Azərbaycan ilə Rusiya arasında bütün sahələrdə əlaqələr uğurla inkişaf edir

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə aprelin 4-də ölkəmizdə rəsmi səfərdə olan Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə görüşmüşdür.

Baş nazir Artur Rasizadə siyasiiqtisadi sahələrdə Azərbaycan-Rusiya əməkdaşlığını yüksək qiymətləndirdi, ölkələrimiz arasındakı ikitərəfli əlaqələrin dərin tarixə söykəndiyini və mehriban qonşuluq prinsipləri əsasında formalaşdığını diqqətə çatdırdı. İqtisadi, siyasi, sosialhumanitar sahələrdə qarşılıqlı əməkdaşlığın önəmini qeyd edən Artur Rasizadə hər iki ölkədə yaşayan diasporaların fəaliyyətini xüsusi vurğuladı. Baş nazir Rusiya Federasiyasının subyektləri ilə də iqtisadi sahələrdə fəaliyyətə diqqət yetirildiyini dedi.

Azərbaycan-Rusiya diplomatik münasibətlərinin 20 ili ərzində əldə olunmuş nailiyyətləri bir daha xatırladan Azərbaycanın Baş naziri siyasi sahədə əməkdaşlığın möhkəmləndiyini, ticarət dövriyyəsinin artdığını xatırlatdı.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Baş nazir Artur Rasizadə Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində bu problemin hələ də həllini tapmadığını dedi. Ermənilərin azərbaycanlılara qarşı 1918-ci ildə törətdiyi soyqırımının növbəti ildönümünün qeyd olunduğunu deyən Artur Rasizadə bu qanlı aksiyanın davamı olan Xocalı faciəsi zamanı 613 nəfərin vəhşicəsinə qətlə yetirildiyini diqqətə çatdırdı.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda keçirdiyi görüşlərdə ikitərəfli münasibətlərimizin genişləndirilməsi ilə bağlı bir sıra məsələlərin müzakirə olunduğunu dedi. Ölkələrimiz arasında bütün sahələrdə qarşılıqlı əməkdaşlıq mühitinin olduğunu söyləyən rusiyalı nazir əlaqələrin daha da dərinləşdirilməsində maraqlı olduqlarını vurğuladı. S.Lavrov Cənubi Qafqazda Azərbaycanın təşəbbüsü, rəhbərliyi və iştirakı ilə həyata keçirilən irimiqyaslı layihələrin əhəmiyyətini vurğuladı.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 5 aprel.- S. 2.