində bizim əməkdaşlığımız inkişaf etmişdir. Azərbaycan Avropa İttifaqı ilə müxtəlif sahələrdə əməkdaşlıq aparır. Biz artıq on ildən çoxdur ki, Avropa Şurasının üzvüyük. Fərəh hissi ilə qeyd etmək istəyirəm ki, mən Parlament Assambleyasında Azərbaycanın nümayəndə heyətinin ilk rəhbəri olmuşam.
Təbii ki, bizim gündəliyimizə gəldikdə, bir çox məsələlər mövcuddur və onlar bir çox sahələri əhatə edir. Əməkdaşlığımızın yaxşı tarixi və gələcəyi vardır. Çünki yüksək səviyyədə olan daimi təmaslarımız, yüksək səviyyədə həyata keçirilən səfərlər, parlamentarilərin səfərləri Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığı daha da gücləndirir.
Biz siyasi islahatları birgə həyata
keçiririk. Azərbaycan siyasi islahatlara sadiqdir. Biz müstəqillik
illərimiz ərzində bütün sahələrdə
böyük irəliləyişə nail olmuşuq və sabit
siyasi təsisatlar yaratmışıq. Bizim bütün təsisatlarımız
vardır. Bizim çoxpartiyalı sistemimiz mövcuddur. Bizim
çox partiyaların nümayəndələrindən ibarət
parlamentimiz, ifadə, yığıncaq
azadlıqlarımız, azad internetimiz vardır. Mən
çox şadam ki, Azərbaycanda internet istifadəçilərinin
sayı aydan-aya artır. Artıq əhalimizin 50 faizindən
çoxu məhz internet istifadəçisidir və
genişzolaqlı internetdən istifadə edir.
Gələcəkdə siyasi islahatlar birmənalı
olaraq davam edəcəkdir. Müstəqilliyimizin
bir çox illəri ərzində biz dövlətçiliyimizin,
siyasi sistemimizin əsaslarını qurduq və bu sahədə
Avropa təsisatları ilə əməkdaşlıq çox
vacibdir. Avronest formatı vacibdir. Burada keçmiş Sovet İttifaqı ölkələri
ilə Avropa İttifaqına üzv dövlətlər
arasında əməkdaşlıq qurulub və onlar vahid heyət
kimi işləyirlər. Sizin Bakıda bu
toplantınızın keçirilməsi müsbət bir
addımdır. Burada, tədbir çərçivəsində
müzakirə olunacaq məsələlər Avronest daxilində
əməkdaşlıq ruhunu daha da gücləndirəcəkdir.
Bu, nadir bir təşkilatdır.
Azərbaycanın "Şərq tərəfdaşlığı"
Proqramının üzv dövlətləri, xüsusən də,
GÜAM üzvləri ilə sıx əməkdaşlığı
və münasibətləri vardır. On ildən
artıqdır ki, biz GÜAM-ın üzvüyük və bu
təşkilata Azərbaycan, Gürcüstan, Moldova və
Ukrayna daxildir. Bu ölkələrlə
ikitərəfli və çoxtərəfli münasibətlərimiz
çox yaxşıdır. Eyni zamanda,
avropalı həmkarlarımızla apardığımız əməkdaşlıq
çox mühüm bir mühit yaradır. Əminəm ki, Avropa İttifaqının
hüdudlarından kənarda keçirilən bu sessiya
çox yaxşı əməkdaşlıq ruhu yaradacaqdır.
Biz birgə əməkdaşlıq
üçün mühüm şəraitləri
yaradacağıq. Əminəm ki, həmçinin
sessiya iştirakçıları da Azərbaycanı daha
yaxşı tanımaq fürsətini əldə edəcəklər.
Yəni, on dəfə eşitməkdənsə
bir dəfə görmək yaxşıdır. Siz Azərbaycanın
reallığını, Azərbaycanın necə dəyişdiyini,
islahatları, qarşımızda duran
çağırışları, Azərbaycan xalqının
arzu və istəkləri, ümumiyyətlə, gələcək
planlarımızla tanış
olacaqsınız.
Müstəqilliyimizin 20 illik dövrünə gəldikdə,
ilk illəri istisna edərək Azərbaycanın ümumiyyətlə,
inkişafı yaxşı olmuşdur. İlk illərdə
xaos mövcud idi və ölkədə vəziyyət
çox ağır idi. Amma biz bilirdik ki,
düzgün yoldayıq. Biz ölkəmizi
keçmiş sovet-kommunist ölkəsindən müasir cəmiyyətli
ölkəyə çevirə bildik və gələcək
planlarımız da aydın şəkildə müəyyən
edildi. Təbii ki, siyasi sahədə
aparılan islahatlar iqtisadi islahatlarla dəstəklənməlidir.
Biz bu islahatları hazırda paralel şəkildə
aparırıq.
Çünki keçmişdə imperiyaların bir hissəsi
olan, totalitarizm şəraitində yaşayan ölkəni
möhkəm iqtisadi zəmin olmadan azad və müasir cəmiyyətə
çevirmək mümkün deyildi. Buna görə həmin
vaxtlar bizim çox ağır siyasi-iqtisadi və maliyyə
böhranımız var idi. İqtisadiyyat
dayanıqlı deyildi. XIX əsrdə
dünyada birinci olaraq neft çıxaran ölkədə - Azərbaycanda
hasilat aşağı düşürdü. Bu ağır ssenarinin qarşısının
alınması üçün bizə vasitə lazım idi.
Biz Azərbaycan xalqının güclü iradəsi
və cəsarəti ilə ölkəmizi dəyişdirə
bildik və gələcək üçün
planlarımız tam aydın oldu. Artıq
qeyd etdiyim kimi, siyasi sistem quruldu və iqtisadi islahatlar həyata
keçirilməyə başlandı.
Bu islahatlar davam edir və davam edəcəkdir. Biz
iqtisadiyyatımızın şaxələndirilməsinə
nail ola bildik və möhkəm iqtisadi əsaslar
yaratdıq. Son 8 il ərzində
iqtisadiyyatımız üç dəfə, ümumi daxili məhsul
300 faiz artmışdır. Bu, əslində, ən
azı, region tarixində rekord göstəricidir. Eyni zamanda, biz yoxsulluğu azalda bildik. Bu da vacibdir. Çünki
ümumi daxili məhsulun artımı məhz o vaxt uğur
hesab edilə bilər ki, sərvətlər düzgün
şəkildə bölüşdürülsün.
İqtisadi və sosial sahəyə gəldikdə
yoxsulluğun, işsizliyin azaldılması bizim ilk məqsədlərimiz
oldu. Biz son 8 il ərzində
yoxsulluğu 49 faizdən 7,6 faizə qədər endirə
bildik. Səkkiz il ərzində Azərbaycanda
1 milyondan artıq iş yeri açılmışdır.
Hazırda işsizliyin səviyyəsi ölkəmizdə 5,3 faiz təşkil edir.
Ölkəmizin
iqtisadiyyatına çoxmilyardlıq sərmayələr yatırılmışdır.
Biz açıq qapı siyasətini həyata
keçiririk. Biz qapılarımızı
dostlarımız və sərmayədarlar üçün
geniş şəkildə açdıq. Keçmiş
Sovet İttifaqı məkanında Azərbaycan
adambaşına düşən birbaşa xarici sərmayələrin
həcminə görə ilk yeri tutur. Yalnız ötən
il iqtisadiyyatımıza 21 milyard dollardan
artıq sərmayə qoyulmuşdur və həmin sərmayələrin
təxminən 30 faizi xarici sərmayələrdir. Bu, onu göstərir ki, xarici sərmayədarların
Azərbaycana böyük marağı vardır. İndi mən çox məmnunam ki, biz enerji
sektoruna deyil, daha çox qeyri-enerji sektoruna sərmayələrin
qoyuluşunun şahidiyik. Bu, bizim şaxələndirmə
siyasətimizin nəticəsidir. Biz nəhəng
təbii sərvətlərimizdən xalqımızın,
ölkəmizin rifahı üçün istifadə edirik və
öz iqtisadiyyatımızı şaxələndiririk.
Əgər ötən ilin statistik göstəricilərinə
baxsaq görərik ki, ümumi daxili məhsul çox
artmamışdır. Lakin bu ümumi daxili məhsul qeyri-neft və
qaz sektorunda 10 faiz təşkil etmişdir.
Bizim növbəti onilliklərlə də bağlı
planlarımız olduqca aydındır. Onlar artıq bir neçə ay bundan əvvəl
tərəfimdən açıqlanmışdır. Biz qarşıdakı on ildə ümumi daxili məhsulumuzu
iki dəfə artırmağı planlaşdırırıq.
Başqa sözlə desək, artıq üç
dəfə artmış ümumi daxili məhsulumuzu gələn
illərdə iki dəfə də artıracağıq.
Beləliklə, Azərbaycan yüksək gəlirli
ölkəyə çevriləcəkdir. Bu,
bizim məqsədimizdir. Bizim məqsədimiz
inkişaf etmiş ölkəyə çevrilməkdir. Düşünürəm ki, bunu həyata
keçirmək üçün bütün
imkanlarımız vardır. Bizim sabit siyasi
sistemimiz vardır, cəmiyyətimiz ölkəmizin hansı
yollarla inkişaf etməsini aydın şəkildə
anlayır. Bizim güclü
iqtisadiyyatımız mövcuddur. Bizim sabit
sosial siyasətimiz, təbii sərvətlərimiz, müasir
infrastrukturlarımız, əlverişli coğrafi
mövqeyimiz, peşəkar insanlarımız və savadlı
gənclərimiz vardır. Buna görə
də bizim inkişaf etmiş ölkəyə çevrilmək
imkanlarımızdan istifadə etməməyə
haqqımız yoxdur.
Avropa təsisatları ilə əməkdaşlıq
planlarımız bizim üçün mühüm əhəmiyyət
kəsb edir.
Cünki fikrimcə, Avropa İttifaqının timsalı müasir dünyanın ən
yaxşı nümunələrindən biridir, ola bilsin, hətta
ən yaxşı nümunədir. Onlarda siyasi
azadlıqlar iqtisadi azadlıqlarla bir araya gəlir. Tərəqqini görürük. Biz bəzi Avropa ölkələrində maliyyə
böhranı ilə bağlı problemlərə baxmayaraq
bilirik ki, bu böhran müvəqqəti xarakter
daşıyır və əminəm ki, bu, yaxın zamanlarda həllini
tapacaqdır. Biz isə Azərbaycanda
öz növbəmizdə ürəkdən
çalışırıq ki, ölkəmizi daha da gücləndirək.
Qeyd etdiyim kimi, iqtisadi islahatlar artıq öz
yaxşı nəticəsini verib.
Bizim gələcəklə bağlı
planlarımız aparıcı beynəlxalq maliyyə təsisatları
tərəfindən dəstəklənir və həyata
keçirdiyimiz işlər yüksək qiymətləndirilir. Davos Dünya
İqtisadi Forumu MDB ölkələri arasında bizim
iqtisadiyyata rəqabət qabiliyyətinə görə birinci
yeri verir. "Standart&Poors" reytinq
agentliyi bu yaxınlarda bizim kredit reytinqimizi daha da
yaxşılaşdırmışdır və sizin də
bildiyiniz kimi, bu, son vaxtlarda bir o qədər də çox
rast gəlinən hal deyildir. İqtisadi sahədə
gördüyümüz işlər müvafiq beynəlxalq
maliyyə təşkilatları tərəfindən qeyd olunur
və dəstəklənir. Buna görə
də biz gələcəyimizlə bağlı çox
nikbinik. Biz qarşıya qoyduğumuz məqsədləri
və onlara necə nail olmağı bilirik. Bizim bunu həyata keçirmək
üçün siyasi iradəmiz
və maliyyə imkanlarımız vardır.
Biz tam şəkildə bazar
iqtisadiyyatına sadiqik.
Sovet İttifaqı süqut etdikdən sonra, ümumiyyətlə,
bu bazar iqtisadiyyatının ümumi daxili məhsuldakı
payı sıfır dərəcəsində idi. İndi isə
bu, 83 faiz təşkil edir. Əslində,
bu, bizim enerji resursları kimi strateji imkanlarımıza əlavə
olaraq, geniş özəlləşdirmə siyasətinin həyata
keçirilməsində və özəl sektorun
yaradılmasında vacib amil oldu. Biz həmçinin
qeyri-enerji sektorunun inkişafını da stimullaşdırdıq.
Lakin bazar iqtisadiyyatına güclü şəkildə
sadiq olaraq, biz sosial ədaləti də yaddan
çıxarmalı deyilik. Bəzi hallarda
bazar iqtisadiyyatının prinsipləri məhz hökumətdən,
dövlətdən yardım gözləyən təbəqələrə
bir çox çətinliklər yaradır. Buna görə
sosial məsələlər gündəliyimizdə vacib yer
tutur. Biz müxtəlif çoxsaylı sosial
proqramları həyata keçirmişik. Əslində,
yoxsulluq səviyyəsindən aşağı olan vətəndaşların
sayı azalır və ildən-ilə bu say daha da
aşağı düşür. Azərbaycanda
hələ də dövlətin dəstəyinə
ehtiyacı olan insanların sayı 7 faizdir. Yarım milyondan artıq vətəndaşımız
aylıq əsaslarla maliyyə dəstəyini dövlətimizdən
alır. Eyni zamanda, biz olduqca müasir
pensiya islahatları həyata keçiririk. Hazırda bu sahədə orta göstərici orta əməkhaqqının
40 faizini təşkil edir. Bu da, zənnimcə,
Avropa meyarlarına çox yaxındır.
Ümumiyyətlə, fiskal və büdcə siyasətimizdə,
zənnimcə, Avropa İttifaqında olan meyarlar Azərbaycanda
təmin edilir.
Bizim demək olar ki, büdcə kəsirimiz
yoxdur. Xarici borcumuz ümumi daxili məhsulun
təxminən 7 faizini təşkil edir. Bu,
olduqca çox yaxşı göstəricidir. Biz, eyni zamanda, çalışırıq ki,
inkişaf etmiş Avropa ölkələrinin təcrübəsindən
istifadə edək. Biz müasir sosial
infrastruktur yaradırıq. Son bir neçə il ərzində
Azərbaycanda iki
mindən artıq orta məktəb tikilmişdir. Təkcə
bu il 400-dən artıq məktəb bərpa
və inşa ediləcəkdir. Ölkə
üzrə 400-dən artıq yeni xəstəxana və 34
olimpiya idman mərkəzi yaradılıb.
Bizim
sosial və siyasi
problemlərimizdən biri
Ermənistanın təcavüzü və
işğalından əziyyət çəkən qaçqınların və məcburi
köçkünlərin problemidir. Bu
işğal nəticəsində bir milyondan artıq azərbaycanlı
qaçqın və məcburi köçkün vəziyyətinə
düşmüşdür. Təxminən
50 min azərbaycanlı Dağlıq Qarabağdan
qovulmuşdur. 700 mindən artıq insan Azərbaycanın
Dağlıq Qarabağ ətrafındakı 7 rayonundan
qovulmuşdur. 250 min azərbaycanlı isə
etnik təmizlənməyə məruz qalaraq Ermənistandan
çıxarılmışdır. Ümumi olaraq, bir milyon insan
qaçqın və məcburi köçkündür. Bu rəqəm 1994-ci ilin göstəricisidir. Təxminən
20 il keçir və Azərbaycanda müsbət
demoqrafik vəziyyəti götürsək, onlar hazırda bir
milyondan çoxdur. Təbii ki, bu, böyük
siyasi, iqtisadi və sosial yükdür. Bu
insanların öz yurdlarına qayıtmaq hüququ vardır.
Təxminən 20 ildir ki, bizim beynəlxalq səviyyədə
tanınmış ərazilərimiz ermənilərin
işğalı altındadır. Bu təcavüz
və etnik təmizləmə siyasəti nəticəsində
torpaqlarımızın 20 faizi işğal altındadır.
Artıq qeyd etdiyim kimi, bir milyondan artıq vətəndaşımız
qaçqın və məcburi köçkündür.
Beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı çoxsaylı qərarlar qəbul etmişlər.
BMT Təhlükəsizlik Şurası Ermənistanın
işğalçı qüvvələrinin Azərbaycan
torpaqlarından dərhal və qeyd-şərtsiz
çıxarılmasını tələb edən dörd qətnamə
qəbul etmişdir. Avropa Parlamenti və
Avropa Şurası da bu cür qətnamələr qəbul
etmişdir. ATƏT-in zirvə
görüşlərində və digər beynəlxalq təşkilatlarda
oxşar qərarlar qəbul edilmişdir. Lakin
əfsuslar olsun ki, Ermənistan rəhbərliyi həmin qərarlara
məhəl qoymur və bu qətnamələri yerinə
yetirmir, Azərbaycanın beynəlxalq səviyyədə
tanınmış ərazilərini işğal altında
saxlamaqda davam edir.
Dağlıq Qarabağ Azərbaycanın tarixi
torpağıdır. Biz tarixi yaxşı bilirik. Bilirik ki, ermənilərin Dağlıq Qarabağa
kütləvi şəkildə köçürülməsi
XIX əsrdə başlamışdır. Bu
bölgə Azərbaycanın tarixi hissəsidir. "Qarabağ" sözü elə bizim
sözdür. Erməni dilində bunun
heç bir mənası yoxdur. Tarixi
baxımdan tamamilə aydındır ki, bu məsələ belədir.
Hüquqi baxımdan Dağlıq Qarabağ Azərbaycanın
ayrılmaz hissəsidir. Azərbaycan BMT-yə
Dağlıq Qarabağla birgə üzv olmuşdur. Azərbaycanın ərazi bütövlüyü
beynəlxalq ictimaiyyət tərəfindən tanınır.
Bu isə mövqeyimizi daha da möhkəmləndirir.
Tarixi və hüquqi baxımdan tamamilə
aydındır ki, bu məsələ belədir. Beləliklə, biz danışıqların mahiyyətinə
gəlirik. Əfsuslar olsun ki, artıq 20 ildir hətta dəqiq
olsaq, iyirmi il və bir həftə öncə
ATƏT-in Minsk qrupu yaradılıb. Bu təşkilat
münaqişənin nizamlanması məqsədilə
yaradılmışdır. Əfsuslar olsun ki, iyirmi il ötüb və bu münaqişə həll
olunmayıb. Torpaqlarımız hələ də
işğal altındadır. Dağlıq
Qarabağla qonşu olan rayonlar da dağıntılara məruz
qalıb. Şəhərlərimiz yerlə
yeksan edilib, məscidlərimiz, əcdadlarımızın qəbiristanlıqları
dağıdılıb.
Bütün bunlar məhz ATƏT-in qiymətləndirmələrində
və hesabatlarında əks olunub. İki dəfə ATƏT
öz heyətlərini göndərib. Birinci
dəfə faktaraşdırıcı, ikinci dəfə isə
sahədə qiymətləndirmə missiyası olub. Həmin dağıntılar hesabatda aydın şəkildə
qeyd edilib. Orada Ermənistanın
işğalçı qüvvələrinin yerli və dinc əhaliyə
qarşı etdiyi hərəkətlər öz əksini
tapıb. İyirmi il öncə biz
müasir tariximizdə ən faciəli anları yaşadıq
- Xocalı soyqırımı. Xocalı şəhərinin
613 dinc sakini, o cümlədən 106 qadın və 63 uşaq
ermənilər tərəfindən qətlə yetirilmiş,
100-dən artıq vətəndaşımız itkin
düşmüşdür. Xocalı
soyqırımı barbarlıq aktı və faşizm təcəssümüdür.
Bu, XX əsrin sonunda baş verən ən
böyük faciədir. Bu gün müxtəlif
ölkələrin parlamentləri bu məsələni
müzakirə edir. İki parlamentdə
Xocalı faciəsi məhz soyqırımı aktı kimi qeyd
edilibdir. Əminəm ki, bu məsələ
həmçinin digər parlamentlərin qərarlarında da
öz əksini tapacaqdır.
Dağlıq Qarabağ münaqişəsinin həlli
çox aydın görünür. Azərbaycanın beynəlxalq
səviyyədə tanınan ərazi bütövlüyü
bərpa olunmalıdır. Ermənistanın
işğalçı qüvvələri işğal
olunmuş ərazilərdən çıxmalıdır.
BMT-nin Təhlükəsizlik Şurasının
qəbul etdiyi 4 qətnamə yerinə yetirilməlidir. Bu gün Dağlıq Qarabağdakı insanlar və
Dağlıq Qarabağdan qovulmuş şəxslər öz
yerlərinə qayıtmalı, sülh, dostluq və əməkdaşlıq
şəraitində yaşamalıdırlar. Azərbaycanda çoxmillətli və
çoxkonfessiyalı cəmiyyət mövcuddur. Bizim
tariximizdə heç vaxt milli və dini zəmində toqquşma və
münaqişə olmayıb. Biz müxtəlifliyimizdən
fərəhlənirik və fərəh hissi ilə qeyd edirik
ki, bir çox millətlərin nümayəndələri
ölkəmizdə bir ailə kimi yaşayırlar. Əslində, bu, çox vacibdir və Azərbaycanın
vacib dəyəridir. Bu fakt həmçinin
beynəlxalq təşkilatların hesabatlarında əksini
tapmışdır. Dinlərarası
dialoqa həsr olunmuş beynəlxalq tədbirlərin
keçirildiyi yerin məhz Azərbaycan olması təsadüfi
deyildir. Biz multikulturalizmlə bağlı
çox mühüm beynəlxalq forumlar keçirmişik.
Hesab edirəm ki, bu nümunədən həmçinin
digər ölkələrdə istifadə edilə bilər.
O ölkələrdə ki, orada müxtəlif millətlərin
nümayəndələri yaşayır və bir araya gəlir.
Bəzi ölkələrdə siyasətçilərin
bəyanatlarında deyilir ki, çöxmədəniyyətlilik
artıq ölüb, mövcud deyildir. Bu bəyanatlar
çox təhlükəlidir. Biz bundan
çox narahatıq. Çünki əslində
multikulturalizmin alternativi yoxdur. Multikulturalizmə
alternativ özünü təcridetmə, ksenofobiya və dini,
milli zəmində toqquşma deməkdir. Buna görə
də Azərbaycanın və eyni vəziyyətdə olan bir
çox digər ölkələrin nümunəsi əsasında
sübuta yetirmək vacibdir ki, biz çoxmədəniyyətli
ölkədə və dünyada yaşamalıyıq.
Əgər biz Azərbaycan haqqında
danışırıqsa, digər iki sahəni də yaddan
çıxarmamalıyıq. Bu, enerji və
daşınma siyasətidir. Bu sahələrdə
bizim çox aydın siyasətimiz vardır. Bu cür təşəbbüslərimiz çox
müsbət regional mühit yaradır. Biz
bir çox layihələrin icrasına
başlamışıq. Bu layihələr
olduqca müsbət əməkdaşlıq formatı
yaradır. Biz çalışırıq
ki, coğrafi mövqeyimizdən maksimum dərəcədə
istifadə edək. Biz Avropa ilə Asiya
arasında yerləşən ölkəyik. Müasir logistika və daşıma infrastrukturumuzu
yaratmışıq. Bu günə nəzərdə
tutduğumuz planlar həyata keçirilib. Hazırda
Azərbaycanda 5 beynəlxalq hava limanı vardır. Xəzər dənizinin sahilində ən
böyük limanı tikməkdəyik. Bir-iki
ildən sonra bu liman istismara veriləcəkdir.
Eyni zamanda, bizi qonşu ölkələrlə birləşdirəcək
magistral yollar çəkirik. Azərbaycanı,
Gürcüstanı və Türkiyəni dəmir yolları
ilə birləşdirəcək strateji layihəni həyata
keçirməkdəyik. Bu, Bakı-Tbilisi-Qars layihəsi
adlanır və ümid edirik ki, bir ildən az
müddətdə bunun istismara verilməsini qeyd edəcəyik.
Bu, bizim nəinki daşıma
imkanlarımızdan maksimal dərəcədə istifadə
etmək, həmçinin tərəfdaşlarımız
üçün əlverişli logistika şəraiti
yaradacaqdır. Biz bunu bir növ müasir
İpək yolu adlandırırıq. Bu,
Asiyanı Avropa ilə birləşdirir. Əminəm
ki, dostlarımız və tərəfdaşlarımız
bundan istifadə edəcəklər. Bir
daha qeyd etmək istəyirəm ki, Azərbaycan bu layihələrin
başında dayanıbdır və üzərinə əsas
yükü və maksimal dərəcədə böyük
maliyyə öhdəliklərini götürüb. Bu layihə fəal şəkildə həyata
keçirilir.
Enerji siyasətinə gəlincə, tamamilə
aydındır ki, biz bu istiqamətdə siyasətimizi milli
maraqlarımıza uyğun həyata keçiririk. Artıq qeyd
etdiyim kimi, Azərbaycan tarixdə ilk dəfə neft hasil edən
ölkədir. Biz, eyni zamanda, dünyada dənizdə
neft hasil edən ilk ölkəyik. Lakin əfsuslar
olsun ki, Sovetlər İttifaqı süquta uğrayandan sonra
bizim əsas neft ehtiyatlarımız tükənmişdi.
Qaz sahəsində isə özümüzü
təmin etmirdik. Bu, sovet vaxtlarından qalan
bir miras idi. Ürəkdən
çalışmalı idik ki, əsas xarici şirkətləri
dəvət edək və bir çox ölkələrdə
uzun illərdən bəri mövcud olan tərəfdaşlıq
formatını quraq. Bu, nəinki milli
maraqlarımızı qorumağa və təmin etməyə
imkan yaratdı, həmçinin Azərbaycanı enerji
qıtlığı ilə üzləşən ölkədən
müvafiq yardım edən, regionda mühüm neft və qaz təminatçısı
olan ölkəyə çevirdi. Bu gün
bəzi Avropa ölkələrində neftimizin həcmi enerji
balansının təxminən 30 faizini təşkil edir.
Biz Azərbaycanın hüdudlarından kənarda
fəal şəkildə sərmayələr
yatırırıq. Bu gün milyardlarla
dollar həcmində sərmayə qoyulur, xüsusilə də,
Avropada və təbii ki, regionda. Buna
görə də uğurlu siyasət, neft və qaz boru kəmərlərinin
tikintisi nəticəsində biz bir dəhliz yarada bildik. Biz Xəzər dənizini Qara dənizlə və
ilk dəfə olaraq, Aralıq dənizi ilə boru kəmərlərimizlə
birləşdirə bildik. Biz öz
infrastrukturumuzun Xəzərin digər sahilindəki qonşular
tərəfindən istifadəsinə imkanlar yaratdıq.
Onlar öz neftini Azərbaycandan nəql edir və
beləliklə, biz artıq tranzit ölkəyə
çevrilmişik.
Biz son altı
il ərzində çox böyük səylər
göstərdik ki, qazdan asılı olan ölkədən
özünü təmin edən, öz sərvətlərini
ixrac edən ölkəyə çevrilək. Bu,
xalqımızın səyləri nəticəsində, öz
resurslarımız əsasında baş verdi.
Hazırda biz təbii qazı qonşu ölkələrə
ixrac edirik. Əslində, bu mühüm
layihələri həyata keçirməklə biz Avropada
etibarlı qaz təminatçısına çevrilməkdəyik.
Ehtiyatlarımız böyükdür. Azərbaycanın
təsdiq edilmiş qaz ehtiyatları 2,6
trilyon kubmetrdir. Əlbəttə, bu, hələ
təsdiq edilmiş ehtiyatların göstəricisidir. Kəşfiyyat işlərini bundan sonra da davam etdirəcək
və yeni ehtiyatları aşkara çıxaracağıq.
Bizim artıq dörd qaz boru kəmərimiz
vardır və dediyim kimi, onlar müxtəlif istiqamətlərdə
ixraca imkan yaradır. Biz şaxələndirmə
siyasətimizi tam şəkildə həyata keçirmişik.
Çünki şaxələndirmə, nəinki
istehlakçılar, həmçinin hasilatçılar
üçün də vacibdir. Xüsusən
də, burada açıq dənizə
çıxışları olmayan hasilatçılar nəzərdə
tutulur. Hazırda "Cənub" qaz dəhlizini
reallaşdırmaq üçün Avropa İttifaqı ilə
sıx surətdə çalışırıq. Ötən
il biz "Cənub" qaz dəhlizi
haqqında mühüm birgə bəyannamə imzaladıq. Orada Azərbaycan Avropanın mühüm qaz təchizatçılarından
biri və "Cənub" qaz dəhlizinin başında duran
ölkə kimi təsvir olunur.
Bütün bunlar milli maraqlarımıza xidmət edir. Biz kifayət
dərəcədə maliyyə imkanlarına malik olan ölkəyə
çevrilmişik. Çünki əvvəllər biz
maliyyə resurslarını alan ölkə
idik. İndi isə artıq donor ölkəyə
çevrilirik. Gələn illər ərzində
maliyyə vəsaitlərimiz yalnız artacaqdır.
Biz bilirik ki, istehsalatımız hansı sahələrdən
ibarətdir.
Biz özümüz də bir neçə il
əvvəl istehlakçı idik. Bilirik ki,
istehlakçı bir mənbədən asılı olanda bu, o
qədər də yaxşı olmur. Bilirdik
ki, bir ixrac marşrutundan asılı olmaq kifayət deyildir.
Ona görə bir neçə neft və qaz kəməri
tikdik. Şaxələndirmə rəqabət,
yaxşı əməkdaşlıq mühiti, rahatlıq və
həmçinin siyasi münasibətlər imkanı
yaradır. Enerji siyasətimizin
mühüm elementinə gəldikdə, bu, ondan ibarətdir
ki, biz öz enerji potensialımızı, bu potensialı da
bilirik, heç vaxt biznesdən fərqlənən məqsədlərə
istifadə etmərik. Zənnimcə, bu,
çox vacibdir. Çünki enerji təhlükəsizliyi
ölkələrin milli təhlükəsizliyinin mühüm
amilinə çevrilib. Bu, xüsusən də,
o ölkələrə aiddir ki, kifayət qədər enerji
resursları yoxdur və onlar bir təchizatçıdan
asılıdır. Ona görə hesab
edirik ki, tranzit ölkələrin, hasilatçıların
maraqlarının tarazlığı nəzərə
alınmalıdır. Biz bu istiqamətdə
işləyirik. Bu, enerji sahəsində
siyasətimizin, əgər belə demək olarsa, fəlsəfəmizin
əsasını təşkil edir. Biz tərəfdaşlarımıza
təchizatı təmin etmək və
apardığımız əməkdaşlıqdan təzyiq
göstərmək deyil, bəhrə gətirmək məqsədini
qarşımıza qoyuruq. Hesab edirəm
ki, istehlakçılarımız dediklərimizi təsdiqləyə
bilər. Azərbaycan etibarlı tərəfdaşdır.
Biz enerji şirkətlərinin özəlləşdirilməsinə,
o cümlədən Avropada bu işdə iştirak etməyə
dəvət olunuruq. Neft şirkətimizin də çox
yaxşı nüfuzu və potensialı vardır. Əlbəttə ki, biz daha yaxşı tərəfdaşlıq
qurmağa çalışacağıq. Buna
görə yeni əhatəli enerji siyasətini irəliyə
doğru aparırıq. Bu, dostluq və
qarşılıqlı dəstəyə əsaslanan bir siyasətdir.
Fikrimcə, əgər biz bunun öhdəsindən
gələriksə, gələcəkdə enerji bazarları
daha da proqnozlaşdırıla biləcəkdir.
Azərbaycan artıq öz təşəbbüsləri
və layihələri ilə regionda enerji xəritəsini dəyişibdir
və Avropanın enerji xəritəsini dəyişir. Azərbaycan sabit, dost və
etibarlı tərəfdaşdır. Əlbəttə
ki, bizim Avropa İttifaqı ilə apardığımız əhatəli
əməkdaşlığın bir hissəsi olan enerji sahəsi
çox vacibdir. Nəinki bu, digər məsələlər
də vardır.
Mən dünən Avronest qrupunun liderləri ilə
görüşdüm. Biz mühüm məsələləri
müzakirə etdik. Müzakirə
mövzularından biri də ondan ibarət idi ki, Azərbaycan
yalnız neft və qaz ölkəsi deyildir. Səfəriniz bunu təsdiqləyəcəkdir və
siz bunu görəcəksiniz. Mən bunu dünən
dostlarımıza dedim ki, biz gündəlik həyatımızı
sürürük. Biz istəmirik ki, daimi olaraq
neft və qaz haqqında danışaq. Neft
və qaz yataqları sahildən uzaq məsafələrdə
yerləşir. İndi isə
hazırkı günümüz haqqında söhbət
aparmalıyıq. Avropalı
dostlarımız, adətən, Azərbaycan haqqında neft və
qaz ölkəsi kimi danışırlar. Bu
da təbiidir. Biz bunu dəyişməliyik.
Ancaq necə? Əməkdaşlıq yolu
ilə! Bunun üçün insanları dəvət
etməliyik, təmaslar qurmalıyıq, qarşımızda
duran mühüm məsələləri müzakirə etməliyik.
Biz həmçinin özümüz
üçün müəyyən etməliyik ki, güclü
tərəfdaşlığımızı hansı yolla daha
da inkişaf etdirək.
Nəticə olaraq bildirmək istəyirəm ki, xarici
siyasət prioritetlərimizə gəldikdə, maraqlı dairələr
məhz müşahidə edə bilərlər ki, biz
dostlarımız və tərəfdaşlarımızla necə
əməkdaşlıq aparırıq? Azərbaycanın
rolu beynəlxalq səhnədə nədən ibarətdir?
Regiondakı rolumuza gəldikdə tamamilə
aydındır ki, təşəbbüslərimiz regional və
qlobal layihələrə çevrilib. Coğrafi
mövqeyimiz, imkanlarımız, iqtisadi vəziyyətimiz
göstərir ki, istər iqtisadi, istər siyasi, istər
enerji sahəsi olsun, Azərbaycanın iştirakı olmadan bu
layihələrin heç biri uğurla həyata keçirilə
bilməz.
Bu gün Azərbaycan beynəlxalq səviyyədə
get-gedə daha mühüm rol oynayır. Bizim
dünyada çox yaxşı nüfuzumuz, çox
güclü dəstəyimiz vardır. Biz
çox ürəkdən çalışırıq və
bundan sonra da çalışacağıq ki, mümkün qədər
çox ölkə ilə dostluq mühiti yaradaq. Hesab edirəm ki, səylərimiz, uzun illər ərzində
gördüyümüz işlər məhz beynəlxalq
ictimaiyyətin namizədliyimizin lehinə səsvermə
zamanı nümayiş etdirildi. Elə
ondan bir həftə sonra biz müstəqilliyimizin bərpasının
iyirminci ildönümünü qeyd etdik. Azərbaycan
BMT Təhlükəsizlik Şurasının yeni üzvü
oldu. Bu, sadə rəqabət deyildi. Lakin ədalətli oldu. 155 ölkə namizədliyimizin
lehinə səs verdi, bizi dəstəklədi,
onlar bizə inandı və Azərbaycanı etibarlı dost və
tərəfdaş bildi.
Bu, bizim gördüyümüz işlərə
münasibət idi. Deyə bilərəm ki, bu, bizim geniş əlaqələrimizin
nəticəsində mümkün olmuşdur. Həmin 155 ölkə ilə bizim çox sıx əlaqələrimiz
mövcuddur. Bütün bunlar bizə
yüksək etimadın və inamın göstəricisidir.
Təbii ki, bu, həmçinin böyük bir məsuliyyətdir. Biz bundan
çox fərəhlənirik. İyirmi il
müstəqil olduqdan sonra biz artıq BMT Təhlükəsizlik
Şurasının 10 qeyri-daimi üzvündən biriyik. Bu da ölkəmizin apardığı siyasətin nəticəsidir.
Bu, eyni zamanda, qarşımızda yeni bir məsuliyyət
qoyur. Biz tamamilə anlayırıq ki, tərəfdaşlarımızla
birgə işləyərək beynəlxalq gündəlikdə
mühüm məsələləri müzakirə etməliyik.
Əlbəttə ki, Azərbaycan etibarlı dost ölkədir
və ədalət, demokratiya, insan haqları
ideallarını, beynəlxalq hüququ qoruyacaqdır. Təhlükəsizlik Şurasına seçildikdən
sonra mən bəyanat verdim ki, biz beynəlxalq hüququ və ədaləti
dəstəkləyəcəyik. Biz bunu
etmişik və edəcəyik.
Əminəm
ki, Avronest sessiyası çərçivəsində biz
bir-birimizlə daha yaxından tanış
olacağıq, Azərbaycanı daha yaxşı
tanıyacaqsınız.
Mən sizin hamınıza uğurlar arzulayıram. Ümidvaram
ki, ölkənizə xoş təəssüratlarla gedəcəksiniz.
Çox sağ olun.
* * *
Sessiyanın rəsmi açılış mərasimi
Avropa Parlamentinin sədri Martin Şultsun videomüraciətinin
səsləndirilməsi ilə başa çatdı.
* * *
Sonra sessiya öz işini müzakirələrlə davam
etdirdi.
AzərTAc
Azərbaycan.- 2012.- 4 aprel.- S. 1; 2.