Ukraynanın Baş naziri Heydər
Əliyev Fondunu ziyarət etmişdir
Azərbaycanda səfərdə olan Ukraynanın Baş naziri Nikolay Azarovun başçılıq etdiyi nümayəndə heyəti aprelin 4-də Heydər Əliyev Fondunda olmuşdur.
AzərTAc xəbər verir ki, Baş nazir Nikolay Azarova Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə yaradılmış fondun məqsədi və fəaliyyəti barədə ətraflı məlumat verilmişdir.
Bildirilmişdir ki, fond ulu öndər Heydər Əliyevin zəngin irsini öyrənir və təbliğ edir, müxtəlif sosial-iqtisadi, humanitar layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin inkişafına və tarixinin öyrənilməsinə kömək göstərir.
Ümummilli liderin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid fotolara, habelə müxtəlif eksponatlara nəzər yetirən ukraynalı qonaqlar, fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ulu öndərə həsr olunmuş kitablarla, nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu haqqında fikirləriylə tanış olmuş, xarici ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxmışlar. Ümummilli liderin zəkasının bəhrəsi olan və indi onun adını daşıyan Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin maketi qonaqlarda xüsusi maraq doğurmuşdur.
Ukraynanın Baş naziri Fondla tanışlıqdan sonra xatirə kitabına ürək sözlərini yazmışdır.
Qonaqlar Heydər Əliyev Fondunun fəaliyyətindən bəhs edən filmə tamaşa etmişlər.
Baş nazir Nikolay Azarova fondun nəşri olan "Muğam aləmi" musiqi albomu hədiyyə edilmişdir.
Ukraynanın Baş naziri Heydər Əliyev Fondundan
zəngin təəssüratla ayrılmışdır.
Azərbaycan.- 2012.- 5 aprel.- S. 2.