Avronest Parlament
Assambleyasının Bakıda keçirilən ikinci
sessiyasında mühüm məsələlər
müzakirə olunmuşdur
Aprelin 3-də Bakıda, Azərbaycan Respublikası Milli Məclisinin binasında Avronest Parlament Assambleyasının (PA) ikinci sessiyasının rəsmi açılışı olmuşdur.
Açılış mərasimindən sonra iclas proqram üzrə həmsədrlərin çıxışları, gündəlikdəki məsələlərin müzakirəsi ilə davam etmişdir.
İclasa sədrlik edən Avronest PA-nın həmsədri Boris Tarasyuk çıxışında Azərbaycanın bu toplantını yüksək səviyyədə təşkil etdiyini deyərək ölkə rəhbərliyinə təşəkkürünü bildirmişdir. O demişdir ki, son 7 ayda qurumda böyük iş aparılmış, assambleyanın aprelin 2-də Bakıda keçirilmiş 4 komitə iclasında işçi qruplarda hazırlanmış sənədlər müzakirə edilmiş, məruzələr dinlənilmişdir.
Həmsədr diqqətə çatdırmışdır ki, biz siyasi bəyanatlardan konkret fəaliyyətə keçməliyik və inanırıq ki, bu tədbirimiz məhz müsbət nəticələrlə dolu sessiya olacaqdır. O da qeyd olunmuşdur ki, Şərq Tərəfdaşlığı artıq Avropa İttifaqının ayrılmaz tərkib hissəsinə çevrilir.
Avronest Parlament Assambleyasının həmsədri, Avropa Parlamentinin deputatı Kristian Vigenin isə öz çıxışında Bakını Şərqi Avropanın paytaxtı adlandırmışdır. O demişdir ki, sessiyada Avropa İttifaqının 15 ölkəsindən nümayəndələr, eləcə də Avropa Parlamentindən 40 deputat iştirak edir. Bu isə həm say baxımından, həm də təşkilatçılıq nöqteyi-nəzərindən olduqca əhəmiyyətlidir. Avropalı həmsədr toplantının keçirilməsi üçün yaratdığı imkanlara görə Azərbaycan tərəfinə bir daha təşəkkürünü bildirmişdir. On bir ay əvvəl yaradılmış assambleyanın fəaliyyətinə nəzər salan həmsədr görülən işlərdən razılığını ifadə etmişdir. Bildirmişdir ki, üzv ölkələr əməkdaşlıq üçün böyük səy göstərmiş və nəticə etibarilə çox şeyə nail olunmuşdur. Komitələrdə hazırlanan və gələcək fəaliyyətin istiqamətlərini müəyyən edən hesabatlardan danışan həmsədr demişdir ki, bununla bağlı çox mühüm qərarlar qəbul olunacaqdır.
Avropa İttifaqının genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle əlaqələrin inkişafında parlament diplomatiyasının rolunu yüksək qiymətləndirmişdir. O, parlament diplomatiyasının mövcud problemlərin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsiri olacağına inamını ifadə etmişdir.
Çıxışında ölkəmizin son 20 ildə əldə etdiyi uğurları xüsusi qeyd edən Ş.Füle demişdir ki, Azərbaycan tarix baxımından keçdiyi bu qısa yolda təkcə daxildə deyil, həm də beynəlxalq aləmdə böyük uğurlara nail olmuşdur.
Sonuncu dəfə 2009-cu ildə Bakıda olduğunu, ötən müddətdə ölkəmizin böyük məsafə qət etdiyini deyən avropalı komissar bildirmişdir ki, dözümlülük və dünyəvilik modeli olan Azərbaycanda iqtisadiyyat sürətlə inkişaf edir, infrastruktur yenilənir. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmiş, bir sıra beynəlxalq tədbirlərə, o cümlədən Avronest PA-nın toplantısına ev sahibliyi edir, "Eurovision" mahnı yarışmasını keçirməyə hazırlaşır. Heç də təsadüfi deyil ki, bu gün Bakıda ilk dəfə olaraq Brüsseldən kənarda Avronest Parlament Assambleyasının sessiyası keçirilir. Azərbaycandan gözləntilər çox yüksəkdir - deyən avropalı komissar xalqımızın potensialından tam istifadə olunacağına ümidvar olduğunu söylədi.
Sonra iclasda prosedur qaydalarına dair 11 düzəliş paket şəklində səsə qoyularaq qəbul edilmişdir.
Avropalı həmsədr Kristian Vigenin komitə iclaslarında qəbul olunmuş məruzələr barədə məlumat vermişdir.
Əvvəlcə qurumun Sosial məsələlər, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti üzrə komitəsində təsdiq edilmiş "Şərq tərəfdaşlığı ölkələrində vətəndaş cəmiyyətinin gücləndirilməsi və əməkdaşlığı" ilə bağlı məruzəyə baxılmışdır. Bildirilmişdir ki, sənəddə vətəndaş cəmiyyətinin Aİ Şərq tərəfdaşlığı çərçivəsində iştirakının dəstəklənməsi və s. məsələlər öz əksini tapmışdır.
Sonra Siyasi məsələlər, insan hüquqları və demokratiya üzrə komitədə müzakirə olunmuş "Demokratik gələcəyin qarşısında duran məqsədlər" haqqında məruzə barədə fikirlər dinlənilmişdir. Qeyd olunmuşdur ki, sənəddə demokratik idarəetmə sistemi, vətəndaş cəmiyyətinin inkişafı, kütləvi informasiya vasitələrinin azadlığı və s. məsələlər öz əksini tapmışdır.
Daha sonra İqtisadi inteqrasiya, hüquqi yaxınlaşma və Aİ siyasəti ilə uyğunluq üzrə komitənin təqdim etdiyi "Dərin və hərtərəfli azad ticarət zonalarının yaradılması" ilə bağlı məruzə təqdim olunmuşdur. Məruzədə quruma üzv dövlətlərdə azad iqtisadi zonaların yaradılması və beynəlxalq ticarətlə bağlı məsələlərdən bəhs olunmuşdur.
Qurumun Enerji Təhlükəsizliyi üzrə komitəsində qəbul edilən "Bərpa olunan enerji mənbələri" haqqında məruzə də maraqla qarşılanmışdır. Çıxış edən avropalı deputatlar enerji təhlükəsizliyi məsələsində Azərbaycanın rolunu xüsusi qeyd etmişlər.
Sonda müzakirə olunan məsələlər üzrə ayrı-ayrılıqda səsvermə keçirilmiş və hər dörd məruzə qəbul olunmuşdur.
Bununla da, sessiyanın birinci iş günü başa çatmışdır.
Sessiya aprelin
4-də öz işini
davam etdirəcəkdir.
AzərTAc
Azərbaycan.- 2012.- 4 aprel.- S. 3.