ABŞ-ın “Bukharian Times” qəzeti: “Nyu-Yorka
xoş gəlmisən, kraliça
Zeynəb!”
Hələ bir ay bundan əvvəl Nyu-Yorkda yaşayan Qafqaz və Mərkəzi Asiya mənşəli mühacir icmalar arasında belə bir xəbər yayılmışdı: bahar fəslinin ən gözəl hədiyyəsi martın sonunda baş verəcəkdir - keçmiş SSRİ-nin və Azərbaycanın xalq artisti, dünya şöhrətli müğənni, milyonlarla insanın sevimlisi Zeynəb Xanlarova ABŞ-a qastrol səfərinə gələcəkdir.
Martın 27-də Zeynəb Xanlarovanı qarşılamaq üçün onlarla pərəstişkarından ibarət beynəlmiləl nümayəndə heyəti Nyu-Yorkun Con Kennedi adına hava limanına gəlmişdi. Əllərində Azərbaycanın və ABŞ-ın dövlət bayraqları, qucaq dolu gül-çiçək dəstələri ilə azərbaycanlı, tacik, özbək, rus, türkmən və qazax icmalarının üzvləri, yerli KİV nümayəndələri səbirsizliklə onu gözləyirdilər. Bu da səbəbsiz deyildi. Axı, Zeynəb Xanlarovanın ABŞ-a sonuncu qastrol səfəri iyirmi üç il bundan əvvəl olmuşdu. O zaman Zeynəb Xanlarova Nyu-York, Sinsinanti və Los- Ancelesdə konsert proqramları ilə çıxış etmişdi.
Bu dəfə isə Azərbaycanın əfsanəvi səsi Nyu-York şəhərində cəmi iki konsert verməli idi. Məhz həmin səbəbdən də onun pərəstişkarları bu müddətin bir dəqiqəsini belə itirməyərək, sevimli müğənnilərini Amerika torpağına ayaq basan andan görmək istəyirdilər.
Martın 30-da - Zeynəb Xanlarovanın Bruklinin 1400 nəfərlik "Millenium" teatrında konsertinin ilk günündə yerli "Bukharian Times" qəzetinin üz səhifəsi "Nyu-Yorka xoş gəlmisən, kraliça Zeynəb!" başlığı ilə çıxmışdı. Azərbaycanın və Buxaranın yəhudi icmalarının birgə təşkil etdikləri Zeynəb Xanlarovanın qastrol səfəri "Dostluq mahnıları" adı altında reallaşırdı.
Həm martın 30-da, həm də aprelin 1-də Kuins kollecinin 2400 tamaşaçı tutumu olan Kolden zalında verilən konsertlər anşlaqla keçmişdir. Minlərlə mühacir icmasının üzvü Azərbaycanın səhnə ulduzunun illərdən bəri sevdiyi, əzbər bildiyi mahnılarını yenidən dinləmək imkanı qazanmış, xəyalən Vətənə dönmüş, gəncliklərini yaşamışlar. Auditoriya arasında gənc nəslin çoxsaylı nümayəndələri də gözə dəyirdi. Onlar da etiraf edirdilər ki, Zeynəb xanım evlərində ən çox dinlənilən ifaçılardan olduğuna görə əfsanəvi səhnə ulduzunu canlı görməkdən böyük sevinc hissi duyurlar.
Zeynəb Xanlarova səhnəyə mavi və parıltılı daşlarla bəzədilmiş gözəl ağ libasda çıxanda bütün zal ayağa qalxaraq əfsanəvi ulduzu alqışlamağa başladı. Azərbaycanın dünya şöhrətli qızı isə əlinə mikrofon alıb dedi: "Səhnədə olduğum ilk gündən bir dəfə də olsun konsertlərimdə fonoqramla oxumamışam. Bu yaşımda da başlamaq fikrim yoxdur. Mən tamaşaçıma hörmət edirəm. Ona görə bu gün də ifam canlı olacaqdır."
Bu sözləri gurultulu alqışlarla qarşılayan tamaşaçılar Zeynəb Xanlarovanın daha bir neçə yumorlu xatirələrini dinlədilər: "1989-cu ildə Amerikaya qastrol səfərim zamanı ifa etdiyim mahnılardan biri də "Reyhan" idi. Əksəriyyəti Azərbaycan dilini başa düşməyən zal bu mahnını böyük rəğbətlə qarşıladı. Mən niyə məhz bu mahnıya belə reaksiya olduğuna təəccübləndim. Sonra tərcüməçimiz başa saldı ki, mahnınızın ABŞ Prezidenti Reyqanın haqqında olduğunu düşünürlər. Konsertlər zamanı məni səhnədən zorla aparırlar. Özüm konserti heç vaxt bitirmirəm. Görəcəksiniz, bu gün də belə olacaqdır".
Bu sözlərdən sonra səhnə musiqiçilərin ixtiyarına verildi. Planlaşdırılmış iki saat əvəzinə, Zeynəb xanımın Azərbaycan, türk, fars, gürcü, özbək, rus dillərində mahnılardan ibarət konserti fasiləsiz iki saat yarım davam etdi. Təşkilatçılar səhnə arxasından konserti yekunlaşdırmağa eyham vuranda, bütün zal təbəssümə büründü - Zeynəb xanım doğru deyirmiş, onu gəlib aparmayınca konserti öz xoşu ilə bitirmir.
Qastrol konsertlərinin sonuncu günü onlarla fəxri
ad və mükafat sahibi olan Zeynəb Xanlarova daha bir mükafata layiq görüldü. Bu dəfə Nyu-York
Ştatı Milli Assambleyasının üzvü Rori Lankman Azərbaycan mədəniyyətini bütün dünyada
şöhrətləndirən, istedadı ilə müxtəlif
mənşəli neçə-neçə incəsənət
adamını ruhlandıran, sözün əsl
mənasında, beynəlmiləl ulduz olan Zeynəb Xanlarovaya Nyu-York ştatı və Nyu-York
icmaları adından ehtiram ifadə edən sənədi təqdim etdi.
Azərbaycanın
görkəmli incəsənət simalarından birinin
Nyu-Yorkdakı qastrol konsertləri unudulmaz xatirələrlə
yadda qalmışdır. Konsertdən sonra təəssüratlarını
AzərTAc ilə bölüşən Azərbaycan diaspor təşkilatlarının
rəhbərləri qürur və sevgilərini dilə gətirirdilər.
Nyu-Cersi ştatında fəaliyyət göstərən Amerika Azərbaycan Cəmiyyətinin prezidenti Tomris Azəri: "Mənim üçün konsert çox emosional idi. Hər mahnı keçmişi xatırladırdı: Azərbaycanın bizə nə qədər əziz olduğu, Amerikada böyüyərkən Vətənimizin ailəmiz üçün nə demək olduğu, mərhum anamın, əmilərimin, babamın burada milli mənliyimizi qoruyub saxlanması üçün etdikləri yadıma düşərkən göz yaşlarımı saxlaya bilmirdim. Zeynəb xanımın Amerikaya 1989-cu ildəki ilk qastrol səfəri bizim üçün böyük hadisə idi. Bu gün onun səsini dinləyərkən bütün ailəmizin təxminən 23 il bundan əvvəl birlikdə olduğunu, konsertə birlikdə gəldiyimizi düşünüb kövrəlirdim".
Meyn ştatının Azərbaycan icmasının başçısı Tərlan Əhmədov: "Mən ailəmlə altı saat maşın sürüb Meyn ştatından bu konsertdə iştirak etmək üçün gəlmişəm. Azərbaycan səhnəsinin korifeylərindən biri olan Zeynəb Xanlarovanın bu yaşda fasiləsiz iki saatdan çox canlı ifası onun bütün dünyada yaşayan azərbaycanlıların milli qürur mənbəyinə çevrilməsi səbəblərini aydın nümayiş etdirdi. Həm Zeynəb Xanlarovanın, həm də onun istedadlı musiqiçilərdən ibarət ansamblının bizə bəxş etdikləri anları heç zaman unutmayacağıq. Bütün icmamız adından Zeynəb xanıma bu bahar fəslində möhkəm cansağlığı, uzun ömür və bundan da böyük uğurlar arzu edirik".
Azərbaycan Nyu-York Assosiasiyasının katibi Minəvvər Vahabova: "Bu görüşün sevincini çatdırmaq çox çətindir, onun həddi-hüdudu yoxdur. Mən inanıram ki, bu günün sevinci və xoş təəssüratı uzun zaman yaddaşlardan silinməyəcəkdir. Rəngarəng repertuarla çıxış edən Zeynəb xanım öz canlı ifası ilə zalda olan tamaşaçıları heyran etdi. Biz Zeynəb Xanlarovanın timsalında bir daha əsl sənətin, əsl musiqinin, əsl sənətkarın nə demək olduğunu duyub anladıq. Biz qərib ölkədə yaşayan azərbaycanlıların gözü hər zaman yoldadır, hər zaman Vətəndən gələn qonaqların yolunu gözləyirik. Arzulayırıq ki, Azərbaycanın zəngin mədəniyyəti, incəsənəti, musiqisi, teatr sənəti, muğamı bütün dünyada tanınsın."
Konsertdən sonra Zeynəb Xanlarova ABŞ-a budəfəki qastrol səfəri ilə bağlı AzərTAc-a qısa müsahibə vermişdir.
- Zeynəb xanım, Birləşmiş Ştatlara iyirmi üç illik fasilədən sonra xoş gəlmisiniz. Konsertləriniz necə keçdi, Vətənə hansı təəssüratlarla qayıdacaqsınız?
- Qafqaz və yəhudi
icmaları məni bu dəfə dəvət
edəndə, Amerikadakı pərəstişkarlarımın
intizarına son
qoyub gəlməyə qərar verdim. Bilirəm ki, hər
yerdə məni sevənlər gözləyirlər. Amerikada da həmçinin.
Gördünüz ki, zal tam dolu idi. Heç
kim konsertin
bitməsini istəmirdi.
Axırda təşkilatçılar məcbur olub bizi dayandırdılar ki, zalın kirayə vaxtı bitmişdir. Mən həmişə saatlarla oxumağa hazıram.
Bu sənəti qəlbən sevirəm və özümü səhnədən ayrı
təsəvvür edə
bilmirəm. Amerikaya ötən
dəfə qastrol səfəri daha geniş şəkildə
keçmişdi. O zaman
biz Los-Anceles, Nyu-York, Çikaqo, Sinsinanti və daha bir
neçə şəhərdə
olduq, hər yerdə böyük rəğbətlə və
məhəbbətlə qarşılandıq.
ABŞ çox gözəl ölkədir,
insanları mehribandır.
Şadam
ki, burada da tamaşaçı sevgisi qazana bilmişəm. Nə qədər
ki, onların sevgisi var, mən
oxuyacam.
- Auditoriyanız doğrudan da, beynəlmiləl idi. Sirr deyil ki, Sizin yaradıcılığınız
hətta bizim iyirmi ildən çox münaqişədə
olduğumuz Ermənistanda
da sevilir, izlənilir. Ermənilər sizin bütün mahnıları öz dillərində ifa edirlər.
- Elədir. Mən 1978-ci ildə Ermənistan SSR-in xalq artisti adına layiq görülmüşdüm. Hətta eşitdiyimə
görə, bu yaxınlarda ermənilər
yeni mahnılarımdan
olan "Yaman könlümə düşmüsən"
mahnısını oxumağa
başlayıblar. Bu yaxınlarda Azərbaycanın
Rusiyadakı səfiri
Polad Bülbüloğlu
Ermənistana səfər
etmişdi. Danışırdı ki, çoxları ondan mənim yeni diskimin olub-olmamasını
soruşurdular. Xalqlarımız arasında nifaq salan qüvvələrə
lənət olsun.
İnsanlıq naminə, ümid
edirəm ki, münaqişə həll
ediləcək və
biz yenə də sülh şəraitində
yaşayacağıq.
- Zeynəb xanım, bu il ömrünüzün 76-cı baharını yola saldınız. Sizi səhnədə görənlər heyran qaldılar. Sirr deyilsə, təravətinizi,
şuxluğunuzu, gözəlliyinizi
necə saxlayırsınız?
- Məni yaşadan və gənc saxlayan xalqımın, millətimin sevgisi, dövlətimdən gördüyüm
qayğı və hörmətdir. Mən iki gözəl,
məni həmişə
fərəhləndirən övlad
anasıyam, uzun illərdir Milli Məclisin deputatıyam.
Sənətimi həmişə sevmişəm, onun vurğunu olmuşam.
Xalqım da bunun müqabilində həmişə məni
qiymətləndirmiş, əziz
tutmuşdur. Mən dünyanın ən
xoşbəxt insanlarından
biriyəm. Yeganə arzum
budur ki, Allah səsimi əlimdən almasın. Nə qədər ki,
səsim var, səhnədə olacam, məni sevənləri gözü yolda qoymayacam.
Azərbaycan.- 2012.- 4 aprel.- S. 10.