Rusiyanın xarici işlər naziri Azərbaycan
ilə Rusiya arasında diplomatik
əlaqələrin qurulmasının 20-ci ildönümünə
həsr edilmiş fotosərgi ilə
tanış olmuşdur
Azərbaycana rəsmi səfəri çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 3-də Azərbaycan Diplomatik Akademiyasında (ADA) ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümünə həsr edilmiş fotosərgi ilə tanış olmuşdur.
AzərTAc xəbər verir ki, sərgidə Azərbaycan və Rusiya prezidentlərinin, xarici işlər nazirlərinin və digər rəsmi şəxslərin görüşlərini, dövlətlərimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrini əks etdirən 70-dək fotoşəkil nümayiş etdirilmişdir.
Tədbirdə çıxış edən S.Lavrov ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyi ərəfəsində bu cür fotosərginin təşkil olunmasını yüksək qiymətləndirmişdir. Azərbaycanın Rusiyanın strateji tərəfdaşı olduğunu qeyd edən nazir vurğulamışdır ki, ölkələrimiz arasında əlaqələrimiz bütün sahələrdə yüksələn xətlə inkişaf edir. Azərbaycan ilə Rusiya arasında münasibətlər mədəni, humanitar, təhsil və digər sahələrdə, o cümlədən beynəlxalq əməkdaşlıq çərçivəsində də durmadan genişlənir.
Ölkələrimiz arasında əlaqələrin dinamik inkişaf etdiyini vurğulayan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiyada da diplomatik münasibətlərimizin qurulmasının 20-ci ildönümü ilə əlaqədar tədbirlərin keçirilməsinin vacibliyini xüsusi qeyd etmişdir.
Sonda qonaqlar
ADA-nın inşa ediləcək yeni binasının maketi
ilə tanış olmuşlar.
Azərbaycan.- 2012.- 4 aprel.- S. 7.