Rəsmi Moskva Dağlıq Qarabağ münaqişəsinin tezliklə, sülh yolu ilə həllində maraqlıdır və bunun üçün səylərini artıracaq

 

 Dünən Milli Məclisin Sədri Oqtay Əsədov Azərbaycanda rəsmi səfərdə olan Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla görüşüb.

Milli Məclisin Sədri deyib ki, Azərbaycan ilə Rusiya münasibətlərinin çox dərin kökləri var. Əlaqələrimiz qarşılıqlı hörmət və səmimi dostluğa əsaslanır. Ölkələrimiz arasında dialoq bütün sahələr üzrə inkişaf edir:  "Münasibətlərimizin ən yeni  tarixi 1992-ci il aprel ayının 4-dən başlayır. Xoş haldır ki, bu gün (dünən) diplomatik münasibətlərimizin 20 ili tamam olub".

Oqtay Əsədov ölkələrimiz arasında əlaqələrin yüksək səviyyəyə çatmasında dövlətlərimizin başçılarının rolunu xüsusi qeyd edib. O bildirib ki, bu günədək Azərbaycan ilə Rusiya arasında 150-dən çox sənəd imzalanıb:  "Bu sənədlər əlaqələrimizin hərtərəfli inkişafı üçün möhkəm hüquqi baza yaradıb. Bu gün Azərbaycanda 500-dən çox Rusiya şirkəti fəaliyyət göstərir. Bizim regionlarımız arasında da mehriban dostluq münasibətləri mövcuddur. Azərbaycanda rus dilinə də böyük maraq var və əksər ali, orta məktəblərdə rus dili ayrıca tədris olunur".

Milli Məclisin Sədri  dövlətlərarası əlaqələrin inkişafında parlamentlərin  rolunu xüsusi qeyd edibbildirib ki, hər iki ölkənin qanunverici orqanında dostluq qrupları fəaliyyət göstərir, deputatlarımız bütün beynəlxalq təşkilatlarda səmərəli əməkdaşlıq edirlər.

Sonra Oqtay Əsədov Azərbaycanın üzləşdiyi problem - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də ətraflı məlumat verib, Rusiyanın bu problemin həllindəki rolunu yüksək qiymətləndirib. O, rəsmi Moskvanın münaqişənin həlli istiqamətində rolunu daha da artıracağına əminliyini ifadə edib.

Sergey Lavrov isə Azərbaycan ilə Rusiya arasında əlaqələrin hərtərfli inkişafından razılığını bildirərək deyib ki, həqiqətən də ölkələrimiz arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu isə təkcə Azərbaycan-Rusiya münasibətlərinin inkişafında deyil, həm də Cənubi Qafqazda sabitliyin bərpasında mühüm rol oynayır.

Rusiyanın xarici siyasət idarəsinin rəhbəri diqqətə çatdırıb ki, Azərbaycan ilə Rusiya arasında investisiyaların qorunmasına dair yeni sənəd hazırlanıb. Bu sənədin hər iki ölkənin parlamentində təsdiqi iqtisadi-ticarət dövriyyəsinin artımına təkan verəcək.

S.Lavrov dövlətlərarası əlaqələrin inkişafında parlamentlərin rolu barədə deyilən fikirlərlə razı olduğunu, deputatlarımızın təkcə dostluq qrupları çərçivəsində deyil, MDB PA, ATƏT PA, AŞ PA və digər beynəlxalq təşkilatlarda da faydalı əməkdaşlıq etdiklərini bildirib. O deyib ki, rəsmi Moskva Dağlıq Qarabağ münaqişəsinin tezliklə, sülh yolu ilə həllində maraqlıdır və bunun üçün   səylərini artıracaq.

Sonra görüşdə regiondadünyada gedən proseslər, Azərbaycan-Rusiya münasibətlərinin inkişaf perspektivləri, parlamentlərarası əməkdaşlıq və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb

 

 

Azərbaycan.- 2012.- 5 aprel.- S. 2.