Elmar Məmmədyarov və Sergey Lavrov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsini müzakirə etmişlər

 

Aprelin 3-də Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun birgə mətbuat konfransı keçirilmişdir. Elmar Məmmədyarov qeyd etmişdir ki, danışıqların gedişində iki ölkənin xarici işlər nazirlərinin birgə bəyanatının mətni razılaşdırılmışdır. Bəyanatda ölkələrimizin 20 il ərzində keçdiyi yol öz əksini tapmışdır. Nazir E.Məmmədyarov bildirmişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsi də müzakirə edilmişdir. Son illərdə Rusiya bu problemin həlli üçün çox səy göstərmişdir. Nazir demişdir: "Bu məsələdə Rusiya Prezidenti Dmitri Medvedevinxarici işlər naziri Sergey Lavrovun səylərini qeyd etmək lazımdır. Mən nikbinliyi itirmirəm, inanıram ki, münaqişə məsələsində irəliləyişə nail olacağıq, çünki mövcud status-kvo qəbuledilməzdir".

E.Məmmədyarov rusiyalı həmkarı ilə regional məsələləri, o cümlədən İranSuriya ətrafında hadisələri də müzakirə etmişdir. Nazir demişdir ki, energetika sahəsində iki ölkə arasında əməkdaşlıq yüksək səviyyədədir. Rusiyaya Azərbaycandan qaz nəqlinin artırılması barədə razılaşma buna sübutdur. O, humanitar sahədə uğurlu əlaqələri də qeyd edərək Azərbaycanda Moskva Dövlət Universitetinin Bakı filialının, Bakı Slavyan Universitetinin fəaliyyət göstərməsini, ölkəmizin aliorta məktəblərində rus dili və ədəbiyyatının öyrənilməsini vurğulamışdır. E.Məmmədyarov bildirmişdir ki, Moskvada, gələcəkdə isə Rusiyanın başqa regionlarında da Azərbaycan Mədəniyyət Mərkəzinin açılması məsələsi S.Lavrovla müzakirə edilmişdir.

Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov demişdir ki, biz strateji tərəfdaşlığımızın daha da dərinləşməsi məsələsini nəzərdən keçiririk. İqtisadi sahədə ikitərəfli münasibətlər dinamik inkişaf edir. O demişdir: "Ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 3 milyard dollar təşkil edir. Bununla bərabər, ticari-iqtisadi əlaqələrin genişləndirilməsi üçün xeyli əlavə imkanlar vardır".

E.Məmmədyarov bildirmişdir ki, BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş ərazilərinin danışıqsız azad edilməsini, qaçqınların və məcburi köçkünlərin öz doğma evlərinə qaytarılmasını nəzərdə tutan bir neçə qətnamə qəbul etmişdir.

S.Lavrov Azərbaycanda rus dilinin vəziyyətindən razı olduğunu bildirərək qeyd etmişdir ki, Azərbaycan məktəblərində rus dilinin dərindən öyrənilməsi üzrə pilot layihəsini işə salmaq planlaşdırılır.

Rusiyalı nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsinə toxunaraq qeyd etmişdir ki, Rusiya Azərbaycan və Ermənistanın bu məsələnin həllinin tapmasında maraqlıdır. O demişdir: "Biz istəyirik ki, bu həll bu torpaqda yaşayan insanların mənafelərinə uyğun olsun, bu münaqişə nəticəsində yaranmış problemlər həll edilsin". S.Lavrovun sözlərinə görə, Soçi bəyanatında vurğulandığı kimi, tərəflər münaqişənin tənzimlənməsinin ümumi prinsiplərinin razılaşdırılmasını sürətləndirməkdə maraqlıdırlar. S.Lavrov vurğulamışdır: "Tənzimləmə yalnız qarşılıqlı məqbul ola bilər və bunu hamı başa düşür". Onun sözlərinə görə, Rusiyanın vasitəçiliyi tərəflər arasında razılığa nail olmağa imkan verəcək şərait yaradılmasına yönəlmişdir.

Mətbuat konfransında son 20 ildə Azərbaycan və Rusiya arasında imzalanmış sazişlərin məcmuəsi təqdim edilmişdir. Ölkələrimiz arasında diplomatik münasibətlər yaradılmasının 20 illiyinə həsr edilmiş məcmuəyə 85 hökumətlərarası sazişin mətnləri daxil edilmişdir. Bu günə qədər Azərbaycan və Rusiya bütövlükdə 165 saziş imzalamışlar. O cümlədən, ölkəmiz şimal qonşumuzun müxtəlif regionları ilə çoxsaylı sənədlər imzalamışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 4 aprel.- S. 7.