İsveçrədə qondarma erməni soyqırımını inkar edən türkiyəli nazirə cinayət işi açılmasından vaz keçdilər

 

İsveçrənin Sürix Şəhər Prokurorluğu qondarma erməni soyqırımını inkar edən Türkiyənin Avropa İttifaqı üzrə naziri Egemen Bağışa qarşı cinayət işi açılmaması qərarı vermişdir. 

Anadolu agentliyinin verdiyi xəbərə görə, prokurorluq İsveçrə Xarici İşlər Nazirliyi ilə müzakirələrdən sonra belə qərara gəlmişdir ki, E.Bağış bu ölkədə olduğu bütün müddətdə diplomatik toxunulmazlığa malikdirbu səbəbdən ona qarşı heç bir hüquqi prosedur aparıla bilməz.

Xatırladaq ki, prokurorluğun apardığı ilkin istintaq zamanı E.Bağışın Sürixdə konsert zamanı bir jurnalistə müsahibəsində qondarma erməni soyqırımını inkar etdiyi təsdiq olunmuşdu. Bu ölkədəki ermənilərin iddiası əsasında şəhər prokurorluğu türkiyəli nazirə qarşı cinayət işi açmışdı. Bununla əlaqədar Türkiyənin xarici işlər nazirinin müavini Feridun Sinirlioğlu İsveçrənin Ankaradakı səfiri Raymund Kuntzu nazirliyə dəvət edərək izahat tələb etmiş, bu məsələnin qəbuledilməz olduğunu bildirmişdi.

 

 

 Oqtay BAYRAMOV

 

Azərbaycan.- 2012.- 4 aprel.- S. 11.