BTC belə tikilirdi...

 

Kəmərin bilavasitə inşaat işləri 2003-cü ilin aprelində başlamışdı

 

Bakı-Tbilisi-Ceyhan kəmərinin təməli 2002-ci il sentyabrın 18-də Səngəçal terminalında qoyuldu. İlkin və müfəssəl mühəndis-layihə işləri bu vaxta qədər artıq bitmişdi. Təməlqoymadan sonra isə tikinti üçün hazırlıq işlərinə başlandı. Fiziki tikintiyə, yəni kəmərin bilavasitə inşasına 2003-cü ilin aprel ayında start verildi.

BTC layihəsinin əməliyyatçısı bp şirkətindən həmin vaxt aldığımız məlumatda deyilirdi: "Layihənin həyata keçirilməsi istiqamətində bu ay çox mühüm bir nailiyyət əldə olunmuşdur: hər üç ölkədə - Azərbaycanda, Gürcüstanda və Türkiyədə boruların bilavasitə torpağa qoyulmasına hazırlıq üçün tikinti dəhlizinin təmizlənməsi ilə tikinti işləri artıq başlanmışdır".

Elə həmin məlumatda da bildirilirdi ki, kəmərin təkcə Azərbaycan hissəsi üçün 39 min boru lazım olacaq. Onların ölkəyə gətirilməsi yeddi ay çəkdi. Çünki yüklənib gələn hər gəminin gətirdiyi boruların ümumi uzunluğu cəmi 25-30 kilometr idi. Kəmər isə ölkəmizin ərazisi ilə 442 kilometr uzanır.

İlk borular Bakıya həmin ilin əvvəlində çatdırılmışdı. Əsasən 42 düymlük bu borular Yaponiyanın "Sumitomo" şirkətində istehsal olunurdu.

Bütün bölgələrdə boru xətti kimin həyətyanı sahəsindən keçirdisə, onların hamısına kompensasiya ödənilirdi. Nazirlər Kabineti BTC-nin çəkilişi üçün torpaqların ayrılması barədə sərəncamı da məhz aprelin 7-də imzalamışdı və bundan sonra kompensasiyaların ödənilməsi prosesi başlanmışdı.

Kəmərin tikintisi sürətlə gedirdi. 2003-cü ilin ortalarında işlərin 15 faizi artıq görülmüşdü. İyulun 24-nə qədər Azərbaycana ümumi uzunluğu 288 kilometrdən çox olan borular gətirilmişdi. Bu, kəmərin ölkəmizdən keçən hissəsinin çəkilməsi üçün lazım olan boruların 68 faizi demək idi.

Borular gətirildikcə Umbakı, Muğan, Kürdəmir, Yevlax, Gəncə və Poylu məntəqələrindəki bazalara yığılır və oradan tikinti sahəsinə daşınırdı.

İlk borular iyun ayında bir-birinə qaynaq edildi. Bu dövrdə kəmərin Səngəçal terminalının ərazisindəki baş nasos stansiyasının bünövrəsi qoyulurdu. Yevlax rayonundakı ikinci nasos stansiyası tikilirdi. Kürdəmirin yaxınlığındakı ərsinburaxma stansiyasının inşaat işlərinə başlamaq üçün hazırlıq görülürdü. Başqa sözlə, kəmərin həm borularının düzülüb qaynaq edilməsi, həm yerüstü obyektlərinin tikintisi, həm layihə ilə bağlı bir sıra təşkilat işləri getdikcə geniş vüsət almaqda idi.

BTC müəllifi ümummilli lider Heydər Əliyev olan möhtəşəm, bənzərsiz bir əsərdir. Bu, müdrikliklə düşünülmüş bir layihə olduğundan bütün çətinliklərdən keçə bildi əvvəlcədən nəzərdə tutulmuş vaxtda başa çatdırıldı. 2005-ci il mayın 25-də Səngəçal terminalından BTC-nin Azərbaycan hissəsinə neft vurulması münasibətilə təntənəli mərasim keçirildi. Bu tədbirdə Azərbaycanın, Türkiyənin, Gürcüstanın Qazaxıstanın dövlət başçıları, dünyanın bir sıra ölkələrindən gəlmiş yüksək rütbəli qonaqlar iştirak etdilər.

Bir il sonra - 2006-cı il mayın 28-də BTC Azərbaycan neftini Ceyhana çatdırdı. Həmin ilin iyul ayında isə kəmər tam bir sistem kimi işə düşdü. O vaxtdan da fəaliyyətini təhlükəsiz fasiləsiz davam etdirir. BTC öz yaradıcısının - ulu öndər Heydər Əliyevin adını şərəflə daşıyır.

Kəmərin gündəlik ötürücülük gücü 1,2 milyon bareldir. O, üç ölkə ərazisində 1768 kilometr məsafə qət edərək "Azəri-Çıraq-Günəşli" neftini dünya bazarlarına çatdırır. Bundan əlavə, boru xəttinə müəyyən həcmdə Türkmənistan nefti vurulur. Ümumiyyətlə, istifadəyə verildiyi vaxtdan indiyədək BTC- 181 milyon tondan çox neft vurulub.

Bu gün BTC təkcə Azərbaycana deyil, bütün regiona iqtisadi gəlir gətirir. Onun siyasi əhəmiyyəti böyükdür. Təsadüfi deyil ki, BTC haqqında söhbət gedəndə ona aid olan "kəmər" sözünü obrazlı olaraq özünün digər mənasında da işlədirlər. Doğrudan da, o, üç ölkə ərazisinin sanki "bel"inə dolanan kəmər kimi onları sıx birləşdirir. BTC-nin təməli qoyularkən ulu öndər Heydər Əliyev məhz bu cür demişdir: "Ancaq təkcə iqtisadi deyil, hesab edirik ki, bizim gördüyümüz işlər, Bakı-Tbilisi-Ceyhan siyasi xarakter daşıyır. Bu layihə onun həyata keçirilməsi Qafqaz bölgəsində sülhün, əmin-amanlığın, təhlükəsizliyin təminatçısı ola bilər. Bu boru xətti, bu polad boru Azərbaycanı, Gürcüstanı, Türkiyəni bir-biri ilə sıx birləşdirəcəkdir".

 

 

Flora SADIQLI

 

Azərbaycan.- 2012.- 4 aprel.- S. 6.