Azərbaycanlıların soyqırımı ilə bağlı həqiqətlərin yayılması dünya erməniliyinə böyük zərbədir

 

 İdeya rəhbəri akademik Ramiz Mehdiyev olan "Azərbaycanlıların soyqırımı:tarixin qanlı salnaməsi" ikicildliyinin Xocavənd qəsəbəsində ictimai müzakirəsi

 

Martın 31-də Xocavənd qəsəbəsində rayon ictimaiyyətinin nümayəndələri ilə ideya rəhbəri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev olan və "Azərbaycan" qəzetinin redaksiyası tərəfindən hazırlanan "Azərbaycanlıların soyqırımı: tarixin qanlı salnaməsi" ikicildliyinin ictimai müzakirəsinə həsr olunmuş "dəyirmi masa" keçirildi. Tədbir öncəsi iştirakçılar ümummilli lider Heydər Əliyevin Xocavənd qəsəbəsində ucaldılmış büstü önünə gül dəstəsi qoydular, xatirəsini ehtiramla yad etdilər.

Qonaqlar Xocavənd rayon Salakətin kənd orta məktəbinin şagird və müəllimləri ilə görüşdülər, təlim-tədris prosesi ilə tanış oldular, uşaq bağçasında tərbiyə alan körpələrlə söhbət etdilər, rayon mədəniyyət evində Xocavənd məktəblilərinin "Soyqırımı uşaqların gözü ilə" mövzusunda çəkdikləri rəsm əsərlərinə, inşa yazı nümunələrinə baxış keçirdilər.

Mədəniyyət evində keçirilən "dəyirmi masa"da soyqırımına məruz qalmış minlərlə günahsız soydaşımızın və müstəqilliyimizin əldə olunması, torpaqlarımızın müdafiəsi zamanı canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbir iştirakçılarını salamlayan Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı, Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin İdarə Heyətinin üzvü Eyvaz HÜSEYNOV təqdim olunan kitab haqqında məlumat verdi. Bildirdi ki, ideya rəhbəri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev olan və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əbədiyaşar xatirəsinə ithaf edilmiş "Azərbaycanlıların soyqırımı: tarixin qanlı salnaməsi" kitabı erməni riyakarlığına cavab verməklə yanaşı, son 200 ildə Azərbaycan xalqına qarşı yürüdülmüş soyqırımıı cinayətlərinə və regionda baş verən ictimai-siyasi proseslərə aydınlıq gətirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Rəsmi dövlət nəşri olan "Azərbaycan" qəzeti tərəfindən hazırlanan və  nəfis şəkildə tərtib olunaraq ictimaiyyətə təqdim edilən bu qiymətli kitabda erməni ideoloqlarının və tarixçilərinin tarixi saxtalaşdırmaq, beynəlxalq ictimaiyyəti uydurma və yalanlarla çaşdırmaq cəhdləri dəqiq faktlarla ifşa olunmuşdur. Bu möhtəşəm əsər xalqımızın əsrlər boyu üzləşdiyi soyqırımı siyasətinin bütün mərhələlərini yüksək peşəkarlıqla, tam obyektivliklə, tarixi mənbələrin dili ilə açıqlayır.

Eyvaz Hüseynov tariximizin qan yaddaşını özündə əks etdirən bu sanballı əsərin ərsəyə gəlməsində başda akademik Ramiz Mehdiyev olmaqla əməyi keçən hər kəsə - kitabın redaktoru, professor Əli Həsənova, "Azərbaycan" qəzetinin əməkdaşlarına dərin minnətdarlığını bildirdi və bir daha vurğuladı ki, bu cür kitabların, əsərlərin yazılması Azərbaycan və türk xalqlarına qarşı uzun illər ərzində soyqırımı, deportasiya siyasəti yeridən, zaman-zaman, mərhələ-mərhələ onu gerçəkləşdirən erməni millətçilərinin iç üzünün, məkrli və avantürist siyasətlərinin mahiyyətinin açılması, obyektiv faktlarla onların ifşa edilməsi və beləliklə, tarixi həqiqətlərin bərpa edilməsi baxımından olduqca vacibdir.

Daha sonra Xocavənd Rayon İcra Hakimiyyətinin sifarişi ilə soyqırımı mövzusunda çəkilmiş 15 dəqiqəlik sənədli filmə baxış keçirildi.

"Dəyirmi masa"nı giriş sözü ilə açan "Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar SADIQOV dedi:

- Biz uzun illər sovet bolşevik ideologiyasının əsas şüarı olan "xalqlar dostluğu", "proletar beynəlmiləlçiliyi" şəraitində yaşamışıq. Keçmiş SSRİ-də yaşayan millətlər qardaş, "qızıl ordu" isə xilaskar ordu kimi təqdim edilirdi. Lakin 20 Yanvar faciəsindən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başlayandan, Azərbaycan müstəqillik yoluna qədəm qoyandan sonra biz bu deyilənlərin sadəcə mif olduğunu gördük. Ulu öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli "Azərbaycanlıların soyqırımı haqqında" fərmanında göstərildiyi kimi, tariximizə yenidən baxmağa başladıq. Gördük ki, tariximiz faciələrlə, soyqırımları ilə doludur. Ermənilərə havadarlıq edən güclü dövlətlər daim türk xalqlarına qarşı işğalçılıq siyasəti həyata keçirmiş, azərbaycanlılar tarix boyu soyqırımına məruz qalmış, zaman-zaman torpaqlarımız itirilmişdir. Lakin biz qüdrətli xalqıq. Ona görə də  bu qədər təzyiqlərdə belə yenə mübarizə aparmış, dövlətçiliyimizi və müstəqilliyimizi bərpa etmişik.

"Azərbaycanlıların soyqırımı: tarixin qanlı salnaməsi" kitabının Bakı şəhərində təqdimatdan sonra ilk geniş ictimai müzakirəsi Xocavənd qəsəbəsində keçirilir. Biz bu kitabı sizinlə müzakirə etməyə, soyqırımı günündə söhbətləşməyə mənəvi ehtiyac duyuruq. Çünki Xocavənd ərazisinin böyük hissəsi işğal edilmiş, əhalisinin bir qismi soyqırımına məruz qalmış bir rayondur. Xocavəndlilər Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin ağrı-acısını ilk günlərdən hiss etmişlər. Köməksiz vəziyyətdə, əliyalın da olsa, düşmənlə mübarizə aparmış, qurbanlar vermişlər.

Biz həmişə deyirik ki, 20 faiz torpağımızı itirmişik. Erməni bizdən torpaq ala bilməzdi. Amma onu da bilirik ki, bu torpağı bizdən kimlər alıb. Bu "dəyirmi masa"da iştirak edən Milli Məclisin deputatı Elman Məmmədov Xocalı özünümüdafiə batalyonunun komandiri olub, Xocavənd İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov bu rayonda batalyon təşkil edib, ermənilərlə döyüşüb. Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı İrşad Əliyev isə Goranboyda düşmənlə mübarizə aparıb, həmin istiqamətdə torpaqları azad edib. Mən özüm müharibə illərində jurnalist kimi cəbhədə fəaliyyət göstərmişəm, səngərdə döyüşçülərin yanında olmuşam. Yəni müharibənin hər üzünü görmüş insanlar çox yaxşı bilirlər ki, erməni bizdən torpaq ala bilməzdi!

Ümumiyyətlə, Qarabağ savaşı çox ədalətsiz müharibədir! Ədalətsizlik ilk növbədə ərazilərimizin işğal edilməsi və dünya ictimaiyyətinin buna göz yummasıdır! Bu müharibənin digər ədalətsizliyi o idi ki, Ermənistan başqa dövlət tərəfindən daim sürətlə silahlandırılıb, beynəlxalq dəstək baxımından korluq çəkməyib. Azərbaycan isə müharibənin ilk günlərindən təzyiqlərlə üzləşib. Əhalidən hətta ov tüfəngləri də yığılıb, xalqımız əliyalın qoyulub, informasiya blokadasına alınıb. Yəni məğlubiyyət hökmü bizim üçün hələ əvvəldən imzalanmışdı.

Qarabağ müharibəsi eyni zamanda kütləvi qəhrəmanlıqlar savaşıdır! Bu qəhrəmanların bir qismi, şübhəsiz ki, igid döyüşçülərimizdir. Bəzən silahları, güllələri olmayıb, amma hünərlə, şücaətlə döyüşüblər. Müharibənin əsas qəhrəmanları bizim şəhidlərimizdir. Onların əksəriyyəti əldə silah döyüş meydanında şəhid olub. Bir qismi isə silahsız dinc əhalidir. Vətən, torpaq sevgisi onları heç vaxt tərk etmədiyi üçün canlarını qurban veriblər. Müharibənin qəhrəmanı həm də Azərbaycan qadınıdır, Azərbaycan anasıdır. Ədalətsiz savaşın bütün ağrı-acısını Azərbaycan qadını öz çiyinlərində daşıyıb. Azərbaycan əsgəri, döyüşçüsü səngərdə ona görə inamlı ola bilib ki, yanında anası olub! Ona görə döyüşdə davam gətirib, şücaət göstərib ki, isti yemək hazırlayanı olub! Ona görə qəhrəmanlıqla döyüşüb ki, yarasına məlhəm qoyanı olub! Azərbaycan qadını bu müharibənin ən böyük qəhrəmanlarından biridir!

Bu müharibənin qəhrəmanlarından biri bizim uşaqlarımız, balalarımızdır. Onların bir qismi erməni süngüsünün, qəddarlığının qurbanı olub. Bir qisminin səhhətində müharibənin yaratdığı problemlər hələ də qalır. Bu uşaqlar böyüklərin yanında döyüş yolu keçməklə kiçik yaşlarında qəhrəmanlıq göstəriblər.

Biz bu müharibədə çox əzab-əziyyətlər, ağrı-acılar çəkdik, torpağımızda məcburi köçkünə çevrildik, əzizlərimizi itirdik! Ona görə bu müharibədən həm də dərs götürmüşük. Bu dərsi unutmağa haqqımız yoxdur! Unutmamaq üçün daim milli yaddaşımızı iti saxlamalıyıq! Tarix boyu xalqımıza qarşı törədilənləri unutmamalıyıq! Sovet hökumətinin ideologiyası, Sibirə sürgün, güllələnmə qorxusu məcbur edirdi ki, inqilabdan əvvəlki dövrdə xalqımızın başına gətirilən müsibətləri danışmayaq, unudaq! Bir neçə dəfə bizim əlifbanı dəyişiblər. Ərəbdən latına, latından Kirilə keçmişik. Bu əlifba dəyişmə məqsədi o olub ki, bu hadisələrdən bəhs edən köhnə kitabları yeni nəsil oxuyub yaddaşında saxlamasın. Artıq bu qadağalar 20 ildən çoxdur aradan qalxıb, amma xalqımıza qarşı ədalətsizliklər davam edir! Ona görə milli yaddaşımız xüsusən indiki dövrdə iti olmalıdır. Keçmişdə baş verənləri daha dəqiq öyrənməli, dünyaya və gələcək nəsillərimizə çatdırmalıyıq. Milli yaddaşımızı iti edən vasitələrdən biri üzləşdiyimiz tarixi ədalətsizliklərlə bağlı kitabların yazılmasıdır. Biz tədbirdən əvvəl məktəbdə şagirdlərlə, bağçada uşaqlarla görüşdük. Onlar himnimizi oxudular, məruz qaldığımız soyqırımıdan söz açdılar. Bax milli yaddaş kitablardan, məktəbdən, uşaq bağçasından başlayır!

Biz dünyanın ən gözəl guşələrindən birində yaşayırıq. Lakin unutmalı deyilik ki, bu torpaqlarda çoxlarının gözü var, sərvətlərimizə sahib olmaq üçün can atırlar! Biz heç vaxt unuda bilmərik ki, qonşuluğumuzda xəyanətkar, hər an arxadan kürəyimizə bıçaq saplamağa hazır olan erməni kimi murdar xislətli millət var! Unutmamalıyıq ki, ermənini əlində alət edib daim türk qanına qənim kəsən dünya siyasəti var. Unutmamaq üçün daim milli yaddaşımızı iti saxlamalıyıq! Prezident İlham Əliyevin Xocalı soyqırımının 20 illiyi ilə bağlı imzaladığı sərəncamında da bu barədə söz açıldı, ziyalılar, qələm əhli, bütövlükdə Azərbaycan xalqı qarşısında təbliğatın aparılması ilə bağlı vəzifələr müəyyənləşdirildi. Biz dönmədən, inamla bu yolla davam etməliyik!

Prezident İlham Əliyev hücum diplomatiyası elan edib. Bəli, bəsdir müdafiə olunduğumuz! Kifayət qədər müdafiə olunmuşuq! Həqiqət, tarixi faktlar bizim tərəfimizdədir! Bu gün diplomatiya sahəsində, beynəlxalq təşkilatlarda hücuma keçirik. Cənab Prezident hücum diplomatiyasını elan etdikdən sonra beynəlxalq səviyyədə həqiqətən xeyli iş görülüb. BMT, Avropa Şurası, ATƏT PA, NATO PA, İslam Əməkdaşlıq Təşkilatı səviyyələrində böyük nailiyyətlər əldə olunub, sənədlər qəbul edilib. Ermənistanın işğalçılıq siyasətini artıq dünya etiraf etməyə başlayıb! Artıq güc də bizim tərəfimizdədir! Bu gücü hərb meydanında nümayiş etdirmək üçün qüdrətli ordumuz, igid oğullarımız var!

Ötən il Azərbaycan 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib. Bu, Azərbaycanın dünyada artan nüfuzunun göstəricisidir. Azərbaycan iqtisadi cəhətdən Cənubi Qafqazın ən qüdrətli ölkəsinə çevrilib. Bu o deməkdir ki, sabah hərbi yola əl atsaq, güclü iqtisadiyyata arxalanan ordumuz düşmən üzərində qələbə çalacaq! Azərbaycan hələlik sülh yolu ilə hərəkət edir. Bu mərhələdə ideoloji üstünlük olduqca vacibdir. Düşmənlə aparılan ideoloji savaşa "Azərbaycan" qəzeti olaraq belə bir kitabı ərməğan etmişik. Bu bizim sonuncu işimiz deyil, bundan sonra da bu yolda fəaliyyətimizi inamla davam etdirəcəyik.

Belə sanballı kitabı hazırlayıb ərsəyə gətirən "Azərbaycan" qəzetinin yaradıcı kollektivinə öz dərin təşəkkürünü bildirən Beyləqan Rayon İcra Hakimiyyətinin Başçısı İrşad ƏLİYEV qeyd etdi ki, "Azərbaycanlıların soyqırımı: tarixin qanlı salnaməsi" ikicildliyi ideoloji mübarizəyə olduqca böyük töhfədir:

- Tarix boyu dünyada çox müharibələr baş verib. Bəşəriyyət həmişə savaşlardan əziyyət çəkib. Dövlətlər, xalqlar arasında müharibələr bütün dövrlərdə həmişə olub. Amma soyqırımı həmişə baş verməyib! Bir xalqın soyqırımını həyata keçirmək nəinki həmin topluma, bütövlükdə bəşəriyyətə, insanlığa qarşı cinayət törətmək deməkdir!

Dünyada soyqırımını riyakar məqsədi üçün vasitə seçmiş xalqlardan biri ermənilərdir. Onlar meydana çıxdıqları dövrdən indiyədək həyata keçirdikləri bir siyasət var - başqalarının torpaqları hesabına monomillətdən ibarət bir dövlət yaratmaq, erməni tarixçilərinin və ideoloqlarının uydurduğu "böyük Ermənistan" dövləti qurmaq! Özlərinin heç vaxt torpağı olmayıb. Ona görə dövlət yaratmaq üçün məskunlaşdıqları ərazilərdə yerli xalqları qırmaq, məhv etmək yolunu tutublar! Bu məqsədlə mərhələlərlə həyata keçirilən terror və soyqırımının qanlı fəsadları təkcə böyük türk dünyasının və azərbaycanlıların deyil, bütün bəşəriyyətin başı üstünü qara kabus kimi almaqla, insanlığa qarşı yönəlmiş ən amansız, dəhşətli cinayətlərə rəvac vermişdir. Ona görə ermənilər də bir millət kimi bəşəriyyət tarixinə qara ləkədirlər. Bu gün dünyada soyqırımı siyasətini əsas vasitə seçmiş bir neçə xalq var ki, onlardan biri də ermənilərdir. Erməniliyin bir xəstəlik olduğunu da artıq sübut etməyə ehtiyac yoxdur!

Ermənilərin öz mənfur siyasətlərini həyata keçirmək üçün seçdikləri məkan Azərbaycandır. Onlar məqsədlərinə çatmaq üçün ilk cinayətlərinə Osmanlı imperiyası ərazisindən başlayıblar. O vaxtlar Avropanın böyük dövlətləri bu imperiyaya qarşı idilər. Osmanlı ərazisindən köçürüldükdən sonra ermənilər bu çirkin əməllərini Azərbaycan ərazisində törətməyə başlayıblar. 1905-ci ildən başlamış 1918-1920-ci, 1948-1953-cü illərdə, nəhayət, 1988-ci ildən sonra Azərbaycan xalqına qarşı soyqırımı cinayətləri törətmişlər. Bu gün tarixi Azərbaycan ərazisi olan indiki Ermənistanda, Dağlıq Qarabağda bir nəfər də olsun azərbaycanlı qalmayıb. Eyni zamanda ermənilər Azərbaycan mədəniyyətinə qarşı da son iki yüz ildə soyqırımı həyata keçirmişlər.

Vaxtilə tariximizi bizə zorla unutdurmuşlar. Bizə uzun illər əsl tariximizlə başımıza gətirilən faciələrin səbəbləri və nəticələri ilə məşğul olmağa imkan verməyiblər. Xalqımız uzun illər bu gerçəkliklərdən məlumatsız olmuş, saxta ideoloji ehkamlar və yalan tarix nəticəsində yaddaşımız uzun illər tamamilə yad istiqamətdə köklənmişdi. Biz orta məktəbdə Azərbaycan tarixini oxumamışıq. Bizə tariximizin yalnız ayrı-ayrı mərhələlərini, Sovet Azərbaycanının tarixini öyrədiblər. Təbii ki, Türkiyənin də tarixini bilmirdik. Türkiyəni sadəcə kapitalist dövləti kimi izah edirdilər. Biz bu cür böyümüşük və düşmənimizin kim olduğunu uzun müddət bilməmişik. Sovet dövləti də sovet xalqı yaratmaq arzusunu ortaya qoymuşdu. Bu arzunun təməlində rus xalqının mənafeyinin təmin olunması dayanırdı. Azərbaycanda bu mənafeyi təmin etmək üçün azərbaycanlıların başına gətirilən müsibətləri xalqımıza unutdurmaq yolu tutmuşdular. Bütün bunlar Rusiyanın 300 il bundan əvvəl başlamış cənub siyasətindən qaynaqlanırdı. Amma bu siyasət ermənilərin dəyirmanına su tökürdü. Təbii ki, biz bunu bilmirdik, zaman, şərait buna imkan vermirdi. Nəticə etibarilə 1988-ci ildə hadisələr başlayanda, ermənilər Azərbaycana qarşı işğalçılıq siyasətini açıq müstəviyə keçirəndə biz, demək olar ki, çıxılmaz vəziyyətdə qaldıq. Təbii ki, Azərbaycanın o dövrkü rəhbərliyinin də laqeydliyini qeyd etməliyik.

Müstəqilliyimizin bərpa edilməsi tariximizin qaranlıq səhifələrinə də işıq tutmağımıza imkan yaratmışdır. Biz əsl tariximizi, ermənilərin xalqımızın başına gətirdiklərini yalnız müstəqillik illərində öyrənməyə başladıq. Müstəqillik bizə erməni yalanlarını ifşa etməyə, əsl həqiqətləri dünyaya çatdırmağa imkan verdi. Bu istiqamətdə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra böyük işlər görüldü. 1998-ci ildə ulu öndərin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" fərmanından sonra xalqımızın başına gətirilən soyqırımı cinayətlərinin öyrənilməsində və dünyaya tanıdılmasında yeni mərhələ başladı. Düşmənə qarşı aparılan ideoloji müharibədə pərakəndəlik aradan qalxdı. Eyni zamanda, nə etməli məsələsi də ortaya qoyuldu. Bu mənada həmin fərman Azərbaycanın indiki və gələcək nəsillərinin milli yaddaşının qorunması baxımından mühüm konsepsiyadır. Əsrlər boyu azərbaycanlılara qarşı aparılmış soyqırımı və deportasiya siyasətini geniş təhlil edən bu tarixi sənəddə martın 31-nin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması təsbitlənmişdir. Ötən illər ərzində Azərbaycan dövləti bu tarixi gerçəklikləri, xalqımızın iki əsr boyu məruz qaldığı soyqırımı və etnik təmizləmənin dəhşətli miqyasını beynəlxalq ictimaiyyətə çatdırmaq istiqamətində xeyli iş görmüşdür. Bu mövzuda indiyədək çoxlu kitablar, əsərlər yazılıb. Xalqını sevən insanlar daim öz mövqelərini ortaya qoyublar.

Mən bu baxımdan "Azərbaycan" qəzetinin kollektivi tərəfindən hazırlanan "Azərbaycanlıların soyqırımı: tarixin qanlı salnaməsi" kitabını yüksək qiymətləndirirəm. Bu kitabın erməni faşizminin mahiyyətini, xalqımızın əsrlər boyu məruz qaldığı qanlı qırğınların baiskarlarını və təşkilatçılarını, soyqırımı haqqında əsl həqiqətləri təkzibolunmaz faktlar əsasında geniş ictimaiyyətə çatdırmaq baxımından müstəsna əhəmiyyəti vardır. Ona görə xalqımızın, xüsusən gənc nəslin tariximizi dərindən öyrənməsi, bilməsi üçün olduqca mühüm vəsaitdir. Şübhəsiz ki, bu dəyərli kitabı vərəqləyən hər bir kəs mənfur qonşularımızın xalqımızın başına gətirdiyi faciələrin tarixi köklərinə bir daha nəzər salacaq, erməni faşizminin xislətini və erməniliyin mahiyyətini dərindən dərk edəcəkdir. Bu, vaxtında yazılmış ən mühüm kitablardan biridir. Buna görə mən sizə təşəkkürümü bildirirəm. Hesab edirəm ki, belə mövzularda yazılmış kitabların sayı daha da çox olmalıdır.

Azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qalmasının tarixinin əslində iki əsrdən də əvvələ gedib çıxdığını xatırladan Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin İdarə Heyətinin üzvü Elman MƏMMƏDOV vurğuladı ki, tarixən özlərini guya soyqırımına məruz qalan "əzabkeş xalq" kimi qələmə verən ermənilər həmişə özgə torpaqlarında dövlətlərini yaratmaq istəkləri ilə yaşamışlar:

- "Böyuk Ermənistan" iddiasına düşərək Azərbaycan torpaqları hesabına dövlət quran ermənilər tarixin bütün mərhələlərində xalqımıza qarşı insanlığa yaraşmayan qanlı əməlləri ilə yadda qalmışlar. Bu qanlı tarix Azərbaycan torpaqlarında erməni məlikliklərinin yarandığı dövrlərdən başlayır. Ermənilərin yüzillər boyu həyata keçirdiyi şovinist və işğalçı siyasət nəticəsində əzəli Azərbaycan torpaqları qəsb olunub, on minlərlə soydaşımız vəhşicəsinə öldürülüb, minlərlə maddi və mənəvi mədəniyyət abidələrimiz vandallıqla dağıdılıb və ya erməniləşdirilib!

İnsanın vətənpərvər olması, dövlətini sevməsi, düşmənə qarşı nifrətinin olması üçün ilk növbədə tarixini bilməsi olduqca vacibdir! Tarixini bilməsən, düşməninin kim olduğunu bilməzsən! Tarixini dərindən öyrənməsən, düşmənə qarşı qisas hissindən məhrum olacaqsan. Bilməməyə görə dostu və düşmənini ayırd edib gələcək inkişaf və özünümüdafiə xəttini seçə bilməyəcəksən. Lakin təəssüflə qeyd etməliyik ki, bizə bunları unutdurublar. İmperiya siyasəti Azərbaycan xalqına öz tarixini olduğu kimi gələcək nəsillərə çatdırmağa imkan verməyib! Ermənini özümüzə qardaş, mehriban qonşu bilmişik. Elə buna görə də tarix boyu əziyyət çəkmişik.

Mənim ana babam Məhəmməd Alı oğlu 1889-cu il təvəllüdlü idi. 1915-1920-ci illərdə cavan bir insan olub. Babam o dövrdə müharibələrdən, ermənilərin başımıza gətirdiyi müsibətlərdən çox danışardı. Elə şeylər danışardı ki, bu bizə çox qəribə görünərdü. Deyirdi ki, öz dəstəsi ilə Əsgəran qalasında yerləşən erməni Qəzəl tutduğu azərbaycanlıların belinə samovar bağladıb qaynadırdı. Yaxud da ocağı qalayıb sonra közünü yayırmış, azərbaycanlıları ayaqyalın onun üzərindən keçməyə və ya oturmağa məcbur edirmiş. Bunlar bizə nağıl kimi gəlirdi, uşaq idik, o qədər də dərk etmirdik. Sovet ideologiyası da bizi elə tərbiyə etmişdi ki, belə şeylərin olduğunu düşünə bilmirdik. 1980-ci illərin ortalarında ilk dəfə Mir Mövsüm Nəvvabın 1905-1906-cı illərdə erməni-müsəlman davasından bəhs edən kitabını oxudum. O vaxta qədər xəbərim yox idi ki, 1905-1906-cı illərdə ermənilər azərbaycanlıları qırıblar. Xankəndinin yaxınlığında, meşənin içərisində Bağırqan deyilən bir yer var. Biz vaxtilə həmin əraziyə dincəlməyə, istirahətə gedərdik. Meşənin içi idi, yaxşı soyuq bulaq vardı. Amma sonradan öyrəndik ki, bu Bağırqan adının çox faciəli bir tarixi var. Həmin ərazidə məskən salmış bir dəstə erməni qulduru yol keçən azərbaycanlıları tuturmuş. Orada hündür, nazik və elastik ağaclar var. Ermənilər həmin ağacı əyər, azərbaycanlının bel nahiyəsinin dərisinə keçirdər və sonra ağacı buraxarmışlar. Azərbaycanlının kürəyinin dərisi başına qədər soyularmış və elə bağırarmış ki, səsi Şuşada eşidilərmiş. Elə buna görə də həmin ərazinin adı Bağırqan qalıb. Görürsünüz tarixi bilməmək, məlumatsızlıq hara gətirib çıxarır? Yaxud bir başqa bir hadisəni misal çəkim. 1974-cü ildə müəllim işləyirdim. Vaxtaşırı Dağlıq Qarabağ məktəblərindən Yerevana ekskursiyalar təşkil olunardı. Adətən bu qruplarda ermənilər olardı. Bir dəfə necə oldusa, həmin qrupa üç azərbaycanlı müəllim, o cümlədən mən düşdüm. Bizi Yerevanda Razdan stadionunun yanına, qondarma erməni soyqırımı abidəsini ziyarət etməyə apardılar. Bələdçi türklər barədə elə şeylər danışır, elə informasiyalar verirdi ki, adam dəhşətə gəlirdi. Hələ o zaman mən orada eşitdim ki, türklər guya burada milyon yarım ermənini qırıb. Bax ermənilər bu cür yalan üzərində onilliklər boyu öz mənfur ideologiyalarını qurmuş, yalançı tarixlərini yazmışlar!

1981-ci ildə məktəbdə basketbol meydançasında dirəklərin yerini dəyişdirmək lazım gəldi. Dirək üçün yer qazılarkən torpağın altından üst-üstə qalaqlanmış insan sümükləri çıxdı. Əvvəlcə fikirləşdik ki, bura qəbiristanlıq olub və üstünü örtmək istədik. Amma sonra gördük ki, orada insanlar adət-ənənəyə uyğun deyil, kütləvi şəkildə basdırılıb. Sonradan başa düşdük ki, burada 1905-1907-ci, 1918-1920-ci illərdə soyqırımına məruz qalan soydaşlarımızı kütləvi şəkildə basdırıblar.

Stepan Şaumyanı qəhrəman kimi tanıyırdıq. Heykəlinin qarşısında and içib pionerə keçirdik. 26-ların basdırıldığı yer müqəddəs məkan hesab olunurdu. Gedib ziyarət edirdik. Sən demə, bunlar 26 quldur imiş, türk qanına susamış cinayətkarlar imişlər! Təbii ki, bu, sovet ideologiyasının təsiri idi. Biz bu ideologiya ilə böyüyürdük və o ideyaları yayırdıq.

Bəli, bütün bunları bilmək üçün tariximizi araşdırmalıyıq, öyrənməliyik! Arxivləri araşdırmaq lazımdır. Biz yalançı erməni tarixini bütün dünyada ifşa etməliyik! Erməni ideologiyasına qarşı əsl həqiqətləri ortaya qoymalıyıq! Buna görə belə kitabların hazırlanıb ərsəyə gətirilməsi həm tariximizə, həm xalqımıza, həm cəmiyyətimizə, ictimaiyyətimizə böyük töhfədir. Bu cür kitablar, vəsaitlər tariximizi öyrənməkdə, başımıza gətirilənləri bilməkdə olduqca lazımlı və gərəklidir. Mən kitabın ideya müəllifi, Azərbaycan Respublikası Prezidenti Adiministrasiyasının rəhbəri Ramiz Mehdiyevə və "Azərbaycan" qəzetinin yaradıcı kollektivinə minnətdarlığımı bildirirəm. Bu, sizin Azərbaycan xalqına, oxuculara nə birinci töhfənizdir, nə də sonuncu. Siz belə kitabların ərsəyə gətirilməsi ilə xalqımıza, vətənimizə çox şərəfli xidmət göstərirsiniz və göstərəcəksiniz! Bu kitab başqa dillərə də tərcümə olunmalı, xarici ölkələrdə yayımlanmalıdır. Biz təbliğat işini daha da gücləndirməli, ermənilərin kim olduğunu dünyaya başa salmalıyıq.

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ruhları şad olsun! Amma onların ruhları hələ narahatdır. Biz torpaqlarımızı azad edəndə onlar da rahat olacaq!

Akademik Ramiz Mehdiyevin ideya rəhbəri olduğu "Azərbaycanlıların soyqırımı: tarixin qanlı salnaməsi" ikicildliyini yalançı erməni ideologiyasının ifşası istiqamətində aparılan mübarizəyə çox dəyərli töhfə hesab edən  Xocavənd rayon Salakətin kənd orta məktəbinin tarix müəllimi Telli ALIYEVA bildirdi ki, çox dəyərli və mühüm faktlarla zəngin olan bu kitabda azərbaycanlılara qarşı erməni millətçilərinin son iki əsr ərzində törətdikləri vəhşiliklərdən bəhs edilir:

- Tarixi sənədlərə söykənən ikicildliyi oxuduqca içimi göynədən hadisələr mənə çox şeylər öyrətdi. Erməni vəhşiliklərini Qarabağ hadisələrində real şəkildə görmüşəm! Kitabda isə erməni vəhşiliyinin kökünün uzaq tarixə gedib çıxdığı faktlarla ortaya qoyulur...

Azərbaycanın təbii və coğrafi şəraiti, sərvətləri həmişə yadelliləri cəlb etmiş, torpağımız işğallara məruz qalmışdır. Erməni dediyimiz bu quldur xalq həmişə vətənimizə göz dikmiş, ələ keçirmək üçün özlərinə havadarlar taparaq hücum etmişdir. XIX əsrdən indiyədək xalqımız ermənilər tərəfindən 5 dəfə böyük hücuma məruz qalmışdır. Havadarlarının köməyi ilə bir neçə dəfə xalqımıza qarşı soyqırımı törətmişlər.

1905-1906-cı illərdə Bakı və Qarabağda, 1918-20-ci illərdə Bakı, Quba, Şamaxı, Lənkəran, Salyan və Qarabağda törədilən soyqırımları, 1948-53-cü illərdə Ermənistanda yaşayan azərbaycanlıların zorla köçürülməsi, 1988-1994-cü illərdə törədilmiş soyqırımı və deportasiyalar XX əsrdə ermənilərin xalqımızın başına gətirdiyi bəlalardır. Bu siyasətin məqsədi azərbaycanlıları qədim torpaqlarından çıxartmaq, həmin ərazilərdə xaricdə yaşayan erməniləri yerləşdirmək, "böyük Ermənistan" dövləti yaratmaqdır! Bu məqsədlər üçün isə bu mənfur xalqın yeganə yolu terror və soyqırımı törətmək olmuşdur.

Xalqımız əsarət altında olduğu üçün məruz qaldığımız soyqırımlarına hüquqi siyasi qiymət verilməmiş, Şaumyan, Şaxnazarov və digər qaniçənlərin törətdikləri vəhşiliklərə göz yumulmuşdur. Xalqımıza qarşı törədilən soyqırımlarına isə ilk dəfə olaraq ulu öndər Heydər Əliyev siyasi qiymət verdi. 1998-ci il martın 26-da imzalanan fərmanda deyilir: "Azərbaycan Respublikası müstəqillik qazananadan sonra xalqımızın tarixi keçmişini araşdırmaq oldu. Uzun illər gizli saxlanılan həqiqətlər açılır, əsl qiymətini alır. Azərbaycan xalqına qarşı dəfələrlə törədilən soyqırımları da tariximizin açılmamış səhifələrindəndir. Biz onu açdıq və siyasi qiymətini verdik".

Mən "Azərbaycanlıların soyqırımı: tarixin qanlı salnaməsi" kitabının nəşrinə çox sevinirəm. Sevinirəm ki, tarixi həqiqətləri açan belə müəlliflər və onların yaratdıqları əsərlər var ki, biz bunları dünyaya çatdırmaqla sübut edəcəyik ki, ermənilər türk xalqlarının ən böyük və zalım düşmənidir. O mənada ki, ermənilər əsrlər boyu bizim torpaqlarımıza göz dikərək onu ələ keçirməyə çalışmış və çox zaman havadarlarının dəstəyi ilə buna nail olmuşlar.

Amma çox təəssüf edirəm ki, üzvü olduğumuz beynəlxalq təşkilatların qərar və qətnamələrini Ermənistan dövləti saymır və əməl etmir. Bu gün Qarabağ münaqişəsində beynəlxalq hüquq normaları Azərbaycanın tərəfindədir, amma ərazi bütövlüyümüzün bərpası çox vaxt aparır. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev Ermənistanın münaqişənin hamılıqla qəbul olunmuş norma və prinsiplərlə həllinə razılıq verməyəcəyi, müharibəni davam etdirəcəyi təqdirdə Azərbaycanın öz torpaqlarını azad etməyə hazır olduğunu qətiyyətlə bəyan edir! Son dövrlər Azərbaycan Respublikasının qazandığı uğurlar sübut edir ki, xalqımıza qarşı dəfələrlə soyqırımı törədən ermənilər bu vəhşiliyə görə cavab verəcək, mütləq ədalət məhkəməsi önündə dayanacaqlar!

Qan yaddaşımızın ən ağrılı-acılı səhifələrindən olan soyqırımıı, deportasiya və qaçqınlıq bəlalarının bizə son dərəcə ağır itkilər bahasına başa gəldiyini deyən xocavəndli məcburi köçkün Əfsanə QULİYEVA söylədi ki, Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə mərhələ-mərhələ gerçəkləşdirilən etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində azərbaycanlılar öz doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus tarixi-mədəni abidə və yaşayış məskənləri dağıdılıb viran edilmişdir:

- Erməni vandalizmi, azərbaycanlılara qarşı soyqırımı siyasəti tarix boyu davam etsə də, baş verənlərə lazımi qiymət verilməmiş, dünyaya çatdırılmamışdır. Həqiqətin təhrif olunmasının acı nəticəsini xalqımız bütün XX əsr boyu yaşamışdır. Yalnız Azərbaycan müstəqillik və suverenlik əldə etdikdən sonra xalqımıza qarşı törədilən cinayətlərin öyrənilməsinə geniş imkan və şərait yaradılmışdır. Ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" fərmanla ilk dəfə olaraq dövlət səviyyəsində xalqımıza qarşı müxtəlif illərdə mütəmadi olaraq törədilmiş qırğınlara siyasi qiymət verildi. Bu fərman terrorizmə, soyqırımına qarşı mübarizə aparmaq üçün ulu öndərin müəyyən etdiyi bir yol oldu. Ümummilli lider Heydər Əliyevin siyasi xətti ilə yanaşı, onun qoyduğu ənənələri layiqincə davam etdirən Prezident İlham Əliyev bu yolun ardıcılı kimi bütün görüşlərində, xarici ölkələrə səfərlərində, çıxışlarında Azərbaycan xalqına qarşı soyqırımını həyata keçirən erməniləri ifşa edir, dünya ictimaiyyətini erməni riyakarlığına son qoymağa çağırır. Hazırda bu cinayətlərin dünyada yayılması, bu faciələrin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Prezident İlham Əliyevin rəhbərliyi altında bütün zəruri addımlar atılır, hər il tədbirlər proqramı təsdiqlənib icra edilir, dünyanın bir çox ölkəsində faciə qurbanlarının əziz xatirəsi yad edilir.

 Bu məsələdə Heydər Əliyev Fondunun xidmətləri də xüsusi qeyd edilməlidir. Fond bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı ilə bağlı faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərir. Heydər Əliyev Fondu tərəfindən Qarabağın və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən bəhs edən materiallar, bukletlər, fotoalbomlar, erməni vəhşilyini əks etdirən filmlər hazırlanır və kitablar nəşr etdirilir.

Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başlanmış "Xocalıya ədalət" beynəlxalq kampaniyası bu istiqamətdə təbliğat işini daha da fəallaşdırmışdır. Faciə ilə əlaqədar dəhşətli faktlar bu kampaniya çərçivəsində aparılan işlər sayəsində beynəlxalq ictimaiyyətə çatdırılmış, planetin bütün guşələrində milyonlarla insan erməni millətçilərinin əsl simasına bələd olmuş, bilmişlər ki, onlar öz sərsəm ideyalarını həyata keçirmək naminə heç nədən, o cümlədən uşaqları qətlə yetirməkdən belə çəkinmirlər.

Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad etmək və erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş bu vəhşi cinayəti yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədilə paytaxtın Azadlıq meydanından başlayan, Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidə önünə qədər davam edən, 85 mindən çox insanın iştirak etdiyi ümumxalq yürüşünü isə Azərbaycanın Xocalı soyqırımı ilə bağlı apardığı genişmiqyaslı işin kulminasiya nöqtəsi hesab etmək olar. Ön sırasında Prezident İlham Əliyev və xanımı Mehriban xanım Əliyevanın olduğu bu yürüş Azərbaycan xalqının sıx birliyini, onun öz şəhidlərinin xatirəsinə ehtiramını, işğal altındakı torpaqların azad olunması və ölkənin ərazi bütövlüyünün bərpası üçün əlindən gələni etmək əzmini nümayiş etdirdi.

Hər bir Azərbaycan gənci xalqımızın üzləşdiyi soyqırımlarının ağır yarasına məlhəm çəkməli, güllələnmiş insanların, güllələnmiş torpağın, güllələnmiş körpələrin harayını hər kəsin eşitməsi və bilməsi üçün hər nə lazımdırsa etməlidir! Bunu bizdən zaman tələb edir! Bunu bir də qanları Qaradağlı, Xocalı çöllərinə yayılmış soydaşlarımızın, soyqırımı qurbanlarının, eləcə də adları bəlli olmayan, süngülərə taxılmış məsum körpələrin ruhu tələb edir! Bu baxımdan "Azərbaycanlıların soyqırımı: tarixin qanlı salnaməsi" adlı kitabı dönə-dönə oxumalı, ətrafımızdakı insanları da bu əsərlə tanış etməliyik. Tariximizin əsl mahiyyətini bizlərə müfəssəl şəkildə çatdıran bu ikicildlik dünya ictimaiyyətində erməni yalanlarının ifşası kampaniyasına mühüm töhfə olacaq.

Ümummilli lider Heydər Əliyevin əbədiyaşar xatirəsinə ithaf edilən "Azərbaycanlıların soyqırımı: tarixin qanlı salnaməsi" kitabının erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı və təcavüz siyasətinin öyrənilməsi baxımından böyük əhəmiyyət daşıdığını qeyd edən Xocavənd Rayon Gənclər və İdman İdarəsinin rəisi Aslan QULİYEV vurğuladı ki, ikicildlik həmçinin Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı dövlətin gördüyü işlərin öyrənilməsini mükəmməl təmin edir:

- İki cilddən ibarət olan kitabın I cildində ermənilərin Azərbaycana köçürülməsi və məskunlaşması, onların Osmanlı imperiyasında türklərə qarşı törətdikləri soyqırımı, 1905-1920-ci il soyqırımları, 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistandan kütləvi şəkildə deportasiyası, Sumqayıt şəhərində törədilən erməni təxribatı, Qarabağ savaşı, erməni hərbi birləşmələrinin Dağlıq Qarabağın azərbaycanlılar yaşayan məntəqələrində törətdikləri cinayətlər, Xocalı soyqırımı, erməni vandallarının maddi-mənəvi irsimizə qarşı soyqırımı barədə tutarlı faktlar öz əksini tapmışdır.

Kitabın II cildi rəsmi xronika, Azərbaycanlıların soyqırımının beynəlxalq təşkilatların müzakirəsində, rəsmi faktlar, tarixi həqiqətlər və fotoxronika adlı fəsillərdən ibarətdir ki, burada da Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çatdırılması istiqamətində xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyəti, bu istiqamətdə imzalanan sənədlər, müxtəlif beynəlxalq tədbirlərdə edilən çıxışlar, beynəlxalq təşkilatların qərarları və ermənilərin çirkin niyyətlərini bəlli edən digər rəsmi faktlar və tarixi həqiqətlər təfsilatı ilə verilmişdir.

Sovet tarixşünaslığında daşnak və bolşevik birləşmələrinin müxtəlif vaxtlarda, o cümlədən 1918-ci illərdə türk-müsəlman əhaliyə qarşı törətdiyi qırğınlar təhrif olunmuş şəkildə səciyyələndirilmiş, bu qırğınlarla bağlı tarixi həqiqətlərin insanların yaddaşından silinməsinə cəhdlər göstərilmiş, baş vermiş faciələr "proletar beynəlmiləlçiliyi" pərdəsi altında ört-basdır edilmişdir. Tarixi həqiqətlər o dərəcədə təhrif olunmuşdu ki, 1918-ci ildə Bakı şəhərində və Azərbaycanın qəzalarında törədilmiş qırğınlara bilavasitə rəhbərlik etmiş Stepan Şaumyan sovet dövründə xalqımızın, o cümlədən gənclərimizin vətənpərvərlik tərbiyəsində "canlı örnək" rəmzinə çevrilmişdi.

Faktlar sübut edir ki, 1917-1920-ci illərdəki mürəkkəb vəziyyətdən məharətlə yararlanan ermənilər Cənubi Qafqazda möhkəmlənən bolşeviklərdən öz mənfur məqsədləri - mifik erməni dövləti yaratmaq planını reallaşdırmaq üçün istifadə edərək türk-müsəlman əhalini bu ərazidən sıxışdırıb çıxarmağa girişmişlər. Belə ki, Birinci dünya müharibəsi dövründə Osmanlı ərazisinə daxil olmuş rus ordusuna arxalanan ermənilər yüz minlərlə dinc türkün həyatına son qoydular. 1918-ci ilin mart soyqırımından 90 ildən artıq vaxt keçib, o vaxtdan bəri çox şey dəyişib, ancaq dəyişməyən və təkrar olunan bir sıra məqamlar yenə də qalır. Beynəlxalq aləmdə Azərbaycanın haqq səsinə kifayət qədər diqqət yetirilməməsi, Azərbaycan əhalisinə qarşı törədilən kütləvi qırğınlar, illərlə davam edən və ədalətli həlli müşkülə çevrilən Qarabağ probleminə münasibətdə fövqəldövlətlərin çox vaxt qərəzli siyasət yeritməsi deyilənlərə əyani sübutdur.

Çox təəssüflər olsun ki, 1918-ci ilin martında türk-müsəlman əhaliyə qarşı həyata keçirilən qırğınlar 1920-ci ilin bolşevik işğalından sonra tariximizdən silindiyindən və məqsədli şəkildə unudulduğundan bu hadisələr tarixi təcrübəyə çevrilmədi. Ona görə də XX əsrin sonlarında yenidən daşnak qüvvələrinin məkrli hücumlarına məruz qalanda müvəqqəti olaraq geri çəkilməyə məcbur olduq, torpaqlarımız düşmən tapdağı altına düşdü.

"Azərbaycanlıların soyqırımı haqqında" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 26 mart tarixli fərmanı ilə ermənilərin azərbaycanlılara qarşı bir əsrdən artıq müddət ərzində apardığı soyqırımı siyasətinə dövlət səviyyəsində siyasi qiymət verilməsi bu sahədə tədqiqat işlərinin sistemli xarakter alması üçün zəmin yaratdı. Hazırda erməni silahlı birləşmələri tərəfindən Azərbaycana edilən təcavüz nəticəsində torpaqlarımızın 20 faizə qədəri düşmən tapdağı altında qalmış, bir milyona qədər insan qaçqın və məcburi köçkün taleyi yaşamağa məcbur edilmişdir.

XX əsr ərzində azərbaycanlılara dəfələrlə təcavüz edən, erməni dövləti yaratmaq xülyasında olan erməni xislətinin faşizmdən də qorxunc olduğunu bütün dünyaya çatdırmaq hər birimizin vətəndaşlıq borcudur. Bu mənada "Azərbaycanlıların soyqırımı: tarixin qanlı salnaməsi" kitabı çox böyük elmi və siyasi əhəmiyyət kəsb etməklə yanaşı, tariximizin olduğu kimi öyrənilməsi və dünyaya çatdırılmasında böyük rol oynayacaq.

Müzakirəsi keçirilən "Azərbaycanlıların soyqırımı: tarixin qanlı salnaməsi" ikicildliyinin maarifçilik baxımından azərbaycanlıların başına gətirilən soyqırımı faciələrinin öyrənilməsində çox mühüm rolu olacağını deyən xocavəndli məcburi köçkün David TAHİROVun fikrincə, kitabın yaradıcı heyəti günümüzlə səsləşən olduqca vacib bir vəzifənin öhdəsindən uğurla gəlmiş, tarixi faktların geniş ictimaiyyətə çatdırılması işinə böyük töhfə vermişlər:

- Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gücləndirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən min illər boyu yaşadıqları tarixi etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir.

1813-1828-ci illər Rusiya ilə İran arasında gedən iki müharibələrin sonunda imzalanmış Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının tarixində faciəvi rol oynamış və Azərbaycanın parçalanmasına gətirib çıxarmışdır. Həmin dövrdən başlayaraq ermənilər tarixi Azərbaycan torpaqlarında kütləvi şəkildə məskunlaşdırılmağa başlanmış, azərbaycanlılar öz qədim torpaqlarından, ata-baba yurdlarından qovulmuş, onların deportasiyası prosesi məqsədyönlü şəkildə həyata keçirilmişdir.

XX əsrin əvvəllərində ermənilər təkcə bu gün Ermənistan adlanan ərazidə deyil, həmçinin Bakı, Şamaxı, Quba, Göyçay qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda da vaxtaşırı xalqımıza qarşı qırğınlar, talanlar, yanğınlar, terror və digər zorakılıq aktları həyata keçirmişlər. Erməni faşistləri bu ərazilərdə on minlərlə dinc azərbaycanlı əhalini yalnız milli mənsubiyyətlərinə görə vəhşicəsinə qətlə yetirmiş, xalqımızın milli mədəniyyət abidələrini, məscidləri dağıtmış və yandırmışlar.

Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri aramsız soyqırımı və deportasiya siyasəti 1918-1920-ci illərdə xüsusən genişlənmiş və Azərbaycan xalqını yer üzündən tam silmək kimi iyrənc niyyətlərini bütün çılpaqlığı ilə üzə çıxarmışdır. 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda ermənilər 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, on minlərlə insanı öz torpaqlarından qovmuşlar.

Ötən əsrdə dörd dəfə - 1905-1907, 1918-1920, 1948-1953 və 1988-1994-cü illərdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı və deportasiya siyasəti bu gün özünü Dağlıq Qarabağla bağlı məlum hadisələrdə büruzə verir, həm də onu göstərir ki, ermənilərin xalqımıza qarşı tarixi münasibəti dəyişməyib.

Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə - 1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir. 26 mart 1998-ci ildə "Azərbaycanlıların soyqırımı haqqında" fərman imzalayan ulu öndər Heydər Əliyev ilk dəfə olaraq xalqımızın başına gətirilən soyqırımı cinayətlərinə hüquqi-siyasi qiymət vermişdir. Həmin fərmanla martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.

Biz hər zaman soyqırımı qurbanlarının əziz xatirəsini dərin hüzn və ehtiramla yad edir, Allahdan onlara rəhmət, yaxınlarına səbir diləyir, xalqımıza səadət, ölkə rəhbərliyinə milli vəzifələrimizin reallaşması yolunda uğurlar arzulayırıq. Bu gün hər kəs tutduğu vəzifədən, işlədiyi yerdən asılı olmayaraq, bu məsələlərə - xalqımızın üzləşdiyi soyqırımı cinayətlərinin dünyaya çatdırılmasına çox diqqət və həssaslıqla yanaşmalı, aktiv mübarizə mövqeyinə keçməlidir. Bu mənada "Azərbaycanlıların soyqırımı: tarixin qanlı salnaməsi" kitabının ərsəyə gətirilməsi onun hazırlanmasına əməyi keçən hər kəsin vətəndaşlıq mövqeyinin göstəricisidir.

Ərazisi böyük dövlətlər tərəfindən işğal olunan, parçalanan xalqımızın növbəti bəlalarının ermənilərin doğma torpaqlarımıza köçürülməsindən sonra başlandığını deyən şəhid ailəsinin üzvü Lyüdmila HƏSƏNOVA vurğuladı ki, öz torpaqlarında dövlət qurmaq iddiasına düşən ermənilər XIX əsrdən başlayaraq bu məqsədlə təşkilatlanmış, məqsədlərinə nail olmaq üçün azərbaycanlıların soyqırımı və terrora məruz qoyulması  yolunu tutmuşlar:

- Lakin məruz qaldığımız imperiya əsarəti özümüzü müdafiə etməyə, haqqımızı tələb etməyə imkan verməmişdir. Əksinə, bizi işğal edənlər erməniləri müdafiə etmiş və bu da xalqımıza qarşı soyqırımı cinayətlərinin genişlənməsinə rəvac vermişdir.

Təəssüf doğuran cəhət odur ki, azərbaycanlı əhalinin qətlinə hökm verən və ümumiyyətlə, türk-müsəlman əhaliyə qənim kəsilənlər hətta sovet dövründə vəsf olunmuş, milli müstəqillik uğrunda mübarizə aparan ziyalılarımız isə vətən xaini kimi qələmə verilmişlər.

Mən 1992-ci ilin fevralında ard-arda törədilən Qaradağlı və Xocalı soyqırımlarını öz gözlərimlə görmüşəm. Bütün xocavəndlilər kimi, Qarabağ müharibəsinin ağrı-acısını ilk gündən hiss etmişəm, şəhid vermişəm. Ermənilərin istər XX əsrin əvvəllərində, istər 1948-1953-cü illərdə, istərsə də ötən əsrin sonlarına yaxın başımıza gətirdikləri dünya tarixində bənzəri olmayan erməniliyin əyani nümunələridir. Biz bu hadisələri unutmamalı, dünyaya yaymalı, erməniliyin qanlı siyasət olduğunun beynəlxalq ictimaiyyət tərəfindən etirafına nail olmalıyıq. Bu gün ictimai müzakirəsini keçirdiyimiz "Azərbaycanlıların soyqırımı: tarixin qanlı salnaməsi" kitabı da erməni saxtakarlıqları və yalanlarının ifşası, azərbaycanlılara qarşı tarix boyu törədilmiş soyqırımı cinayətləri, Qarabağ həqiqətləri, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalçılıq siyasəti haqqında əsl həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında müstəsna rol oynayacaq. Kitabın hazırlanmasına görə hər kəsə minnətdaram.

"Azərbaycanlıların soyqırımı: tarixin qanlı salnaməsi" kitabının ictimai-siyasi və tarixi-ideoloji əhəmiyyətinə toxunan  Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı, Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin İdarə Heyətinin üzvü Eyvaz HÜSEYNOV qeyd etdi ki, bu kitab dünyanın müxtəlif regionlarında yaşayan siyasətşünaslar, qafqazşünaslar üçün mühüm əhəmiyyət kəsb edəcəkdir:

- Bu yerdə böyük minnətdarlıq hissi ilə qeyd etmək yerinə düşərdi ki, hörmətli akademikimiz Ramiz Mehdiyevin ölkənin ictimai-siyasi həyatında hadisəyə çevrilən, eyni zamanda tariximizin öyrənilməsi, milli-mənəvi dəyərlərimizin qorunması və milli dövlətçilik ənənələrinin inkişafına, həmçinin erməni yalanlarını əsaslı faktlarla ifşa edən "Azərbaycanlılara qarşı soyqırımı gerçəklikləri", "Azərbaycan: tarixi irs və müstəqillik fəlsəfəsi", "XXI əsrdə milli dövlətçilik", "Yeni siyasət: inkişafa doğru", "Gorus - 2010: absurd teatrı mövsümü" kitabları son dərəcə zəngin və müqayisə olunmayacaq elmi mənbələrdir.

Dəqiq faktlara və mənbələrə istinadən yazılmış bu sanballı əsər bir daha təsdiq edir ki, Ermənistan cəmiyyətində ciddi bir xəstəlik, Azərbaycan xalqına qarşı yüzilliklər boyu yönəlmiş cinayətkar faşizm xəstəliyi mövcud olmuşdur və bu gün də davam edir. XIX əsrin əvvəllərindən başlayaraq Dağlıq Qarabağa və eləcə də ölkəmizin ayrı-ayrı bölgələrinə köçürülmüş ermənilərin bu ərazilərdə məskunlaşdırılması, çar Rusiyası tərəfindən məqsədli yerləşdirmə siyasəti gələcəkdə xalqımızın üzləşəcəyi faciələrin, yüzilliklər boyu davam edəcək erməni məkrinin ilk mərhələsinin başlanğıcı idi. İki yüz ilə yaxın bir müddətdə erməni millətçilərinin xalqımıza qarşı hərbi, siyasi, ideoloji və başqa vasitələrlə yürütdüyü siyasətin məqsədi azərbaycanlıları öz doğma torpaqlarından sıxışdırıb çıxarmaq, fiziki cəhətdən məhv etməklə yeni ərazilər ələ keçirmək, sərsəm "böyük Ermənistan" dövləti yaratmaq idi. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir. "Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə edirdi. Həmin vaxtda yüzlərlə yaşayış məntəqəsi dağıdılmış, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilmişdir. Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin qəsbkar torpaq iddialarını pərdələmişlər. 1918-ci ilin mart ayından etibarən əksinqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlanmışdı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir. Bütün bunlara rəğmən ermənilər ənənəvi havadarlarının köməyi ilə XX əsrin əvvəllərində qədim Azərbaycan torpaqlarında əvvəlcə Ermənistan adlı dövlət qurmağa müvəffəq oldular, az bir vaxtdan sonra yenə ənənəvi havadarlarının sayəsində əsassız iddialarını Dağlıq Qarabağa muxtar vilayət statusu almaqla təmin etdilər.

Keçmiş sovet məkanında müntəzəm şəkildə yayılan kitab, jurnal və qəzetlərdə milli mədəniyyətimizin, klassik irsimizin, memarlıq abidələrimizin ən nəfis nümunələrinin guya erməni xalqına mənsub olduğunu sübut etməyə çalışırdılar. Eyni zamanda, onlar tərəfindən bütün dünyada azərbaycanlıların mənfi obrazını formalaşdırmaq cəhdləri də güclənirdi. "Yazıq, məzlum erməni xalqı"nın surətini yaradaraq əsrin əvvəlində regionda baş verən hadisələr şüurlu surətdə təhrif olunur, azərbaycanlılara qarşı soyqırımı törədənlər soyqırımı qurbanları kimi qələmə verilirdilər. Əsrin əvvəlində əksər əhalisi azərbaycanlı olan İrəvan şəhərindən və Ermənistan SSR-in digər bölgələrindən soydaşlarımız təqibə məruz qalaraq kütləvi surətdə qovulur, azərbaycanlıların hüquqları ermənilər tərəfindən kobudcasına pozulur, ana dilində təhsil almasına əngəllər törədilir, onlara qarşı repressiyalar həyata keçirilirdi. Azərbaycan kəndlərinin tarixi adları dəyişdirilir, toponimika tarixində misli görünməyən qədim toponimlərin müasir adlarla əvəzolunma prosesi baş verirdi. Saxtalaşdırılmış erməni tarixi gənc ermənilərin şovinist ruhda böyüməsinə zəmin yaratmaq üçün dövlət siyasəti səviyyəsinə qaldırılırdı. Böyük humanist ideallara xidmət edən Azərbaycan ədəbiyyatı və mədəniyyəti ruhunda tərbiyə olunmuş yeni nəslimiz ekstremist erməni ideologiyasının təqiblərinə məruz qalırdı. Ermənilərin sovet rejimindən bəhrələnərək həyata keçirdikləri və 80-ci illərin ortalarında daha da güclənən antiazərbaycan təbliğatına Azərbaycan Respublikasının rəhbərliyi vaxtında lazımi qiymət vermədi. 1988-ci ildən ortaya atılan qondarma Dağlıq Qarabağ probleminin ilkin mərhələsində yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından qovulmasına da respublikada düzgün siyasi qiymət verilmədi. Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-in tərkibinə daxil edilməsi haqqında ermənilərin qanunsuz qərarını və Moskvanın, əslində, bu vilayəti Xüsusi İdarəetmə Komitəsi vasitəsilə Azərbaycanın tabeliyindən çıxarmasını xalqımız ciddi narazılıqla qarşıladı və mühüm siyasi aksiyalara əl atmaq məcburiyyətində qaldı. Məhz bunun nəticəsi olaraq 1990-cı ilin yanvar ayında getdikcə güclənən xalq hərəkatını boğmaq məqsədilə Bakıya qoşunlar yeridildi, yüzlərlə azərbaycanlı məhv və şikəst edildi, yaralandı, digər fiziki təzyiqlərə məruz qoyuldu. 1992-ci ilin fevralında ermənilər əvvəlcə Xocavənd rayonunun Qaradağlı kəndinin, bunun ardınca isə Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutdu. Tariximizə qanla həkk olunmuş bu faciələr minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması ilə nəticələndi. Millətçi-separatçı ermənilərin Dağlıq Qarabağda başladığı qəsbkar hərəkətin nəticəsi olaraq bu gün bir milyondan artıq soydaşımız erməni qəsbkarları tərəfindən öz doğma yurd-yuvalarından didərgin salınmış, çətin şəraitdə yaşamağa məhkum edilmişdir. Ərazimizin 20 faizinin erməni silahlı qüvvələri tərəfindən işğalı zamanı minlərlə vətəndaşımız şəhid olmuş və xəsarət almışdır.

"Azərbaycanlıların soyqırımı: tarixin qanlı salnaməsi" kitabı bu baxımdan əlahiddə əhəmiyyət kəsb edir. Bu ikicildlik hər bir azərbaycanlının masaüstü kitabına çevrilməlidir. Hər bir məktəbli, yeniyetmə və gənc tariximizin hələ də qaranlıq qalan səhifələrini məhz bu kitab vasitəsilə öyrənməlidir. Kitabın ictimai müzakirələrini bölgələrdə, ali məktəblərdə keçirmək mütləqdir. Əminik ki, "Azərbaycanlıların soyqırımı: tarixin qanlı salnaməsi" kitabı qısa müddət ərzində rus, ingilis, fransız və digər xarici dillərə də tərcümə olunacaq. Çünki azərbaycanlıların soyqırımı ilə bağlı həqiqətlərin araşdırılması həm də dünya erməniliyinə böyük zərbədir.

"Azərbaycanlıların soyqırımı: tarixin qanlı salnaməsi" kitabının ictimai müzakirəsində göstərdiyi fəallığa və qəzetin yaradıcı heyətinin əməyinə verilən yüksək qiymətə görə tədbir iştirakçılarına təşəkkür edən Bəxtiyar SADIQOV bildirdi ki, bu kitab dövlətimiz tərəfindən bütünlüklə dünya erməniliyinə qarşı aparılan effektiv mübarizədə əsas ideoloji-siyasi istinadgahlarımızdan birinə çevriləcək:

 - Bizi bir faciə, bir dərd birləşdirir - azərbaycanlıların soyqırımı. Bizi bir məqsəd birləşdirir - torpağımızın qaytarılması, ərazi bütövlüyümüzün bərpa edilməsi. Əziyyətimiz, itkimiz, şəhidimiz çoxdur. Amma elə çıxmasın ki, biz ermənilərin layiq olduqları cavabı verməmişik. İgid Azərbaycan oğulları da ermənilərin yaxşıca dərsini veriblər. Onların ən böyük terrorçusu Monte Melkumyanın başını qarabağlı, xocavəndli balası İbad Hüseynov kəsib.

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından cəmi 20 il ötür. Amma biz bu 20 ilin hamısını quruculuğa həsr edə bilməmişik. Müstəqilliyimizin ilk illərində baş verən hadisələr ölkəyə çox böyük zərbələr vurdu. Yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə dövlətçiliyimiz bərpa edildi, müstəqilliyimizin əbədiliyi  təmin olundu, Azərbaycan inkişaf yoluna qədəm qoydu. Ulu öndərin siyasi kursunu layiqincə yaşadan Prezident İlham Əliyevin sayəsində son 8 ildə Azərbaycan böyük inkişaf yolu keçib, bölgənin lider dövlətinə çevrilib. Dövlətimizin büdcəsi 20 dəfə artıb. Artıq Azərbaycan dünyaya investisiya yatıran ölkədir, iqtisadi inkişaf baxımından ən sürətlə inkişaf edən dövlətlərdən biridir. Bütün bunlar ondan xəbər verir ki, biz bədbin ola bilmərik!

Bu gün ölkədə informasiya-kommunikasiya texnologiyaları sürətlə inkişaf edir, məktəblərimiz internetləşib. Ona görə cavanlarımız internet şəbəkələrində düşmənlə daha fəal mübarizə aparmalıdırlar, Azərbaycan həqiqətlərini dünyaya çatdırmalıdırlar. Biz ideoloji mübarizədə dayanmamalıyıq! Bizim vəzifə borcumuzdan başqa insanlıq, vətəndaşlıq borcumuz da var! Bu da layiqli övladlar yetişdirmək, Prezidentin siyasi xəttini dəstəkləməkdir!

Mən bir daha bu kitabın ərsəyə gəlməsində çox böyük zəhməti olan, onun ideya rəhbəri akademik Ramiz Mehdiyevə, redaktoru professor Əli Həsənova təşəkkürümü bildirirəm. Kitabın Bakıda gözəl təqdimatı oldu, rəylər verildi. Bu "dəyirmi masa"da kitabımıza verilən qiymətlər bizim üçün çox böyük dəstəkdir. Hər birinizə burada iştirakınıza görə təşəkkür edirəm.

Azərbaycanın yeganə problemi torpaqlarımızın işğal altında olmasıdır. Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev bəyan edib ki, bir qarış torpaq belə düşmənə güzəştə gedilməyəcək və istənilən yolla öz ərazilərimizi azad edəcəyik! Bəli, biz öz torpaqlarımıza qayıdacağıq, ərazi bütövlüyümüz bərpa olunacaq! Azərbaycan daha  qüdrətli dövlətə çevriləcək! Proseslərin gedişatı düz axarındadır. Ona görə biz mütləq qalib gələcəyik!

 

 

Azərbaycan. - 2012.- 4 aprel.- S. 4-5.