“Müasir
dünyada münaqişələrin həlli
və sülhün əldə edilməsi” mövzusunda keçirilən
tədbirin nümayəndələri xocavəndli məcburi
köçkünlərlə görüşmüşlər
Azərbaycan Respublikası Strateji Araşdırmalar Mərkəzində (SAM) "Müasir dünyada münaqişələrin həlli və sülhün əldə edilməsi" mövzusunda keçirilən tədbirdə iştirak edən finlandiyalı deputat Elizabet Naukler, Aland adalarının Sülh İnstitutunun direktoru Barbro Sundbak və Aleksanteri İnstitutundan Mikko Palonkorpi xocavəndli məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Beyləqan rayonu ərazisində salınmış Xocavənd qəsəbəsinə səfər etmişlər.
AzərTAc xəbər verir ki, qonaqlar əvvəlcə Xocavənd Rayon İcra Hakimiyyətində (RİH) olmuşlar. RİH-in başçısı Eyvaz Hüseynov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun fəsadları barədə qonaqlara məlumat vermiş, qaçqınların və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülmüş işlərdən söz açmışdır. Bildirmişdir ki, Xocavənd rayonu 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Qarabağ müharibəsində Xocavənd rayonundan 145 nəfər şəhid olmuş, 300 nəfərdən çox sakin sağlamlığını itirmişdir.
Hazırda rayon əhalisi məcburi köçkün kimi ölkənin 36 rayonunda məskunlaşmışdır. Son illər Beyləqan rayonu ərazisində xocavəndli məcburi köçkünlər üçün qəsəbələr salınmış, onların mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində xeyli işlər görülmüşdür. Lakin xocavəndlilərin ən böyük arzusu öz torpaqlarına qayıtmaqdır. O, təəssüflə qeyd etmişdir ki, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qətnamələrinə, beynəlxalq hüquqa əməl olunmur.
Qonaqlar Xocavənd rayonunun Qaradağlı kənd sakini Sevil Əzimovanın evində olmuş, çay süfrəsi arxasında söhbət etmişlər. Məlumat verilmişdir ki, 1992-ci il fevralın 17-də Qaradağlı kəndi erməni silahlı qüvvələri tərəfindən məhv edilmişdir. İşğal nəticəsində Qaradağlı kəndində 200 ev, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər dağıdılmış, 118 sakin əsir götürülmüş, 77 nəfər qətlə yetirilmiş, 800 nəfərə yaxın sakin məcburi köçkün düşmüşdür.
Məcburi köçkün S.Əzimova demişdir:
- Ermənilər bizi öz yurdumuzdan, evimizdən didərgin salmışlar. İki oğlum, qohumlarım ermənilər tərəfindən qətlə yetirilib. Biz doğma torpaqlarımızda yaşamaq istəyirik.
Qonaqlar sonra Salakətin kənd orta məktəbində, uşaq bağçasında, mərkəzi rayon xəstəxanasında və mədəniyyət evində olmuşlar.
Finlandiyalı deputat Elizabet Naukler demişdir ki, ərazi iddiaları zəminində yaranmış münaqişələrin sülh yolu ilə həlli istiqamətində ölkəsi böyük təcrübəyə malikdir. "Biz öz həllini tapmış münaqişədə olan dövlətin nümayəndələri kimi təcrübəmizi sizinlə bölüşürük. Bizim bəxtimiz onda gətirdi ki, beynəlxalq cəmiyyət münaqişənin həllinə maraq göstərdi. O vaxt BMT-dən əvvəl Millətlər Liqası vardı. Həmin qurum sayəsində sülhə nail olduq. Azərbaycana səfərimizin məqsədi də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mümkün nizamlanma metodları və modelləri ilə bağlı fikir mübadiləsi aparmaqdır".
Qonaqları SAM-in direktor müavini Gülşən
Paşayeva, Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsinin işçiləri müşayiət
etmişlər.
Azərbaycan.- 2012.- 4 aprel.- S. 7.