Azərbaycan
Respublikası və Rusiya Federasiyası
arasında diplomatik münasibətlər
yaradılmasının 20-ci ildönümü
ilə əlaqədar Azərbaycan Respublikasının və Rusiya Federasiyasının xarici
işlər nazirlərinin birgə bəyanatı
İyirmi il bundan əvvəl, 1992-ci il aprelin 4-də Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında diplomatik münasibətlər yaradılması haqqında protokol imzalanmışdır. Ötən dövrdə Rusiya və Azərbaycan xalqları arasında bərabərhüquqlu, qarşılıqlı faydalı və konstruktiv münasibətlərin ənənəvi dostluq və mehriban qonşuluq ruhunda hərtərəfli möhkəmlənməsinə yönəlmiş ikitərəfli əməkdaşlıq yüksək səviyyəyə çatdırılmışdır.
Azərbaycan-Rusiya tərəfdaşlığının strateji xarakteri ikitərəfli baza sənədlərində - Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında 3 iyul 1997-ci il tarixli müqavilədə, Bakı (2001-ci və 2008-ci illər) və Moskva (2008-ci il) bəyannamələrində təsbit edilmişdir. 2010-cu il sentyabrın 3-də Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədi haqqında müqavilə imzalanması ikitərəfli münasibətlərin daha da genişlənməsi və möhkəmlənməsi yolunda mühüm hadisə olmuşdur.
Bu gün Azərbaycan ilə Rusiya arasında əməkdaşlıq dönmədən və sabit inkişaf edir. Dolğun siyasi dialoq və ən başlıcası, iki ölkənin ali rəhbərlərinin mütəmadi şəxsi əlaqələri bu əməkdaşlığa yüksək dinamika gətirir. Fəal parlamentlərarası əlaqələr çox müsbət rol oynayır.
Ölkələrimiz arasında münasibətlər zəngin potensiala malikdir və gələcəyə yönəlmişdir. Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının qarşılıqlı əlaqələrinin möhkəmlənməsi və zənginləşməsi üzrə ardıcıl və israrlı birgə işi davam etdirmək əzmini qeyd edirik.
Ticari-iqtisadi sahədə Azərbaycan-Rusiya əməkdaşlığının miqyası və keyfiyyəti ilbəil artır. 2011-ci ildə qarşılıqlı əmtəə dövriyyəsi 2,5 milyard ABŞ dollarından artıq olmuşdur. Onun bundan sonra daha da, o cümlədən Azərbaycan və Rusiya regionlarının bu işə daha fəal cəlb edilməsi hesabına artırılması üçün yaxşı perspektivlər vardır.
Humanitar sahədə xalqlarımız arasında qədim qarşılıqlı hörmət ənənələrinə, müştərək tarixi və mədəni irsə əsaslanan əməkdaşlığın dərinləşməsinə prioritet əhəmiyyət veririk. Mədəniyyət və incəsənət, elm və təhsil, informasiya və gənclər siyasəti sahələrində mübadilə və sıx qarşılıqlı əlaqələr səmərəli inkişaf edir.
2011-ci il oktyabrın 10-11-də Azərbaycan Respublikası Prezidentinin və Rusiya Federasiyası Prezidentinin himayəsi ilə keçirilmiş Bakı Beynəlxalq Humanitar Forumunun yekunları yüksək qiymətə layiqdir. Forumun tematikası qloballaşmaqda olan müasir dünyanın reallıqları ilə səsləşir, XXI əsrin çağırışlarının humanitar aspektlərini adekvat qiymətləndirməyə, müvafiq problemlərin həlli yollarını axtarmağa imkan verir. Bu forumun hər il keçirilməsi ideyasını dəstəkləyirik.
Rusiyada Azərbaycan diasporunun və müvafiq surətdə Azərbaycanda Rusiya diasporunun mədəni bənzərsizliyinin və ənənələrin qorunub saxlanması və inkişafı üçün iki dost ölkənin xalqlarının yaxınlaşmasında hər iki icmanın xüsusi rolunu nəzərə alaraq, əlverişli şəraitin təmin olunmasına kömək etmək əzmində olduğumuzu təsdiq edirik.
Bakı şəhərində Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin fəaliyyətinin nəticələrini müsbət qiymətləndiririk. Əminik ki, Moskva şəhərində Azərbaycan İnformasiya-Mədəniyyət Mərkəzinin yaradılması ikitərəfli humanitar əlaqələrin daha da möhkəmlənməsinə kömək edəcəkdir. Bakı şəhərində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filialının və Dərbənd şəhərində Azərbaycan Dövlət İqtisad Universitetinin filialının fəaliyyəti böyük əhəmiyyət kəsb edir.
Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dostluq və strateji tərəfdaşlıq haqqında 3 iyul 2008-ci il tarixli bəyannamənin, xüsusən, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn hamı tərəfindən tanınmış norma və prinsipləri əsasında, ilk növbədə, dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri barədə müddəanın, habelə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və ATƏT-in qərarlarına riayət edilməsinin təmin olunması əsasında tezliklə tənzimlənməsinin vacibliyi haqqında müddəalarının əhəmiyyətini təsdiqləyirik, həmçinin ATƏT-in 2010-cu il dekabrın 1-də Astanada (Qazaxıstan) keçirilmiş sammitində ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin nümayəndə heyətlərinin, Azərbaycan və Ermənistan prezidentlərinin birgə bəyanatının müddəalarını təsdiqləyirik.
2010-cu il noyabrın 18-də Bakı şəhərində Üçüncü Xəzər Sammitində Xəzərin hüquqi statusu barədə Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında əldə edilmiş razılaşmaların həyata keçirilməsinin təmin edilməsinə yönəlmiş ikitərəfli məsləhətləşmələrə böyük əhəmiyyət veririk. Xəzəryanı ölkələrin dövlət başçıları tərəfindən qəbul edilmiş qərarların yerinə yetirilməsi məqsədi ilə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində yaradılmış xüsusi işçi qrup çərçivəsində aparılan işi dəstəklədiyimizi bildiririk.
Müstəqil Dövlətlər Birliyinin iştirakçı dövlətlər arasında dialoq və qarşılıqlı fəaliyyətin mühüm mexanizmi kimi əhəmiyyətini qeyd edirik.
BMT, ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyəti möhkəmlətmək və genişləndirmək niyyətindəyik.
Razılıq hissi ilə qeyd edirik ki, Azərbaycan Respublikasının BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi beynəlxalq əməkdaşlığın dərinləşməsinə, regionda sülhün, təhlükəsizliyin və sabitliyin möhkəmlənməsinə imkan yaradır.
Əminik ki, Azərbaycan-Rusiya münasibətlərinin bundan sonra da dönmədən inkişafı xalqlarımızın köklü mənafe və amallarının reallaşmasına, hər iki ölkənin qlobal sabitliyin və təhlükəsizliyin tərəfdarları kimi beynəlxalq nüfuzunun möhkəmlənməsinə şərait yaradacaq, planetdə sülhün və qarşılıqlı anlaşmanın qorunub saxlanmasına müştərək töhfə olacaqdır.
Bakı şəhəri, 03 aprel
2012-ci il
Azərbaycan.- 2012.- 4 aprel.- S. 7.