Ürəklərə hakim kəsilən sevinc hissləri

 

Həyatda elə hadisələr baş verir ki, istər-istəməz onları təkrar anmalı, xatırlamalı olursan. Bu zaman olanlar, ötənlər kino lenti kimi gəlib gözlərin önündən keçir. İnkişafın, abadlığın təntənəsini görəndə ürəyin fərəh hissi ilə dolur, sevincin köksünə sığmır. Bunların qısa zaman kəsiyində həyata keçdiyinin şahidinə çevriləndə isə sevincin birə-beş artır. Düşünürsən ki, şair demişkən, gözəl günlər, xoş günlər, üzümüzə gülən günlər hələ qarşıdadır. Çox yox, bir il bundan qabaq Salyanda vəziyyət tamam başqa idi. Rayon əhalisi bölgələrimizdə gedən inkişafı görəndə yaxşı mənada həsəd hissi keçirirdi. Lakin onlar ümidsiz deyildilər. İnanırdılar ki, ölkə başçısı Salyanın da tərəqqisi, abadlaşması üçün tədbirlər görəcək.

İnsanların belə nəticəyə gəlməyə haqları vardı. Axı, Salyan ölkəmizin ən qədim yaşayış məskənlərindəndir. Arxeoloqlar müəyyən etmişlər ki, ən azı eramızdan əvvəl IX-VIII əsrlərdə burada insanlar yaşamışlar. Onlar nəsil-nəsil ömür sürmüş, özlərindən sonra iz qoyub getməyə çalışmışlar. Bu gün salyanlılar həmin şəxsiyyətlərlə iftixar hissi keçirirlər. Son 200 ilə nəzər salanda görürük ki, dini dəyərlərimizin beşiyi başında dayanan Qafqaz şeyxülislamlarının 6-sı salyanlı olub. Şeyxülislam Əhməd Səlyaninin nəvəsi - böyük filosof, riyaziyyatçı, həkim, jurnalist, şair və rəssam Əli bəy Hüseynzadə, ən yeni tariximizin azadlıq, istiqlal şairi Xəlil Rza Ulutürk, akademik F.Məlikov, şairlər Əliağa Kürçaylı, A.Əlizadə, tarixçi alim Əlövsət Quliyev, səhnəmizin tanınmış məcnunlarından biri Qulu Əsgərov, kino ulduzu Həsən Məmmədov, aşıqlar Pənah Pənahov, B.Qədirov və yüzlərcə digər istedadlı şəxsiyyətlər bu torpağın yetirmələridir.

Salyanın indiki dirçəlişi, yəqin ki, onların da ruhunu şad edir. Bəli, bu gün Salyan, sözün həqiqi mənasında, tikinti meydançasını xatırladır. Bütün qüvvələr əhalinin çoxdan bəri gözlədiyi məsələlərin həllinə səfərbər olunub. Keçən ilin aprel ayında ölkə başçısı cənub bölgəsinə səfəri zamanı Salyanda olarkən quruculuq, abadlıq sahəsində rayonda başlanan işləri təqdir edərək demişdir: "Salyan şəhərinin gözəl inkişaf planı hazırlanıb. Bu yaxınlarda icra başçısı mənə məlumat verdi, planı təqdim etdi. Mən də onu bəyəndim və dəstəklədim. Əlavə vəsait ayrılacaq, Salyan şəhəri Azərbaycanın ən gözəl şəhərlərindən birinə çevrilməlidir".

Prezident səfərdən geri qayıtdıqdan dərhal sonra - 19 aprel 2011-ci il tarixdə "Astara, Masallı və Salyan rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında" sərəncam imzaladı. Sənədə əsasən, Salyan Rayon İcra Hakimiyyətinə 2 milyon manat vəsait ayrıldı. Bu, rayon rəhbərliyini, əhalini ruhlandırdı, qurub-yaratmaq imkanını, əzmini daha da artırdı. Aylar yox, günlər, həftələr arxada qaldıqca Salyan şəhəri öz simasını dəyişməyə başladı. Çoxmərtəbəli və bir çox fərdi evlərin, ictimai binaların, kommersiya, habelə iaşə obyektlərinin fasadları "gülbax" daşı ilə zövqlə hörüldü, səkilərə bəzəkli daşlar düzüldü, küçələrə 600-dən çox müasir elektrik fanarları qoyuldu, binaların divarlarına işıqlandırma sistemi quraşdırıldı, küçələrin xeyli hissəsinə yeni asfalt döşəndi, çoxlu sayda bəzək ağacları əkildi, yaşıllıqlar salındı. Bütün işlər zövqlə, peşəkarlıqla görülürdü. İndi Salyan şəhərinin gecələri rəngbərəng işıq selində daha füsunkar və cazibədardır. Cənub bölgəsinə gedən avtomobil yolunun üstündə yerləşən Salyan dairəsindəki Dövlət Bayrağı Meydanı, 31 mart soyqırımı qurbanlarının, Böyük Vətən müharibəsində həlak olanların, 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksləri yenidən qurulub. Burada eyni zamanda son illər respublikamızda, habelə Salyan rayonunda gedən sosial-iqtisadi, mədəni inkişafı əks etdirən geniş ekranlı monitor quraşdırılıb. İndi hər bir salyanlı bu inkişafı görüb sevinir, doğma el-obasına daha yaxından bağlanır. Onlar səs-küylü, sıxlıqdan tərpənmək mümkün olmayan, tıxac dolu şəhərlərdənsə burada yaşamağa üstünlük verməyə başlamışlar.

Rusiya Federasiyasının Xabarovsk şəhərində yaşayan Yaşar Hüseynovun dediklərindən: "40 ilə yaxındır ki, Xabarovskda yaşayıram. Əsgərlikdən sonra orada qalıb ali təhsil aldım, daha sonra inşaatçı mühəndis kimi əmək fəaliyyətinə başladım. Ötən illər ərzində Vətən hissi bir an belə məni tərk etməyib. Ailə həyatı quranda, qızımı ərə verəndə də bu məsələni əsas şərt kimi götürmüşəm. Həyat yoldaşım da böyüyüb boya-başa çatdığım Salyandandır. Yeganə qız övladımı da orada yaşayan azərbaycanlı ailələrindən birinin oğluna verdim. Sözsüz ki, qarşılıqlı məhəbbət əsasında. Məzuniyyət götürüb iki həftəliyə doğmalarımı yoxlamaq üçün Salyana gəlmişəm. Hər iki-üç ildən bir onlara baş çəkirəm. Amma doğma şəhərimizi heç vaxt belə məftunedici görməmişəm. Salyan çox gözəlləşib. Normal həyat sürmək üçün burada hər bir şərait var. Belə getsə, yaxın vaxtlarda Salyan, deyəsən, Bakıya çatacaq. Qərara gəlmişəm ki, gələn dəfə gələndə burada, inşallah, ev alacağam. Düzdür, Bakıda evim var. Amma indi görürəm ki, doğma şəhərdə də olmalıdır. Axı mənim uşaqlığım, gəncliyimin ilk vaxtı bu yerlə bağlıdır. Adam yaşlaşdıqca Vətən, el-oba həsrətini daha çox hiss etməyə başlayır."

Təkcə Yaşar Hüseynov deyil, rayondan ayrı düşən digər salyanlılar da bu gün vətənə qayıdanda onu tanıya bilmədiklərini, heyranlıqla hüsnünə tamaşa etdiklərini, doğma yurda qayıtmağın vaxtı olduğunu deyirlər.

Ölkə başçısı heç bir il keçməmiş cənub bölgəsinə səfəri zamanı martın 13-də yenidən Salyana gəldi. Səfər Novruz bayramı ərəfəsinə təsadüf edirdi. Əslində "təsadüf" kəlməsini sözgəlişi işlədirik. Çünki Prezident hər il bu bayram ərəfəsində bölgələrə səfər edir, əhali ilə görüşüb söhbətlər aparır, yeni-yeni obyektlərin açılışında, təməlqoyma mərasimində iştirak edir, öz təklif və tövsiyələrini verir. Bu dəfə də belə oldu. Rayon icra hakimiyyətinin yeni inzibati binasında və Heydər Əliyev Mərkəzi kompleksində aparılan tikinti işləri, "Kür" otelinin əsaslı yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış oldu, əsaslı təmir və bərpa edilmiş Cümə məscidinə baxdı. Ölkə başçısı Uşaqların Texniki Yaradıcılıq Mərkəzinin və uşaq kitabxanasının yerləşdiyi binanın açılışını bildirən lenti kəsdi.

Yol inkişafın göstəricisidir. Onun çəkilişi üçün külli miqdarda vəsait tələb olunur. 2009-2013-cü illər regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında bu mühüm məsələnin həlli ilə bağlı kənd yollarının da yenidən qurulması nəzərdə tutulmuşdur. Hazırda bu istiqamətdə ardıcıl işlər görülür. Prezidentin AstaraSalyan rayonlarında olarkən yenidən qurulan kənd yollarının istifadəyə verilmə mərasimində iştirak etməsi də bunu sübut edir.

Dövlət başçısının açılışında iştirak etdiyi Kürsəngi-Yolüstü kəndarası avtomobil yolunun böyük əhəmiyyəti var. Ümumi uzunluğu 23,5 kilometr olan bu yol Kürsəngi, Birinci Varlı, YolüstüYeni Uluxanlı kəndlərini birləşdirir. Bununla yanaşı, yol daha iki kəndin - Peykİkinci Varlı kəndlərinin 10 mindən çox əhalisinin rahatlığını təmin edir. Həmin kəndin nümayəndələri açılış mərasiminə gəlmişdilər. Hər birinin üzündə hədsiz sevinc və fərəh hissi vardı. Açılış mərasimində çıxış edən Prezident dedi: "Əminəm ki, siz bu yoldan rahat istifadə edəcəksiniz. Çünki yol tikintisi əsas məsələlərdən biridir... Son müddət ərzində, keçən il, bu il və gələn il kənd yollarına böyük vəsait qoyulur və qoyulacaqdır... Yaxşı yaşamaq üçün yol, işıq, qaz, içməli su, yaşayış şəraiti, yerləri lazımdır. Biz bütün bu işlərlə məşğuluq. Bundan sonra da məşğul olacağıq. Əminəm ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının ikinci mərhələsi gələn ilin sonuna qədər uğurla başa çatacaqdır və bütün sosial iqtisadi məsələlər öz həllini tapacaqdır."

Bütün bunlar isə əhalinin ürəyincədir və onların qəlbini sevinc hissi ilə doldurur, gələcəyə inamını artırır. Adamlar ümid edirlər ki, sürətlə inkişaf edən respublikamızda yaşayış səviyyəsi daha da yüksələcək. Rayonun sosial-iqtisadi inkişafı üçün Prezidentin sərəncamı ilə yenidən ayrılan 2 milyon manat vəsait buna bariz nümunədir.

 

 

Seyran CAVADOV

 

Azərbaycan.- 2012.- 4 aprel.- S. 6.