Tarixin verdiyi şansdan lazımınca istifadə etməliyik

 

Azərbaycan-Qırğızıstan əlaqələrində yeni səhifə açılır

 

 Dost qardaş Qırğızıstanın Prezidenti Almazbek Atambayev bir neçə gün öncə ölkəmizdə rəsmi səfərdə olmuşdur. Səfər zamanı keçirilmiş görüşlər dostluq qardaşlıq duyğularına köklənmişdi. Belə görünürdü ki, Qırğızıstan indiyədək itirdiyi 20 ilə təəssüf edir, bundan sonra hər sahədə qardaşı Azərbaycanla yan-yana, çiyin-çiyinə dayanacaq, türkdilli dövlətlərin birliyində inkişafında yaxından iştirak edəcəkdir. Mübaliğəsiz demək olar ki, Azərbaycanın bu baxımdan itkisi yoxdur. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra türkdilli ölkələrlə əlaqələrini möhkəmləndirdi.

Ötən dövrdə Azərbaycan türk dünyasının birliyinə xidmət edən nəhəng layihələr həyata keçirib. Bakı-Tbilisi-Ceyhan neft boru kəməri bu yolda böyük töhfədir. Avropanı Asiya ilə birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu yaxın vaxtlada istifadəyə veriləcək. Polad magistral bütün türkdilli dövlətlərə xidmət edəcək. Başqa sözlə, bu layihələr türk dünyasının birliyini möhkəmlədən siyasətimizin konkret istiqamətlərindən biridir.    

Əlbəttə bu sırada Azərbaycan dost və qardaş Qırğızıstanı da görmək istəyər. Ona görə də ölkə Prezidenti İlham Əliyev Almazbek Atambayevin ilk rəsmi səfərindən birini məhz Azərbaycana etməsini dostluq və qardaşlıq göstəricisi kimi dəyərləndirdi, bu səfərin iki ölkə arasında əlaqələrdə yeni səhifə açacağını vurğuladı. İqtisadi əməkdaşlığın və humanitar əlaqələrin genişləndirilməsi üçün böyük işlərin həyata keçirilməsi imkanlarından bəhs edən Prezident İlham Əliyev ümid etdiyini bildirdi ki, qarşılıqlı faydalı əlaqələrin gələcəyi böyükdür: "Ölkələrimiz arasında regional və ikitərəfli məsələlərdə fəal əməkdaşlıq qurulub. Hesab edirəm ki, qarşılıqlı münasibətlərimizdə yol verilmiş vaxt itkisinin əvəzini tez bir zamanda çıxacağıq. Çünki bizim razılaşmaların konkret işlərə transformasiyası göz önündədir. Bu mənada sizin səfərinizin müstəsna əhəmiyyəti vardır. Çünki bu, ilk səfərdir. Bizim iqtisadi, enerji və əlbəttə ki, siyasi sahələrdə qarşılıqlı münasibətlərin gələcək inkişafına dair böyük planlarımız mövcuddur. Mənə çox xoşdur ki, Siz bizim ölkəyə səfərə gəlmisiniz. Bu, uzun fasilədən sonra Azərbaycan ilə bir daha yaxından tanış olmaq üçün imkandır. Başlıcası isə çox ümidverici mərhələyə qədəm qoyub ikitərəfli münasibətlərimizin inkişafı yollarını müəyyənləşdirməkdir".

Qırğızıstan Prezidenti Almazbek Atambayev dost və qardaş Azərbaycanda səfərdə olduğundan qurur duyduğunu bildirdi. Ali qonaq çıxışlarının birində dedi: "Tarix türk dövlətlərinə yenidən türk birliyi yaratmaq imkanı verib, biz bu şansdan lazımınca istifadə etməliyik". Qırğız dövlətinin başçısı bir məqamı da xatırlatdı: "Yadımdadır ki, hörmətli Heydər Əliyev "Manas" dastanının 1000 illik yubileyi ilə bağlı Bişkekdə olanda demişdi: "Dinimiz bir, dilimiz bir, kökümüz də birdir". Ona görə də biz münasibətlərimizi başqa səviyyəyə qaldırmalıyıq. Görürəm ki, biz bunları reallığa çevirə biləcəyik. Mən çox fəxr edirəm ki, Azərbaycan bu dərəcədə dəyişmişdir. Düz 21 il əvvəl olmuşdum burada, dünən və bu gün isə görürəm ki, bura tamamilə başqa Azərbaycandır. Çünki 1993-cü ildən başlayaraq yaxşı bünövrə qoyulmuşdur. Bu iş indi də davam edir. Ona görə də Azərbaycan tərəqqi edir, yüksəlir".     

Milli Məclisin deputatları qarşısında azərbaycanca çıxış edən A.Atambayev xalqlarımızın dərin tarixi kökləri olan yaxınlığının keçmişinə nəzər saldı, "Dədə Qorqud" və "Manas" dastanlarının xalqlarımızın ortaq mədəniyyəti olduğunu nəzərə çarpdırdı: "Biz türkük, bizim atalarımız, babalarımız da türkdür". O, ölkəsinin zaman-zaman bəzi güclərin aramsız təzyiqlərilə üzləşdiyini də diqqətə çəkdi: "Bizi tez-tez diz çökdürməyə çalışırlar. Amma biz heç vaxt onların köləsi olmadıq və olmayacağıq. Diz üstə yaşamaqdansa ayaq üstə mərd ölmək yaxşıdır".    

Ümumiyyətlə, görüşlər zamanı türk dünyasının birliyinin gücləndirilməsinin vacibliyi vurğulandı. Cənab İlham Əliyev bildirdi ki, müstəqil dövlət kimi Azərbaycan və Qırğızıstan əcdadlarının ənənələrinə sadiqdirlər: "Bu gün biz münasibətlərimizin yeni mərhələsinə qədəm qoyuruq. Hesab edirəm ki, Qırğızıstan Prezidentinin türk dünyasının səylərini birləşdirmək üzrə fəal mövqeyi birliyimizi möhkəmlədəcək. Biz həmişə öz tərəfimizdən çalışmışıq ki, türk dünyasının birliyini real təşəbbüslərlə möhkəmləndirək. Bu istiqamətdə Bakıda müxtəlif tədbirlər, o cümlədən türkdilli ölkələrin dövlət başçılarının həm Bakıda, həm də Naxçıvanda sammitləri keçirilmişdir. Biz həmişə çalışmışıq ki, birliyimizi konkret məzmunla zənginləşdirək. Məsələn, Azərbaycanı Türkiyə ilə bağlayan enerji layihələri bu gün region çərçivəsindən kənara çıxır və dünya miqyaslı ən mühüm enerji layihələridir".

Hökumətlərarası sənədlərin imzalanması mərasimindən sonra prezidentlərin birgə mətbuat konfransı keçirildi. Azərbaycan Prezidenti qarşılıqlı mehriban münasibətlərdən və imzalanmış sazişlərdən uğurlu nəticələr gözlədiyini söylədi: "Ən başlıcası biz vədlərimizə və razılaşmalarımıza sadiqiq. Bir neçə ay əvvəl olmuş ilk görüşümüz münasibətlərimizin fəallaşmasına gətirib çıxarıb. Bizim strukturlar və şirkətlər arasında artıq əlaqələr mövcuddur. Bu gün biz münasibətlərimizin inkişafının yollarını müəyyən etdik. Bundan sonra qarşılıqlı-siyasi əlaqələri möhkəmləndirməkdə davam edəcək, beynəlxalq təşkilatlarda fəal işləyəcək, bütün beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyəcək və beləliklə, birliyimizi daha da möhkəmlədəcəyik".

Qırğızıstanın dövlət başçısı isə azərbaycanlılarla eyni dəyərlərə malik olduqlarını söyləyərək yaxşı mənada Bakıya həsəd apardığını da gizlətmədi: "Bu ölkənin nümayəndəsi "Eurovision" müsabiqəsində qalib gəlmişdir. Bakıya baxdıqca yalnız yaxşı mənada həsəd aparmaq və fikirləşmək olar ki, əlbəttə, bizim Bişkekdə də belə olmalıdır. Biz bunu öyrənəcəyik, çox şey öyrənəcəyik. Biz Azərbaycandan çox şey öyrənə bilərik. Ən başlıcası bizim birgə görməli olduğumuz işlər vardır. Düşünürəm ki, bu dəfə artıq bu fəaliyyət xəttindən çəkinməyəcək və fəal işləyəcəyik".

 

 

 Rəsmiyyə RZALI

 

Azərbaycan.- 2012.- 4 aprel.- S. 9.