Azərbaycan ilə
Mərakeş arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur
Azərbaycanın Mərakeş Krallığındakı səfiri Sabir Ağabəyov bu ölkənin turizm naziri L.Həddad ilə görüşmüşdür.
Səfirlikdən bildirmişlər ki, diplomat Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin təbrikini və aprelin 12-dən 14-dək Bakıda keçiriləcək turizm sərgisinə dəvət məktubunu mərakeşli nazirə təqdim etmişdir.
Səfir Azərbaycanın tarixi, mədəniyyəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ölkəmizin ədalətli mövqeyi barədə nazirə ətraflı məlumat vermişdir. Azərbaycan-Mərakeş əlaqələrinin tarixinə, ikitərəfli münasibətlərə və s. məsələlərə toxunan diplomat ölkələrimizin bir sıra beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq etdiyini də diqqətə çatdırmışdır.
S.Ağabəyov Azərbaycanın Qərbi Səhra məsələsində Mərakeşin mövqeyini, Mərakeşin isə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini dəstəklədiyini vurğulamışdır. Səfir Azərbaycanın və Mərakeşin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsinin ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın inkişafına xüsusi təkan verəcəyinə əmin olduğunu bildirmişdir.
Mərakeşin turizm naziri ölkələrimiz arasında siyasi sahədə mövcud münasibətlərdən danışmış, iki dövlət arasında qarşılıqlı dəstəyin bundan sonra da davam etdiriləcəyinə əminliyini ifadə etmişdir.
Azərbaycanın və Mərakeşin tarixi və dini köklərə malik olduğunu vurğulayan L.Həddad ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə daha da genişləndirilməsinin vacibliyini qeyd etmişdir.
Azərbaycan ilə Mərakeşin BMT və İslam Əməkdaşlıq Təşkilatı kimi mötəbər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığını yüksək qiymətləndirən L.Həddad ölkələrimiz arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirmişdir.
AzərTAc
Azərbaycan.- 2012.- 4 aprel.- S. 8.