Beynəlxalq Novruz Günü adlı tədbirdə Azərbaycanın BMT-nin Cenevrə bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyi xüsusi fəallıq göstərmişdir

 

 Aprelin 2-də BMT-nin Cenevrə şəhərində yerləşən bölməsinin baş qərargahının binasında Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Qırğız Respublikası, Özbəkistan, Tacikistan, Türkmənistan və Türkiyənin daimi nümayəndəliklərinin təşkilatçılığı ilə "Beynəlxalq Novruz Günü" adlı tədbir keçirilmişdir.

Azərbaycan Respublikasının Cenevrə şəhərində BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyindən  AzərTAc-a bildirmişlər ki, tədbir BMT Baş Məclisinin 64-cü sessiyasının ölkəmizin təşəbbüsü ilə martın 21-nin "Beynəlxalq Novruz Günü" kimi qeyd olunması ilə bağlı qəbul etdiyi qətnaməyə uyğun olaraq keçirilmişdir.

BMT baş katibinin müavini K.Tokayev Novruz bayramının adət və ənənələrinin dünya mədəni irsinin mühüm tərkib hissəsi olduğunu, dünya mədəniyyəti və incəsənətinə xüsusi töhfə verdiyini qeyd etmişdir. Natiq  tədbirin təşkilində iştirak etmiş 9 ölkənin daimi nümayəndəliklərinin bu addımını mədəni əməkdaşlığın əyani nümunəsi kimi səciyyələndirmişdir.

Həmçinin BMT-nin Cenevrə bölməsi mədəni tədbirlər komitəsinin rəhbəri D.Çikvadze tədbirdə çıxış edərək Novruz bayramına beynəlxalq status verilməsini yüksək qiymətləndirmişdir.

Tədbirdə Azərbaycan Respublikasının daimi nümayəndəliyi tərəfindən ölkəmizin tarixi, mədəniyyəti, incəsənəti və turizm potensialını əks etdirən HD formatlı video və fotoşəkillər nümayiş etdirilmişdir. Eyni zamanda, tədbirin iştirakçılarına  "Bakı" jurnalının nüsxələri və Heydər Əliyev Fondu tərəfindən tərtib edilmiş təqvimlər paylanmışdır. Bu ilin mayında Bakıda "Eurovision-2012" mahnı müsabiqəsinin keçirilməsi ilə əlaqədar iştirakçılara  daimi nümayəndəlik tərəfindən sözügedən mahnı yarışması ilə bağlı videomateriallar təqdim edilmişdir. Bu materiallar qonaqlar tərəfindən maraqla qarşılanmışdır.

İştirakçılar Novruz bayramı münasibətilə Azərbaycan Respublikasının daimi nümayəndəliyi tərəfindən xonçalarda təqdim edilmiş şirniyyatmilli mətbəx nümunələri - süfrələrin bəzəyi olan paxlava və şəkərbura, ölkəmizin tarixi, mədəniyyəti və incəsənəti ilə bağlı müxtəlif materiallardan ibarət sərgiyə maraqla baxmışlar.

Qonaqlar ölkəmizdə Novruz bayramının qeyd edilməsinin özəllikləri ilə maraqlanmış, tariximizin, mədəniyyətimizin, mətbəximizin və incəsənətimizin zənginliyinə heyran qaldıqlarını gizlətməmişlər.

 

 

Azərbaycan.- 2012.- 4 aprel.- S. 10.