Bəxtiyar Vahabzadə Osman
Qazi Universitetində anılıb
Türkiyənin Əskişəhər bölgəsində
Osman Qazi Universitetində türk dünyasının tanınmış
şairi Bəxtiyar Vahabzadəyə həsr edilmiş "Səssiz haray" adlı ədəbi-bədii gecə
keçirildi. Tədbiri universitetin Fənn
ədəbiyyatı fakültəsi
ilə birlikdə Qarşılaşdırmalı ədəbiyyat bölümü
təşkil etmişdi.
Tədbirdə Osman Qazi Universitetinin rektoru professor Həsən
Gönən, professorlar
Rüstəm Qaya, Əli Gültəkin, Xəlil Buttanrı, Müzəyyən Buttanrı,
Nəzirə Ağbulut,
dosent Mədinə Sivri, dosent Məqbulə
Məhərrəmova, Məhmət
Səmərci, Engin Bölükmeşə, Şeyda
Ülsevər, Fesun Koşmak, Fərzaneh Doulatabadi, Özləm Özdən, Arzu Yetim, Zeynəb Orhan, Veysəl Lidar və başqaları
iştirak edirdilər.
Universitetin Qarşılaşdırmalı ədəbiyyat bölümünün
müdiri professor Əli
Gültəkin Bəxtiyar
Vahabzadənin həyat
və yaradıcılığı
haqqında geniş məlumat verərək bildirdi ki, şair
qələmi ilə hər zaman azadlıq uğrunda mübarizə aparıb, Azərbaycanı müstəqil
görmək istəyib. Natiq şairin
Vətən, millət
mövzulu şeirlərindən
nümunələr gətirərək
fikirlərini tamamlayıb.
Sonra söz şairin "Sandıqdan səslər" kitabı
haqqında danışmaq
üçün dosent
T.Əliyevaya verildi. B.Vahabzadənin "Sandıqdan səslər"
kitabı 2007-ci ildə
Bakıda "Təfəkkür"
nəşriyyatında işıq
üzü görüb.
Kitaba şairin sovet rejimi dövründə mövcud quruluşa qarşı yazılan əsərləri toplanılıb.
Şair bu şeirləri arxivində saxlamış,
sonradan çap etdirmişdir. B.Vahabzadə kitaba maraqlı "Ön söz" yazmışdır. Məruzəçi "Sandıqdan səslər"
əsəri haqqında
danışarkən B.Vahabzadənin
öz dilindən deyilmiş fikirlərindən
sitat gətirib. B.Vahabzadə
yazırdı ki, hələ kifayət qədər təcrübəm
və səriştəm
olmadığına görə
universitetdə oxuduğum
müharibə illərində
sözümü birbaşa
deyirdim, yazdığım
şeirləri çap
üçün yazmır,
arxivimdə gizlədirdim.
T.Əliyeva çıxışında
Bəxtiyar Vahabzadənin
"Sandıqdan səslər"
kitabındakı şeirlər
haqqında danışarkən
buna da toxundu.
B.Vahabzadə fikirlərini senzuradan
gizlətmək üçün
M.F.Axundzadənin "zamanı,
məkanı dəyişməklə
sözünü demək
üsulu"ndan istifadə
edirdi. Bu münasibətlə
yazdığı "Ələddinin
çırağı", "Özünə yalvarsana",
"Ehramların önündə",
"Aclardan toxlara",
"Açıq şəhər",
"Latın dili"
şeirlərində əslində
söhbət başqa
ölkələrin dərdindən
deyil, Azərbaycanın
və Azərbaycan xalqının dərdindən
gedir. Məruzəçi
B.Vahabzadənin "Dil
yoxsa, millət də yoxdur" fikrindən yola çıxaraq şairin Azərbaycan dilini - ana dilini qorumaq
uğrunda mübarizəsindən
və bu mövzuda yazdığı
şeirlərdən söhbət
açdı:
Ey bu günü dilim-dilim,
Parçalanan ana dilim.
Sinəsində od qalanan
ana dilim,
Qapıların arxasında
Boynu bükük qalan dilim,
Var ikən yox olan
dilim,
Ayaqlarda
kilim dilim,
Savaşlarda bir qəhrəman,
Barışlarda həlim dilim.
Məruzəçi qeyd etdi ki, bu
şeir Güney Azərbaycanın fədakar
qızı Mərziyə
Üsküyə həsr
olunsa da, əslində sovet rejimi dönəmində Azərbaycan dilinə olan münasibətdən söhbət gedir. Şairin
"Nağıl-həyat" şeirindən danışan
T.Əliyeva qeyd etdi ki, "Sandıqdan səslər"
kitabında Türkiyə
və türk dünyası haqqında şairin yazdığı
şeirlər var. 7 fevral
1961-ci ildə Rusiya gəmisində İstanbula
gələn şair Türkiyə və Azərbaycanı müqayisə
edir və deyir ki, ölkəmdə
qapı arxasında qalan dilim burada
baş üzərində
gəzir. Şair ürəyindən
keçirir ki, zaman gələcək, mənim ölkəm də azad olacaq.
Nə yaxşı ki, şair yaşadı.
Azərbaycan dilinin baş
üzərində tutulduğunu
gördü.
Toplantı iştirakçılarını ən çox maranlandıran B.Vahabzadənin
"Torpaqdan pay olmaz"
şeiri oldu. Tələbələrdən bir neçəsi
şeiri əzbər söylədi. Şairin 1984-cü ildə "Ocaq" kitabının müəllifi
Zori Balayana yazdığı "Bəlkə
ayıldım" şeiri
diqqətdən kənarda
qalmadı. B.Vahabzadənin
türk dünyası
ilə bağlı yazdığı "Krım,
Yalta, Qızıldaş", "Krımda tatar qəbirləri", "Aluştada
Əmətxan Sultanın
heykəli önündə"
şeirləri hər
kəs tərəfindən
alqışlarla qarşılandı.
Fənn ədəbiyyat fakültəsinin
dekanı professor Rüstəm
Qaya şair haqqında ətraflı danışaraq bildirdi ki, B.Vahabzadə sadəcə Azərbaycanın,
Türkiyənin deyil,
bütün türk dünyasının və
dünya türklərinin
şairidir. Dünyanın müxtəlif yerlərində
yaşayan türklər
onun şeirlərindən
bəhrələnir, Vətənə,
millətə layiqli övlad olmağa çalışırlar. B.Vahabzadə
milləti üçün
canını fəda edən şair idi, hər zaman
kürsülərdən fikirlərini
çəkinmədən söylərdi.
B.Vahabzadə qəlblərdə daim yaşayacaq, çünki onu dünyalar qədər sevən xalqı var.
Toplantıda türk dili və ədəbiyyatı
bölümünün professorları
Müzəyyən Buttanrı
və Xəlil Buttanrı da çıxış edərək
şairin şeirlərindəki
müxtəlif mövzulara
toxundular.
Tamilla ƏLİYEVA
Azərbaycan.- 2012.- 4 aprel.- S. 11.