Ukrayna Azərbaycanın ərazi bütövlüyünü birmənalı
şəkildə dəstəkləyir
Aprelin 4-də Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə rəsmi səfərdə olan Ukraynanın Baş naziri Nikolay Azarovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu səfərin dövlətlərarası əlaqələrin inkişafına öz müsbət təsirini göstərəcəyini söyləyən Oqtay Əsədov qeyd edib ki, Azərbaycan və Ukrayna xalqlarını ənənəvi dostluq münasibətləri birləşdirir. Hər iki ölkə müstəqillik əldə etdikdən sonra münasibətlərimiz həyatın bütün sahələrində müvəffəqiyyətlə inkişaf edir. Dövlət başçılarının və yüksək səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərləri zamanı aparılan danışıqlar, ölkələrimiz arasında imzalanmış sənədlər əməkdaşlığın inkişafı üçün möhkəm zəmin yaradıb.
Milli Məclisin Sədri siyasi dialoqla yanaşı, iqtisadi, humanitar sahələrdə də əlaqələrimizin yüksələn xətlə inkişaf etdiyini deyərək parlamentlər səviyyəsində əməkdaşlığın inkişafını da təqdirəlayiq hesab etdiyini bildirib. Oqtay Əsədov diqqətə çatdırıb ki, Avronest Parlament Assambleyasının Bakıda keçirilən növbəti sessiyasında Azərbaycan və Ukrayna nümayəndə heyətləri səmərəli fəaliyyət göstəriblər.
Oqtay Əsədov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söz açaraq problemin həllində Ukraynanın Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəklədiyinə görə Ukrayna xalqına və dövlətinə minnətdarlığını bildirib.
Azərbaycanda keçirdiyi görüşlərdən məmnun qaldığını deyən Ukraynanın Baş naziri Nikolay Azarov müstəqillik illərində ölkəmizin əldə etdiyi nailiyyətləri xalqımızın ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasəti və bunu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ilə əlaqələndirib.
Görüşdə qeyd edilib ki, bu il 20 illiyi tamam olan Ukrayna-Azərbaycan diplomatik əlaqələri yüksək səviyyədədir. Ukrayna ölkəmizlə siyasi dialoqu davam etdirməkdə, iqtisadi, mədəni sahələrdə əməkdaşlığı daha da dərinləşdirməkdə maraqlıdır. Nikolay Azarov dövlətlərarası əməkdaşlığın daha da inkişafında parlamentlərin rolunu xüsusi vurğulayaraq deputatların qarşılıqlı səfərlərinin əhəmiyyətini qeyd edib.
Sonra tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan.- 2012.- 5 aprel.-
S. 2.