Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi jurnalist yazıları müsabiqəsi elan etmişdir

 

 Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin yaranmasının 10-cu ildönümü münasibətilə qurum "Azərbaycan diasporlobbi quruculuğu mövzusunda ən yaxşı məqalə" müsabiqəsi elan etmişdir.

Diasporla İş üzrə Dövlət Komitəsindən AzərTAc-a bildirmişlər ki, müsabiqənin keçirilməsinin məqsədi Azərbaycan diasporunun ötən on il ərzində keçdiyi inkişaf yolu və komitənin fəaliyyəti barədə ictimaiyyəti ətraflı məlumatlandırmaqdır.

Müsabiqədə müxtəlif KİV-də çalışan jurnalistlər iştirak edə bilərlər. Hər jurnalistin yalnız bir məqaləsi qəbul edilir. Müsabiqəyə ən azı beş min söz olmaq şərtilə 2012-ci il aprelin 3-dən iyunun 15-dək  gündəlik qəzetlərdə, eləcə də ölkənin aparıcı informasiya saytlarında Azərbaycan və ya rus dillərində dərc edilmiş materiallar qəbul olunur.

Müsabiqə "Azərbaycan Respublikasının diaspor siyasəti azərbaycançılıq ideologiyasının və dünya azərbaycanlılarının həmrəyliyinin vacib amili kimi", "Azərbaycan diasporunun tarixi: təşəkkülü və formalaşması", "Azərbaycanın zəngin tarixi-mədəni irsinin təbliğində Azərbaycan diasporunun artan rolu", "Azərbaycan həqiqətlərinin, o cümlədən  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında diasporun rolu", "Azərbaycan lobbisinin formalaşması və bu işdə Azərbaycan diasporunun potensialından istifadə olunması", "Soydaşlarımızın diaspor fəaliyyəti sivilizasiyalararası dialoqa mühüm töhfədir", "Xarici ölkələrdə məskunlaşmış soydaşlarımızın hüquqlarının qorunmasında diaspor təşkilatlarının rolu", "Gənclərin diaspor fəaliyyətində iştirakı Azərbaycan diasporunun gələcək inkişafının mühüm amili kimi" mövzuları üzrə keçirilir.

Yazılar Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, qeyri-hökumət təşkilatlarının nümayəndələri və tanınmış jurnalistlərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcəkdir.

Müsabiqənin qaliblərinə I yer üçün - 1000 manat, II yer - hər biri 700 manat olmaqla iki mükafat, III yer - hər biri 500 manat olmaqla üç mükafatın verilməsi nəzərdə tutulmuşdur. Bundan əlavə, hər biri 300 manat məbləğində beş həvəsləndirici mükafat da veriləcəkdir.

Qaliblərin mükafatlandırılması mərasimi iyulun əvvəllərində keçiriləcəkdir.

 

 

Azərbaycan.- 2012.- 4 aprel.- S. 10.