Nazirlər Kabineti yeni qərar qəbul
etmişdir
"Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 14 mart tarixli fərmanının 4-cü hissəsinin icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti "Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikası vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə" qərar qəbul etmişdir.
Qərarda keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi zamanı yaranmış mübahisəli məsələlərə baxılması, müvafiq qərarların qəbul edilməsi və bu işlərə ümumi nəzarətin həyata keçirilməsi məqsədi ilə Maliyyə Nazirliyinin nəzdində yaradılmış xüsusi komissiyanın sədrinin və üzvlərinin adı, soyadı, vəzifələri göstərilmiş, həmçinin xüsusi komissiyanın fəaliyyət qaydası təsdiq edilmişdir.
Qərara əsasən, keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi və bu işin təşkil edilməsi, o cümlədən bu işin icrası üçün "Kapital Bank" Açıq Səhmdar Cəmiyyəti tərəfindən müddətli əmək müqavilələri əsasında əlavə işçi qüvvəsinin cəlb edilməsi, onların yerləşdirilməsi xərclərinin ödənilməsi, maddi-texniki və proqram təminatı məsələlərinin həll edilməsi məqsədi ilə 2012-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Maliyyə Nazirliyinə ilkin olaraq üç yüz milyon manat məbləğində vəsait ayrılacaqdır.
Qərar martın 30-dan - imzalandığı gündən qüvvəyə minmişdir.
Nazirlər Kabinetinin mətbuat
xidmətindən AzərTAc-a bildirmişlər ki,
bu qərarın tam mətni
ilə Nazirlər Kabinetinin www.cabmin.gov.az ünvanlı internet
saytında və Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda
tanış olmaq mümkündür.
Azərbaycan.- 2012.- 4 aprel.- S. 3.