Qədim
İçərişəhərlə tanışlıq
Ukraynanın Baş nazirində zəngin təəssürat
doğurmuşdur
Ukraynanın Baş naziri Nikolay Azarov Azərbaycana rəsmi səfəri çərçivəsində aprelin 4-də İçərişəhərlə tanış olmuşdur.
AzərTAc xəbər verir ki, əvvəlcə qonağa Qız qalası abidəsinin qeyri-adi memarlıq özəllikləri barədə dolğun məlumat verilmişdir. Bildirilmişdir ki, eramızdan əvvəl VII-VI əsrlərdə əsası qoyulmuş Qız qalası XII əsrdə bərpa edilmişdir. Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan abidə silindr formalı əsl qaladan və cənub tərəfdən ona bitişən iri dayaq tikilidən ibarətdir. Hazırda Qız qalasının muzey konservasiyası işlərinə başlanılmışdır.
Yaxınlıqdakı Sıratağlı dini-memarlıq kompleksinin ərazisindəki ekspozisiya ilə tanışlıq da qonaqda böyük maraq doğurmuşdur.
Elektromobillə gəzinti zamanı Ukraynanın Baş nazirinə və nümayəndə heyətinin üzvlərinə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir, abadlaşdırma və bərpa işləri barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi memarlıq abidələri vardır və bunlar qorunub saxlanılır.
Kiçik Qala küçəsi ilə davam edən gəzinti zamanı Nikolay Azarov təndir çörəyinə qonaq edilmişdir.
Gəzinti zamanı qonaq tanınmış kinorejissor Leonid Qaydayın ekranlaşdırdığı "Brilliant əl" kinokomediyasının ən yaddaqalan, ən maraqlı epizodlarının çəkildiyi İçərişəhərdəki küçədə olmuşdur.
Daha sonra Nikolay Azarov Kiçik karvansaradakı Azərbaycan təsviri və dekorativ-tətbiqi sənət mərkəzində - "İncəsənət bağı"ndakı sənət nümunələrini seyr etmişdir.
Ukraynanın Baş naziri "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun fəxri qonaqlar kitabına ürək sözlərini yazmışdır.
Azərbaycan paytaxtının qədim guşəsi
ilə tanışlıqdan xatirə olaraq
qonağa hədiyyə təqdim edilmişdir.
Azərbaycan.- 2012.- 5 aprel.- S. 3.