Heyvandarlıqda
mövcud vəziyyət, problemlər və vəzifələr
Azərbaycan -2020: təklif edirəm
2020-ci ildə qoyunların baş
sayının 10 milyona çatması gözlənilir. Bunun
üçün birinci növbədə qoyunların yem
problemi həll edilməlidir. Xırdabuynuzlu heyvanları əsas
və ucuz ayaqaltı yemlə təmin edən qış və
yay otlaqlarının ot məhsuldarlığını
artırmaq üçün tədbirlər görülməlidir.
Hər il
respublikada 15-16 min ton
qoyun yunu istehsal olunur. Sahibkarların
istehsal etdikləri yun anbarlarda yığılıb qalır.
Hazırda ölkədə ən azı 50 min
ton yun vardır. Xalçaçılıq
sənayesini inkişaf etdirmək hesabına bu yundan istifadə
etmək mümkündür.
Dünyanın bütün ölkələrində
quş əti istehsalı intensiv artır. Bu sahədə
Azərbaycanda da böyük inkişaf var. 20-dək
quşçuluq müəssisəsinə Sahibkarlığa
Kömək Milli Fondu tərəfindən kredit verilmişdir.
Ayrı-ayrı rayonlarda quşçuluğun
inkişafına böyük diqqət yetirilir. Siyəzən
rayonunda 543 ev təsərrüfatı öz həyətyanı
sahəsində 12-20 min baş broyler olan quş damları
tikib, quşçuluqla
ciddi məşğul olurlar. Təkcə
bu rayonda 3000 min baş broyler yetişdirilir. Bu Ərzaq Təhlükəsizliyinə dair Dövlət
Proqramının yerinə yetirilməsinə siyəzənlilərin
verdikləri sanballı töhfədir. Son
aylarda quş ətinin 2 manat 40 qəpiyə qədər
düşməsi o deməkdir ki, respublikada kifayət qədər
quş əti istehsal olunur. Əgər
quşçuluğa marağı daha da artırsaq, quş əti
istehsalını 2020-ci ildə 100-120 min tona çatdırmaq
mümkündür. Bu vəzifəni yerinə yetirmək
üçün birinci növbədə xarici ölkələrdən
idxal olunan quşçuluq məhsullarının
qarşısı alınmalıdır.
Heyvandarlığı və quşçuluğu
inkişaf etdirmək üçün birinci növbədə
yem məsələsi həll edilməlidir. Bu sahədə ciddi problemlər
mövcuddur.
XX əsrin 90-cı illərindən başlayaraq ölkəmizdə
aqrar islahatların aparılması nəticəsində kolxoz və
sovxozların bazasında xüsusi mülkiyyətə əsaslanan
özəl qurumlar yaradılmışdır. Həmin dövrdə ictimai
təsərrüfatların əmlakı qiymətləndirilərək
əmlakdan pay almaq hüququ olan subyektlərə verilmiş və
torpaqlar əhaliyə paylanmışdır. Fərdi
təsərrüfatların artması nəticəsində yem
bitkilərinin əkilməsinə, istehsalına və
mal-qaranın balanslaşdırılmış yem payı ilə
yemləndirilməsinə lazımi əhəmiyyət verilmir.
Əksər bölgələrdə mal-qara quru ot,
küləş və qismən də kəpəklə yemləndirilir.
Yem payında sulu-şirəli yemlər, qarışıq yem,
senaj, silos demək
olar ki olmur.
Qeyd etmək
lazımdır ki, 1982-ci ildə ölkəmizdə
mal-qaranın baş sayının indikindən az olmasına baxmayaraq 443 min
hektar sahədə yem bitkiləri, o cümlədən 100 min
ha sahədə silosluq bitkilər, 13 min hektar sahədə yem
çuğunduru əkilmişdir. Silosluq
qarğıdalının hər hektardan məhsuldarlığı
117 sentner olmuşdur. 1982-ci ildə ölkə üzrə
1,4 milyon ton senaj
və 1,6 milyon ton silos basdırılmışdır.
Qış
dövründə mal-qara üçün əsas yem olan senaj
və silos son illərdə basdırılmır. Süd istehsalının artırılmasında
mühüm rol oynayan qarğıdalı və yem
çuğunduru əkilməsinə lazımi fikir verilmir.
2011-ci ildə 732 ha sahədə yaşıl yem və silos
üçün qarğıdalı, 128 ha sahədə yemlik
kökümeyvəlilər (yem çuğunduru) əkilmişdir.
Keçən
il hər şərti mala 31,2 sentner yem
vahidi əvəzinə 9 sentner yem vahidi istehsal olunmuşdur. Ona görə də heyvandarlığın məhsuldarlığı
çox aşağıdır. Hər inək
və camışdan orta hesabla 1250 kq süd
sağılmışdır.
Respublikada
silos və senaj çox az istehsal olunur.
Keçən il təkcə 3 iri təsərrüfatda cəmi
20 min ton silos basdırılmışdır. Heyvandarlıq
sulu-şirəli, yaşıl və otlaq yemləri sarıdan
böyük çatışmazlıq hiss edir, rasionlarda
protein çatışmır, hər yem vahidinə normativlərdə
nəzərdə tutulan 105-110 qram əvəzinə cəmi
70-80 qram protein düşür. Yem
bazasının ümumi vəziyyəti heyvandarlığı
keyfiyyətcə yeni pilləyə qaldırmağa imkan vermir.
Ona görə də Azərbaycan Respublikası Prezidentinin
2008-ci il 25 avqust tarixli sərəncamı ilə təsdiq
edilmiş "2008-2015-ci illərdə Azərbaycan
Respublikasında əhalinin ərzaq məhsulları ilə
etibarlı təminatına dair Dövlət
Proqramı"nın həyata keçirilməsi üzrə
Tədbirlər Planının 5.3.1.-ci bəndində
"Ölkədə heyvandarlığın və onun yem
bazasının intensiv texnologiyalar əsasında inkişaf etdirilməsinin
stimullaşdırılması" və 2011-ci il 28 iyun tarixli
1578 nömrəli sərəncamı ilə təsdiq
edilmiş "2008-2015-ci illərdə Azərbaycan
Respublikasında yoxsulluğun azaldılması və
davamlı inkişafı Dövlət Proqramı"nın həyata
keçirilməsi üzrə Tədbirlər Planının
(2011-2015-ci illər) 1.6.4.-cü bəndində
"Heyvandarlıqda məhsul istehsalının intensiv
artımında mühüm rol oynayan yem bitkilərindən:
soya, qarğıdalı, günəbaxan, yem çuğunduru
və raps əkinlərinin genişləndirilməsi
üçün stimullaşdırıcı tədbirlərin
həyata keçirilməsi, silos və senaj
basdırılması təşəbbüslərinin dəstəklənməsi"
nəzərdə tutulmuşdur.
Düzdür,
fərdi təsərrüfatlar yonca əkini sahələrini
daha çox
genişləndirirlər. 2011-ci ildə 370,7 min ha
sahədə yonca əkilmişdir. Lakin təkcə yonca otu ilə
yüksək süd məhsuldarlığına nail olmaq
mümkün deyildir.
2015-ci ilədək
yem bitkilərinin əkin sahələrinin 500 min hektara
çatdırılması əsas hədəf kimi göstərilmişdir.
Heyvandarlığın
yem bazasının möhkəmləndirilməsi
üçün yem bitkilərinin əkin sahələri və
onun məhsuldarlığı nəzərə
alınmaqla, dövlət büdcəsindən vəsaitin
verilməsi məqsədəuyğundur. Belə ki, xaşa,
silosluq qarğıdalı, soya, silosluq günəbaxan, raps,
yem çuğunduru, qarışıq yem bitkiləri əkinlərinin
hər hektarına cəmi 160 manat (onun 40 manatı yanacaq və
motor yağlarına görə verilir) hesabı ilə subsidiyanın verilməsi həmin
bitkilərin əkin sahələrinin genişləndirilməsinə
ciddi təsir edəcək və yem istehsalının
çoxalması, heyvandarlıq məhsulları
istehsalının artmasına öz müsbət təsirini
göstərəcəkdir. Heyvandarlıq məhsullarının
daxili istehsal hesabına artması nəticəsində ölkəmizə
idxal olunan heyvandarlıq məhsullarının
qarşısı alınacaqdır. Buğda əkinlərinə nisbətən yem bitkiləri əkinlərinin hər
hektarına ona görə artıq vəsait nəzərdə
tutulmuşdur ki, yem bitkilərinin becərilməsinə (bitkilərin
seyrəldilməsi, bir neçə dəfə becərilməsi,
suvarılması və s.) daha çox əmək sərf
olunur.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin 28
iyul 2011-ci il tarixli 1578 nömrəli sərəncamı ilə
təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan
Respublikasında yoxsulluğun azaldılması və
davamlı inkişaf Dövlət Proqramı"nın
2011-2015-ci illərdə həyata keçirilməsi üzrə
Tədbirlər Planının 1.6.23.-cü bəndində
qış və yay otlaqlarının, kəndətrafı
örüşlərin münbitliyinin bərpası, səthi
və əsaslı yaxşılaşdırılması, onun
təyinatının dəyişdirilməsi kimi halların
qarşısının alınması üçün tədbirlərin
görülməsi nəzərdə tutulmuşdur.
Məlumdur
ki, "Torpaq islahatı haqqında" Azərbaycan
Respublikasının Qanununa əsasən yay və qış
otlaqları, mal-qara düşərgələri və
köç yolları dövlət mülkiyyətində
saxlanılır. Respublikada hal-hazırda 1331710 hektar
qış otlağı, 538433 hektar yay otlağı və
1039516 hektar kəndətrafı örüş sahələri
mövcuddur. Bu növ torpaqlar qoyun və keçilərin ilboyu yaşıl yemlə təmin
olunmasında əsas mənbə hesab olunur. Qış
otlaqlarında 2,8 milyon baş, yaylaqlarda isə 2,0 milyon
başadək davarın otarılması mümkündür.
Aparılan
aqrar islahatların uğurlu nəticəsi olaraq respublikada
davarların sayı 8491,8 min başa çatmışdır.
Qışlaqların
50 min, yaylaqların isə 203 min hektarı işğal
altında və cəbhə zonasında olduğundan mövcud
davarların otlaqlarla təminatında
ciddi çətinliklər yaranmışdır. Həmçinin,
sahə vahidinə düşən heyvanların sayının
ilbəil artması, otlaqlardan sistemsiz istifadə olunması,
son illər iqlimin quru və isti keçməsi, otlaqlarda
yaxşılaşdırma tədbirlərinin
aparılmaması və sairə amillər
heyvandarlığın, xüsusən qoyunçuluğun
inkişafı üçün mühüm rol oynayan yay və
qış otlaqlarının
eroziyaya və səhralaşmaya uğramasına səbəb
olmuşdur.
Qoyunçuluğun inkişafı və onun möhkəm
yem bazası ilə təmin
olunması, təbii yem sahələrinin məhsuldarlığının
artırılmasına yönəldilən tədbirlərin həyata
keçirilməsi, otlaqlardan səmərəli istifadə
edilməsi və qorunması qarşıya təxirəsalınmaz
vəzifə kimi qoyulur.
Örüş-otlaq
sahələrinin müasir vəziyyəti və məhsuldarlığı
onların potensial imkanlarından xeyli aşağıdır və
heyvandarlığın artan tələbatına uyğun gəlmir.
Son illərdə otlaqlarda
heç bir səthi və əsaslı
yaxşılaşdırma tədbirləri aparılmamışdır.
Bunun nəticəsində yaylaq
və qışlaqların ot məhsuldarlığı xeyli
azalmış, onların normadan artıq yüklənməsi nəticəsində
eroziya və səhralaşmaya məruz qalmış sahələri isə ildən-ilə genişlənir.
Mütəxəssislərin
hesablamalarına görə, respublika ərazisində
mövcud olan yay və qış otlaqlarının icarəyə
verilməsi hesabına dövlət büdcəsinə ildə
ən azı 2,1 milyon manat icarə
haqqı daxil olur.
Otlaq,
örüş və biçənəklərin səthi
yaxşılaşdırılmasında geniş tətbiq
olunan gübrələmə təbii yem mənbələrinin
məhsuldarlığını əsaslı surətdə
artırmaqla yanaşı ot
örtüyünü nizamlayır, yemin keyfiyyətini xeyli
yüksəldir.
Sahələrə
gübrələrin verilməsi, çəmən-otlaq bitkilərinin
toxumlarının səpilməsi, otlaqların kol-kosdan, zəhərli
və zərərli bitkilərdən, alaq otlarından, daşlardan və digər
qalıqlardan təmizlənməsi yay və qış
otlaqlarında məhsuldarlığı xeyli yaxşılaşdırmaqla
yanaşı, heyvandarlıq məhsullarının
artırılmasına bilavasitə müsbət təsir edəcəkdir.
Görülən tədbirlər qoyun əti
istehsalını 20 faiz, yun istehsalını isə 10-15 faiz
artırmağa imkan verəcəkdir.
Yay və
qış otlaqlarına gübrələrin verilməsini və
yem bitkilərinin toxumlarının səpilməsini
"Aqrolizinq" ASC -nin yerli filialları, həmçinin digər
hüquqi və fiziki şəxslər ümumi əsaslarla həyata
keçirə bilərlər.
Qazax və
Qırğız respublikalarında torpaq vergisindən toplanan vəsait
dövlət büdcəsinə daxil olur və ayrıca sətirdə
toplanaraq dövlət proqramlarına əsasən torpaqların
yaxşılaşdırılmasına yönəldilir.
Otlaqların
icarəyə və istifadəyə verilməsindən daxil olan icarə haqlarından
yığılan vəsaitin 2012-ci ildən başlayaraq, yay və
qış otlaqlarının səthi və əsaslı
yaxşılaşdırılmasına yönəldilməsini
məqsədəuyğun hesab edirik.
Südlük və ətlik mal-qaraya, demək olar ki,
qarışıq yemlər verilmir. Sovet dövründə hər şərti
inəyə 20 sentner yem vahidi istehsal olunduğu halda, hazırda bu göstərici 10 sentner yem vahidi
təşkil edir.
Ona görə də "2008-2015-ci illərdə Azərbaycan
Respublikasında əhalinin ərzaq məhsulları ilə
etibarlı təminatına dair Dövlət Proqramı"nda
2015-ci ildə qarışıq yem istehsalının 2000 min
tona çatdırılması hədəf
seçilmişdir. Lakin hazırda respublikada qaramal
üçün ən çox 10-15 min ton qarışıq
yem istehsal olunur. Südçülük təsərrüfatlarında
qarışıq yemə ciddi tələbat
yaranmışdır. Sovet dövründə
südlük mal-qaraya 1500 min ton qarışıq yem verilirdi.
Hazırda
Azərbaycan Respublikasında göstərilən həcmdə
qarışıq yem istehsal etmək üçün
istehsal gücləri mövcud deyildir. Belə ki, sovet
dövründən qalmış qarışıq yem
istehsalı müəssisələrinin gündəlik gücü 3300 ton
qarışıq yem istehsal etməyə imkan verirdi. Respublikada o vaxtlar ildə 900 min ton (o cümlədən
400 min ton quş yemi) qarışıq yem istehsal olunurdu.
Bundan başqa, əlavə olaraq Rusiyadan da 600
min ton qarışıq yem gətirilirdi. Lakin mərkəzləşdirilmiş
xammal təchizatı sisteminin dağılmasından sonra və indiki bazar
münasibətləri şəraitində hazır
qarışıq yemin və yemlik taxılın satış
qiymətləri arasındakı nisbətin pozulması, nəticə
etibarı ilə bu sahəyə marağın azalmasına səbəb
olmuşdur.
Gündəlik
gücü 3300 ton qarışıq yem istehsal edən müəssisələrin
böyük əksəriyyəti sıradan
çıxmış, təyinatını dəyişmiş və yaxud istifadəsiz
qalmışdır.
Keçmiş
Azərbaycan SSR Taxıl Məhsulları Nazirliyinin sistemində
mövcud olmuş gündəlik gücü 3300 ton olan
qarışıq yem istehsalı müəssisələrinin
yalnız 1880 tonluq ("Giləzi yem" ATSC, "Gəncə
taxıl" ASC, "Kürdəmir taxıl" ASC,
"Bakı taxıl" ASC, "Dəvəçi
taxıl" ATSC) hissəsindən istifadə etmək
mümkündür.
Yeni
yaradılacaq qarışıq yem sənayesi müəssisələrinin
prioritet qaydada kreditləşməsi bu sahənin yüksəlişinə
səbəb ola bilər. Bu istehsal müəssisələrinin
tikintisinə və avadanlıq alınmasına təkcə
uzunmüddətli güzəştli kredit deyil, eyni zamanda həmin müəssisələrin
xammal tədarük etmələri üçün
qısamüddətli güzəştli kreditlər verilməsi
çox vacibdir. Dövriyyə vəsaitləri
üçün alınan güzəştli kreditlər
hesabına birinci növbədə yerli fermerlərin istehsal
etdikləri taxıl satın alınacaqdır.
Bu sahəyə investisiya qoyuluşunun
artırılması üçün müəssisələrə
uzunmüddətli dövr üçün vergi tətillərinin
verilməsi də vacib məsələlərdən biridir. Təbii ki, belə bir
addım ölkədə daxili ehtiyatlar hesabına
qarışıq yem istehsalı üzrə istehsal güclərinin
yaranmasını
sürətləndirə bilər.
İlkin
hesablamalar göstərir ki, birinci növbədə gündəlik
gücü 1880 ton olan mövcud qarışıq yem müəssisələrinin
bərpa edilməsi və modernləşdirilməsi, eyni zamanda
yem komponentləri: yemlik buğda, qarğıdalı,
arpa, vələmir, çovdar, darı, soya, karbamid, premikslər,
ot unu, zülallı vitaminli əlavələr alınması
üçün kredit və investisiya məsələləri
həll olunmalı, ya da respublikada hər birinin illik
gücü 500 min ton olan qarışıq yem istehsal edən 4
özəl müəssisənin tikilməsi məqsədə
müvafiq olardı.
Əsas məsələlərdən biri kəndlərdə
zoobaytar mütəxəssislərinin
çatışmamasıdır. Çünki, Azərbaycan
Dövlət Aqrar Universitetinə qəbula maraq göstərən
abituriyentlərin sayı xeyli azalmışdır. Bu
problemi həll etmək üçün universitetdə təhsil
alan tələbələrə yüksək,
məsələn, 150-200 manat təqaüd verilməsi
imkanlarına baxılmalıdır. Hal-hazırda
Kənd Təsərrüfatı Nazirliyi başda olmaqla, digər
nazirliklərin aparatlarının aqronom, zootexnik və baytar həkimlərinə
böyük ehtiyacları vardır. Bu
kadrlar olmadığından nazirliklər səriştəsiz,
elmə söykənməyən, səthi sənədlər
hazırlayırlar.
Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan
Dövlət Aqrar Universitetində təhsil sisteminin təkmilləşdirilməsi
və kadr hazırlığının
yaxşılaşdırılması üçün ciddi tədbirlər
həyata keçirir.
Çingiz FƏRƏCOV,
Kənd Təsərrüfatı
Nazirliyi
Aparatının Heyvandarlıq
məhsullarının istehsalı,
emalı,
damazlıq işi və otlaqlar
şöbəsinin
müdiri, respublikanın əməkdar
kənd təsərrüfatı
işçisi
Azərbaycan.- 2012.- 4 aprel.- S. 9.