Dünyanı gözəllik xilas edəcək...

 

 "Fransa inciləri" ilə tanışlıqdan yaranan düşüncələr

 

Azərbaycan Milli İncəsənət Muzeyində açılmış Fransa təsviri sənət şedevrlərinin - boyakarlıq, qrafika, heykəltəraşlıq və foto nümunələrinin möhtəşəm sərgisi ilə tanış olarkən bu məşhur deyimin daşıdığı məna yükünün həqiqət olduğunu bir daha anlayırsan: Dünyanı gözəllik xilas edəcək...

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin, Fransa mədəniyyət və kommunikasiyalar naziri Frederik Mitteranın təşəbbüsü ilə təşkil edilmiş sərginin "Fransa inciləri" adlandırılması bu ölkənin qədim və müasir incəsənət nümunələrinin vahid məkanda nümayiş etdirilməsinin doğurduğu hissləri çox dəqiq səciyyələndirir. Şübhəsiz ki, fransızlar həmvətənlərinin yaradıcılığının bütün bəşəriyyətə mənsub olan bu gözəl nümunələrini dünyaya təqdim etməklə haqlı olaraq qürur duyurlar. Çünki bu şedevrlər artıq təkcə fransızların deyil, ümumbəşəri mədəni sərvətlər xəzinəsini zənginləşdirən sənət inciləridir. Əlbəttə, belə nadir sənət inciləri hər bir xalqın, o cümlədən Azərbaycan xalqının da mədəniyyət xəzinəsində vardır və bunlar bəşəri dəyərlər platformasını formalaşdırır.

Sərgidə Parisin məşhur Luvr, Orse, Romantika muzeylərindən, Fransanın bütün coğrafiyasını əhatə edən qalereyalarından və şəxsi kolleksiyalarından təsviri incəsənətin bütün növlərinə aid olan 484 eksponat nümayiş etdirilir. XVII-XIX əsrlərin dekorativ tətbiqi sənət nümunələri - qobelenlər, "Lalə" adlı zərgərlik məmulatı və başqaları sərgidə geniş təmsil olunmuşdur.

Ogüst Renuar, Ogüst Roden, Edqar Deqa, Anri Tuluz-Rotrek, Jan-Batist Simeon Şarden, Ejen Delakrua və digər məşhur fırça ustalarının əsərlərinin təmsil edildiyi sərginin ilk dəfə məhz Bakıda nümayiş etdirilməsi, digər dövlətlərin paytaxtlarında isə yalnız Bakıdan sonra göstəriləcəyi faktı çox rəmzi məna daşıyır.

Bu sərgi ölkəmizin mədəni həyatında çox mühüm hadisəyə çevrilmişdir. Çünki müxtəlif mədəniyyətlərin və sivilizasiyaların qarşılıqlı nüfuz etməsinə və zənginləşməsinə şərait yaradan mədəni əlaqələr təkcə insanlar arasında anlaşmaya xidmət etməklə məhdudlaşmayıb, həm də nağıllar aləmini xatırladan romantik Şərqi praqmatik Qərb ilə birləşdirən yollar, körpülər salır. Mədəniyyətlərin bu cür qeyri-adi və bununla bərabər, zamanın hökmü baxımından zəruri olan əlaqəsində yeni, sintez edilmiş möhtəşəm bir dünya yaranır. Bu dünya bəşər övladının mövcud olduğu bütün dövrlərdə insanın yaratdığı gözəllikləri özündə cəmləşdirir.

Qloballaşan dünyamızın üzləşdiyi çağırışlar bəşəriyyətin qarşısında yeni məsələlər qoyur. Bu məsələlər birlikdə həll edilməlidir. Bu mənada mədəniyyət xalqlar arasında ünsiyyəti artırır, ümumi harmoniyanın bərqərar olmasında əvəzsiz rol oynayır. Mədəniyyət həm də siyasi dialoq və əməkdaşlıq üçün məkan yaradır.

Milli İncəsənət Muzeyinin zallarında böyük fransız rəssamlarının əsərlərinə tamaşa etdikcə, xəyal məni unudulmaz günlərə - 1993-cü il dekabrın 19-22-də Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin Fransanın o vaxtkı Prezidenti Fransua Mitteranın dəvəti ilə bu ölkəyə rəsmi səfərində ulu öndəri müşayiət etmək xoşbəxtliyinin nəsib olduğu vaxta apardı. Yeri gəlmişkən deyim ki, bu, Heydər Əliyev prezident seçiləndən sonra onun Qərb ölkələrinə ilk rəsmi səfəri idi. Beləliklə, Heydər Əliyev Avropa ilə əməkdaşlıq siyasətinin həyata keçirilməsi xəttini məhz Fransadan başlamışdır. O vaxt Heydər Əliyev Fransanın ali rəhbərliyi, bu ölkənin parlamentinin, sənaye və işgüzar dairələrinin nümayəndələri ilə bir sıra faydalı görüşlər keçirmişdir. Bu səfər çərçivəsində iki ölkə arasında dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında müqavilə, Şərqi Avropanın keçmiş sosialist respublikalarının və keçmiş sovet respublikalarının demokratik inkişaf yoluna və bazar iqtisadiyyatına transformasiyasını nəzərdə tutan "Paris xartiyası" imzalanmışdır.

Elə həmin vaxt Fransua Mitteran bəyan etmişdi ki, onun ölkəsi Azərbaycanın ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını tanıyır.

Bir vaxtlar Avropanın əsas paytaxtı sayılan, qitədəki digər dövlətlərə təsiri çox böyük olan bu şəhərdə bizim Prezidenti necə ehtiramla qəbul etdiklərini, onun təkcə xoşniyyətli dinləyiciləri deyil, hətta opponentlərini də öz tərəfinə çəkməklə danışıqları necə məharətlə aparmasının şahidi oldum. Azərbaycan dövlətinin liderinə bu ehtiram bütün ölkəmizə və xalqımıza şamil edilirdi. O vaxt Heydər Əliyev bəyan etmişdi ki, Azərbaycan Fransa ilə əməkdaşlığa böyük əhəmiyyət verir. 1995-ci ilin dekabr ayında bu ölkəyə ikinci səfəri çərçivəsində investisiya məsələsinə həsr olunmuş konfransda iştirak etmiş Heydər Əliyev Fransa şirkətlərini Azərbaycana dəvət edəndən sonra tərəflər iqtisadi əlaqələri genişləndirməyə başladılar.

Təsadüfi deyildir ki, cənab İlham Əliyev də 2004-cü ilin yanvar ayında Azərbaycan Prezidenti kimi ilk xarici səfərini məhz Fransaya etmişdi. Fransa bunu qiymətləndirdi. Məsələn, ölkənin Baş naziri Dominik de Vilpen demişdi: "Azərbaycan sivilizasiyaların qovuşduğu, dini tolerantlığın bir sıra ölkələr üçün nümunə olduğu ölkədir". O vaxt Azərbaycan ilə Fransa arasında mülki müdafiə, aeronavtika, elmi əməkdaşlıq, turizm və başqa məsələlərə aid sazişlər imzalanmışdı. Elə həmin səfər zamanı Azərbaycan Dövlət Neft Şirkəti ilə Fransanın "Total" və "Elf Akiten" şirkətləri arasında "Lənkəran-dəniz" və "Talış-dəniz" yataqlarının birgə işlənilməsinə dair kontrakt, habelə hava nəqliyyatı sahəsində əməkdaşlıq, sərbəst gediş-gəliş və mədəniyyət sahəsində sazişlər imzalanmışdır.

O vaxtdan, necə deyərlər, çox sular axıb. Ölkələrimiz arasında ictimai-siyasi həyatın bütün sahələrini, o cümlədən iqtisadi, elmi-mədəni, humanitar və digər sahələri əhatə edən sıx əməkdaşlıq münasibətləri yaranmışdır.

Azərbaycan-Fransa əlaqələrinin bütün tarixi ölkələrimiz və xalqlarımız arasında etimada əsaslanan qarşılıqlı münasibətlərin olduğuna dəlalət edir. Hətta Fransa Senatında qondarma "erməni soyqırımı" inkar edənlərin cinayət təqibi barədə qanun (bəziləri səhvən düşünürlər ki, bu qanun yalnız qardaş Türkiyəyə qarşı yönəlmişdir. Əslində isə həmin qanun həm də Azərbaycana qarşı yönəlmişdir və bütövlükdə Azərbaycan-Fransa münasibətlərinə kölgə salır) qəbul edilməsinə xeyir-dua vermiş indiki Fransa Prezidenti Nikola Sarkozinin siyasi demarşına baxmayaraq, Fransa xalqı, onun qanunları və postulatları bizim hisslərimizlə oynamağa, alternativi olmayan və ola bilməyəcək dostluğa xələl gətirməyə imkan vermədi. Fransa Konstitusiya Şurası demokratiyanın beşiyi sayılan öz ölkəsinin ənənələrinə dönmədən riayət edərək həmin qanunu demokratik prinsiplərə və Konstitusiyaya zidd olan sənəd kimi ləğv etdi. Bu, tamamilə qanunauyğun haldır, çünki uzaqgörməz siyasətçilər gəldi-gedərdir, ölkələr, onların qurduğu humanitar əlaqələr isə əsrlər boyu qalır və qalacaqdır. Çünki bu əlaqələr xalqların humanitar ənənələrini zənginləşdirir, mədəni dəyərlər məcmusunda əlvanlıq və qarşılıqlı faydalanmaq meyilləri vardır.

"Fransa inciləri" sərgisinin açılış mərasimindəki çıxışında bu amilləri yüksək dəyərləndirən Azərbaycanın birinci xanımı Mehriban Əliyeva demişdir: "Fransa incəsənəti ölkəmizdə hər zaman yüksək dəyərləndirilib və fransız dilinə, ədəbiyyatına, musiqisinə olan rəğbət bütün dövrlərdə hiss olunubdur. Keçmişə nəzər salsaq, Fransa-Azərbaycan mədəni tellərini sadalamaq mümkündür. Bu sırada hələ XIX əsrdə məşhur yazıçı Aleksandr Dümanın ölkəmizə səfəri və xan qızı Xurşidbanu Natəvan ilə görüşü, dahi Üzeyir bəyin 1995-ci ildə Parisin "Femina" teatrında fransız dilində tamaşaya qoyulmuş "Arşın mal alan" operettası, Fransada vaxtilə nəşr olunan "Qafqaz" jurnalının redaktoru Ceyhun Hacıbəylini və Fransa ədəbiyyatına "Banin" imzası ilə daxil olan və ilk fransızdilli yazıçımız Ümbülbanu Əsədullayevanı xatırlamaq olar. Bütün bu şəxsiyyətlər Azərbaycan-Fransa mədəni əlaqələrinə silinməz töhfələr veriblər".

Bu fikirlər tarixi köklərə malik olan Azərbaycan-Fransa humanitar münasibətlərinin ən yaxşı xarakteristikasıdır və mədəni əlaqələrin dinamikasının möhkəm təməllər üzərində qurulduğunu təsdiqləyir. Artıq humanitar sahədə Azərbaycan-Fransa münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu təsdiqləyən kifayət qədər zəngin faktlar vardır. Bu əlaqələrin yeni mərhələsində Parisdə və Fransanın regionlarında Azərbaycan Mədəniyyəti Günləri təşkil edilir, müxtəlif sərgilər, festivallar və konsertlər keçirilir, Fransanın ən yaxşı ali məktəblərində yüzlərlə azərbaycanlı gənc təhsil alır, bu ölkənin bir sıra ali məktəblərində Azərbaycan dili öyrənilir, cari ilin sonunda isə Fransada Azərbaycan mədəniyyəti mərkəzinin açılışı gözlənilir.

Təbii ki, bütün bunlar Azərbaycan dövlətinin və onun Prezidentinin düzgün qurulmuş siyasi vektoru, hərtərəfli ölçülüb-biçilmiş xarici və daxili siyasəti, öz xeyirxahlığı və şəfqəti ilə təkcə Azərbaycanda deyil, onun hüdudlarından çox-çox uzaqlarda da tanınmış ölkəmizin birinci xanımının, sözün həqiqi mənasında, fədakar əməyi sayəsində mümkün olur.

Heydər Əliyev Fondu Versal sarayının, Luvr muzeyinin və Strasburqdakı tarixi kilsənin bərpa olunmasında bilavasitə iştirak etmişdir. Fond başqa ölkələrdə də xeyirxah işlər görmüş, xalqlar arasında etimad və dostluq tellərinin möhkəmlənməsi naminə yorulmadan çalışmışdır.

Çox sevindirici haldır ki, həyata keçirilən tədbirlərə nazir Frederik Mitteranın şəxsində Fransa tərəfi də böyük əhəmiyyət verir. Nazir "Fransa inciləri" sərgisinin açılış mərasimindəki çıxışında demişdir: "Fransada, ümumiyyətlə, bu cür mədəni tədbirlər xüsusi nüfuza malikdir və bu baxımdan biz hesab edirik ki, əgər Azərbaycan tərəfi, azərbaycanlılar Fransa mədəniyyətinə bu cür maraq nümayiş etdirirlərsə bu, o deməkdir ki, Fransada Azərbaycanı tanıyanların da sayı çoxalır. Xüsusən də, Sizin Fransada mövcud ictimai rəyə təsiriniz artır və kütləvi informasiya vasitələri ilə ölkənizi tanıtmağa imkanlarınız genişlənir.

Əslində, biz bu gün Fransanın mədəni irsinin müəyyən incilərini burada Azərbaycan ictimaiyyətinə nümayiş etdiririk. Lakin Sizin çoxsaylı nümayəndələrinizin bu sərginin açılışında iştirak etməsi və bundan sonra da ictimaiyyət nümayəndələrinin ekspozisiya ilə tanış olması Fransa tərəfindən çox yüksək dəyərləndiriləcək və Fransanın, Fransa cəmiyyətinin Azərbaycana marağını daha da artıracaqdır. Biz bu baxımdan məlumatlıyıq ki, Azərbaycanın da çox gözəl mədəni irsi vardır. Mən bu sözləri deyərkən Azərbaycanın muzeylərini, poeziyasını, incəsənətini, baletini nəzərdə tuturam".

Fransalı nazir fikirlərini inkişaf etdirərək vurğulamışdır ki, bu sərginin ilk dəfə Bakıda keçirilməsi Fransanın Azərbaycana hörmət və ehtiramının əlamətidir, bu, bir daha onu göstərir ki, Fransa Azərbaycan ilə mövcud mədəni münasibətlərə, əməkdaşlığa xüsusi əhəmiyyət verir.

Müasir müstəqil Azərbaycan haqqında bu sözləri Fransa cəmiyyətində kifayət qədər böyük nüfuza malik ictimai xadimin - Frederik Mitteranın dilindən eşitmək qürurverici amil olmaqla bərabər, həqiqət anıdır. Bütün bunlar sübut edir ki, Azərbaycan daha uğurlu gələcək qurmağı hədəfə alan və mükəmməl inkişaf modelinə malik olan dövlət kimi beynəlxalq humanitar əməkdaşlıq üçün böyük inam və nikbinlik yaradır. İndi artıq hamı etiraf edir ki, dünyanın özü qədər qədim olan Odlar yurdu Azərbaycan tolerantlıq nümunəsi olmaqla, sülhsevər mehriban qonşuluq siyasəti yeridir, tərəqqi yolu ilə irəliləyir, regiondakı digər dövlətlərin iqtisadiyyatını keyfiyyətcə yeni səviyyəyə çatdırmaqda onlara kömək edir və beləliklə, ümumi firavanlığa və rifaha şərait yaradır. Azərbaycan xalqının rifah halı günbəgün yaxşılaşır və gələcək qələbələrin qazanılmasında gənclərə böyük önəm verilir.

Hazırda Azərbaycanda bütün sahələrdə olduğu kimi, incəsənət aləmində də çox istedadlı gənclər yetişmişdir. Yaşlı nəslin milli yaradıcılıq estafetini qəbul edən bu gənclərin səyləri sayəsində Azərbaycan avanqard rəssamlığın və memarlığın növbəti dalğası ilə əlamətdar olan bir ölkəyə çevrilmişdir.

 Çox iddialı və orijinal layihələrlə çıxış edən bu gənclərin yaradıcı fikrinin misilsiz təxəyyülü, onların böyük uğurları Azərbaycanda həyata keçirilən gənclər siyasətinin nəticəsidir. Dövlətimiz tərəfindən bu sahədə formalaşdırılmış strategiyanın dəqiq oriyentirləri bəllidir. Bu strategiya bir neçə ildən sonra ölkəmizin inkişafını müəyyənləşdirəcək gəncliyin potensialından daha səmərəli istifadə edilməsinə yönəlmişdir. Gənclik sahəsində hərtərəfli düşünülmüş və elmi cəhətdən əsaslandırılmış proqramların işlənib hazırlanması və qəbul edilməsi dövlətimizin bu sahəyə son dərəcə ciddi yanaşmasına dəlalət edir. Ölkəmizdə həyata keçirilən gənclər siyasəti inkişafın Azərbaycan modelinin tərkib hissəsidir. Bu modelin səciyyəvi cəhətləri onun gələcəyə istiqamətlənmiş, genişmiqyaslı, ardıcıl, müasir, qarşıya qoyulmuş məqsədlərin aydın və praqmatik olmasıdır.

Azərbaycan dövləti keçən əsrin 70-80-ci illərində təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş ənənələri davam etdirərək gəncləri dünyanın ən yaxşı ali məktəblərində təhsil almağa göndərir, bunun üçün milyonlarla vəsait xərcləyir. Yaradıcı gənclərin inkişafına dövlət tərəfindən Azərbaycanda olduğu qədər böyük diqqət yetirilən ölkələrə az-az rast gəlmək olar. Hər il incəsənətin müxtəlif sahələrində xüsusi qabiliyyətlərini göstərmiş onlarla gəncin adı istedadların "Qızıl kitab"ına yazılır, onlara sanballı prezident təqaüdləri ayrılır. Bu isə, əlbəttə, yaradıcı gənclər üçün çox böyük stimuldur.

Dövlətimiz tərəfindən təbliğ və təşviq edilən milli və ümumbəşəri dəyərlər bugünkü gənclərin hər cür yenilik və tərəqqi üçün açıq, eyni zamanda, adət-ənənələrimizə sadiq, tolerant, hər şeyi bilmək istəyən, ətraf aləmdə baş verənlərə laqeyd qalmayan, hər işdə birinci olmağa, dünyamızı daha da yaxşılaşdırmağa çalışan insanlar kimi yetişdirməyə kömək edir. Buna görə də heç də təsadüfi deyildir ki, indi kino, musiqi və təsviri sənətdə yeni-yeni adlar üzə çıxır, onları artıq təkcə Azərbaycanda deyil, ölkənin hüdudlarından çox-çox uzaqlarda da tanıyırlar. Bununla bərabər, əlbəttə, bir məsələni də unutmamalıyıq ki, həmin istedadların üzə çıxmasına yenə də dövlətimiz və ölkənin ən iri qeyri-hökumət təşkilatı olan Heydər Əliyev Fondu kömək edir, bu gənclərə qayğı göstərir, onlar üçün daha yaxşı şərait yaradır.

Bu yaxınlarda Londonun məşhur sərgi qalereyasında Heydər Əliyev Fondunun və "Baku" jurnalının ingilisdilli versiyasının köməyi və təşkilati dəstəyi ilə Azərbaycan rəssamlarının işlərindən ibarət "Bakıya uçuş. Azərbaycanın müasir incəsənəti" adlı sərgisi keçirilmişdir. Sərginin təşkil edilməsi təşəbbüsünü Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva irəli sürmüşdür. Sərgidə nümayiş etdirilən işlərin demək olar ki, yarısının müəllifləri böyük incəsənətdə ilk addımlarını atan gənclərdir. Avropanın ən iri paytaxt şəhərlərindən birində bu ekspozisiyanın təşkili Azərbaycandan olan gənc rəssam və heykəltəraşların öz sənətini qitənin məşhur sərgi salonlarında təqdim etmək üçün nadir imkan oldu. Belə sərgilərə düşməyi yəqin ki, artıq tanınmış sənətkarların çoxu arzu edir. London elitasının nümayəndələrinin çoxunun təşrif buyurduğu bu sərgi incəsənətdən yaxşı baş çıxaran və tələbkar tamaşaçıların böyük marağına səbəb olmuşdur. Ekspozisiyada Leyla xanım Əliyevanın da qədim və müasir Bakı ilə assosiasiya doğuran maraqlı rəsmlərinin yer aldığı "Bakıya uçuş" sərgisi ilə yaxın vaxtlarda Paris, Roma, Moskva və dünyanın bir sıra digər şəhərlərinin sənətsevərləri də tanış ola biləcəklər.

İstedadlı gənc rəssam Aida Mahmudova tərəfindən Azərbaycanda və xarici ölkələrdə sərgilərin təşkili və təhsil proqramları vasitəsilə müasir incəsənətin inkişafını dəstəkləmək üçün təsis edilmiş "YARAT" adlı qeyri-kommersiya özəl təşkilatının yaradılması da gənclərin yenilik axtarışlarının nəticəsi olmuşdur. "YARAT" təşkilatının ciddi yaradıcılıq potensialına malik olmasını belə bir fakt əyani şəkildə təsdiqləyir ki, bu təşkilat "012 Baku Public Art" adlı ilk festival təşkil etmişdir. Açılış mərasimi bu il fevralın 24-də keçirilmiş bu festivalın qeyri-adiliyi ondan ibarətdir ki, festival çərçivəsində təqdim edilən əsərlərin əksəriyyətinin müəllifləri gənc rəssamlardır, əsərlər adət etdiyimiz məkanda - sərgi salonlarında və qalereyalarda deyil, açıq havada nümayiş etdirilir və bununla da, yaradıcı fantaziya üçün geniş üfüqlər açılır. Bu qayda ilə nümayiş etdirilmiş bir neçə iş cəsarətli eksperimentə, ideyanın orijinal ifadəsinə və avanqard sənətə xas olan qeyri-adi formalar sayəsində böyük maraq doğurmuşdur. Bu festivalın keçirilməsi həm də bizim qədim və müasir Bakını, onun zəngin tarixini, ənənələrini, mədəniyyətini, nadir mənəviyyatını nümayiş etdirmək üçün çox gözəl fürsətdir.

Keçən ilin axırlarında Parisdəki məşhur "Vivyen" incəsənət qalereyasında azərbaycanlı gənc rəssam Məryəm Ələkbərlinin fərdi sərgisi açılmışdır. Məşhur fransız rəssamları Məryəmin böyük istedada, qeyri-adi yaradıcılıq imkanlarına malik olmasını, onun forma və rənglərlə əsl sənətkar kimi işləmək, parlaq və harmonik bir aləm yaratmaq bacarığını, dərin yaradıcılıq intuisiyasını, ətraf aləmin reallıqlarını könül süzgəcindən keçirmək qabiliyyətini qeyd etmişlər. Bu gənc rəssamın əsərlərində qeyri-adi səmimilik, xeyirxahlıq və həyatsevərlik duyulur. Bu məziyyətlərə isə yaşadığımız total rasionallıq dövründə çox güman ki, nadir hallarda rast gəlinir. Təsadüfi deyildir ki, Məryəm Ələkbərlinin Moskvada açılmış "Novruz - yeni gün" adlı sərgisi də geniş əks-səda doğurmuşdur. Sərgi ilə tanış olan incəsənət xiridarları Məryəm Ələkbərlini nadir istedad adlandırmışlar.

Beləliklə, bu gün Azərbaycanı beynəlxalq aləmdə təkcə neft və qaz ölkəsi kimi deyil, həm də qədim tarixə və mədəniyyətə malik olan, dünya sənət xəzinəsinə nadir incilər bəxş etməklə onu zənginləşdirən bir ölkə kimi tanıyırlar. Milli incəsənətdə nadir hadisə olan istedadlı gənclərimiz bu işdə mühüm rol oynayırlar.

Böyük rus yazıçısı Fyodor Dostoyevskinin "Dünyanı gözəllik xilas edəcək" kəlamını bu yazının sərlövhəsinə təsadüfən çıxarmamışıq. Doğrudan da, gözəllik dünyanı xilas edəcək, o, süni sərhədləri aradan götürəcək, insanlar arasında bir-birini başa düşməmək hallarını aradan qaldıracaq, onları birləşdirəcək, dünyadakı dəyərlərin ümumplanetar meyarlarla qavranılmasına istiqamətləndirəcəkdir. Bu baxımdan, Azərbaycanın da deməyə sözü, göstərməyə nümunələri vardır.

 

 

 Aslan ASLANOV,

AzərTAc-ın baş direktoru

 

Azərbaycan.- 2012.- 4 aprel.- S. 8.