Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul etmişdir

 

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovu qəbul etmişdir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda keçirdiyi görüşlər zamanı ikitərəfli münasibətlərimizin genişləndirilməsi ilə bağlı bir sıra məsələləri müzakirə etdiklərini vurğuladı.  Ölkələrimizin bütün strukturları  arasında yaxşı əməkdaşlıq əlaqələrinin olduğunu deyən Rusiyanın xarici işlər naziri bu əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsindən məmnunluğunu bildirdi. Sergey Lavrov ölkəsinin Azərbaycan ilə mövcud əlaqələrinin daha da dərinləşdirilməsində maraqlı olduğunu dedi.

Prezident İlham Əliyev Azərbaycan ilə Rusiya arasında ikitərəfli əlaqələrin mehriban qonşuluq prinsiplərinə əsaslandığını və strateji xarakter daşıdığını dedi. Ölkələrimizin bütün strukturları arasında yaxşı əlaqələrin mövcud olmasından məmnunluğunu bildirən dövlətimizin başçısı iqtisadi, siyasihumanitar sahələrdə qarşılıqlı fəaliyyətin önəmini qeyd etdi. Prezident İlham Əliyev ötən il ölkələrimiz arasında siyasi sahədə əməkdaşlığın daha da möhkəmləndiyini, ticarət dövriyyəsinin artdığını, Azərbaycan ilə  Rusiyanın ayrı-ayrı subyektləri arasında əlaqələrin intensiv şəkildə davam etdirildiyini vurğuladı. Dövlətimizin başçısı Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfərinin bu münasibətlərin daha da genişləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 4 aprel.- S. 3.