Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında diplomatik əlaqələrin yaranmasından 20 il ötür

 

 Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası (ÇXR) arasında diplomatik əlaqələrin yaranmasından 20 il ötür. Bu münasibətlə Çinin Xarici Ölkələrlə Dostluq Cəmiyyəti Pekində tədbir keçirmişdir.

Çin parlamenti, dövlət qurumları nümayəndələrinin, Azərbaycanın bu ölkədəki səfirliyi əməkdaşlarının iştirak etdikləri tədbirdə ÇXR parlamentinin - Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsi sədrinin müavini xanım Yan Cünçi 20 ildə iki ölkə arasında münasibətlərin daim inkişaf etdiyini demişdir. Ötən müddətdə yüksək səviyyədə əlaqələrin və qarşılıqlı siyasi etimadın güclənməsi müşahidə olunmuşdur.

Çin parlamenti sədrinin müavini bildirmişdir ki, ölkəsi siyasi etimadın daha da dərinləşməsi, müxtəlif sahələrdə əməkdaşlığın və ənənəvi dostluq əlaqələrinin daha möhkəmlənməsində maraqlıdır.

Mərasimdə çıxış edən Azərbaycanın Çindəki səfiri Lətif Qəndilov demişdir ki, xalqımız XX əsrin sonunda çoxəsrlik arzusunu reallaşdıraraq dövlət müstəqilliyini bərpa etmişdir. Hazırda Azərbaycan dövrün bütün tələblərinə cavab verən, bölgədə lider olan, iqtisadiyyatı sürətlə inkişaf edən, beynəlxalq aləmdə nüfuzu daim artan bir ölkədir.

Çinin Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu qeyd edən L.Qəndilov bildirmişdir ki, iki ölkə arasında əlaqələrin inkişafında ulu öndər Heydər Əliyevin 1994-cü ildə Çinə səfəri böyük rol oynamışdır. Həmin səfər zamanı əməkdaşlığın hüquqi bazası yaradılmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci və 2008-ci illərdə Çinə səfərləri də əlaqələrimizin inkişafına böyük töhfə vermişdir.

Ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu söyləyən səfir L.Qəndilov demişdir ki, Azərbaycan ilə Çin beynəlxalq müstəvidə də bir-birini dəstəkləyir. Çin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini, Azərbaycan isə "Vahid Çin" siyasətini dəstəkləyir. Hazırda ölkələrimizin iqtisadi əlaqələri xeyli genişlənmiş,  Çinin iri şirkətləri Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanır.

Çin xarici işlər nazirinin müavini Çen Quopinq nazirliyin diplomatik əlaqələrin 20 illiyi münasibəti ilə hazırladığı xüsusi nəşri Azərbaycan səfirinə təqdim etmişdir.

Xatırladaq ki, 1991-ci il dekabrın 27-də Çin Azərbaycan Respublikasının müstəqilliyini tanımış, 1992-ci il aprelin 2-də isə Azərbaycan ilə Çin arasında diplomatik münasibətlər qurulmuşdur.

 

 

 Şahin CƏFƏROV

 

Azərbaycan.- 2012.- 4 aprel.- S. 10.