Azərbaycan Prezidenti İlham Əliyev
Ukraynanın Baş naziri
Nikolay Azarovun
başçılıq etdiyi nümayəndə
heyətini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 4-də Ukraynanın Baş naziri Nikolay Azarovun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Ukraynanın Baş naziri Nikolay Azarovun böyük nümayəndə heyəti ilə Azərbaycana səfər etməsini ölkələrimiz arasında əməkdaşlığın yaxşı əlaməti kimi dəyərləndirən dövlət başçısı səfərin uğurlu olacağına və münasibətlərimizin daha da genişləndirilməsi işinə təkan verəcəyinə əminliyini ifadə etdi. Azərbaycan ilə Ukrayna arasında ikitərəfli münasibətlərin dinamik inkişaf etdiyini, siyasi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan Prezident İlham Əliyev iqtisadi sahədə əməkdaşlığı da siyasi əlaqələr səviyyəsinə yüksəltməyin önəmini qeyd etdi. Azərbaycanın Ukrayna ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini bildirən dövlət başçısı ikitərəfli, çoxtərəfli və regional formatda qarşılıqlı fəaliyyəti davam etdirməyin və ölkələrimiz arasında tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinin vacibliyini bildirdi.
Baş nazir Nikolay Azarov Ukrayna Prezidenti Viktor Yanukoviçin salamlarını dövlətimizin başçısına çatdırdı. O, ölkəsinin dövlət başçısının Prezident İlham Əliyevə və Azərbaycan xalqına dərin hörmət bəslədiyini dedi. Baş nazir ölkəmizin paytaxtında həyata keçirilən böyük tikinti və quruculuq işlərinin şahidi olduğunu bildirdi.
Görüşdə enerji, infrastruktur, ticarət və iqtisadi əməkdaşlıq sahələri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Dövlət başçısı Prezident Viktor Yanukoviçin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Ukrayna dövlətinin başçısına çatdırmağı xahiş etdi.
AzərTAc
Azərbaycan.- 2012.- 5 aprel.- S. 1.