Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskva Dövlət Universitetinin Bakı filialında olmuşdur

 

 Bakıda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 4-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru professor Nərgiz Paşayeva ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, S.Lavrov əvvəlcə MDU-nun Bakı filialının yeni kampusunun tikintisinin gedişini əks etdirən albomlarla tanış olmuşdur. Bundan əlavə, görüş iştirakçıları S.Lavrovun universitetə hədiyyə etdiyi ədəbiyyat, rus dili, tarixbaşqa sahələrə aid kitabları gözdən keçirmişlər. Sonra rusiyalı nazir bu ali məktəbin müəllim və tələbələri ilə görüşmüşdür.

Tədbirdə çıxış edən professor N.Paşayeva tələbələrin məşhur dövlət xadimləri və ictimai xadimlərlə görüşünün əhəmiyyətini vurğulamışdır. O qeyd etmişdir ki, Bakıda MDU-nun filialının yaradılması Azərbaycan vətəndaşlarına öz ölkəsinin hüdudlarını tərk etmədən dünyanın ən  nüfuzlu ali məktəblərinin birində təhsil almaq imkanı vermişdir. N.Paşayeva demişdir: "Sirr deyildir ki, Azərbaycan gənclərinin burada təhsil almaq istəyi əsasən, Rusiya xalqının mədəniyyətinin və tarixinin ən böyük nailiyyətlərindən biri olan Moskva Dövlət Universitetinin ənənəvi yüksək nüfuzu ilə bağlıdır".

N.Paşayeva Azərbaycanda rus dilinin vəziyyəti barədə söhbət açaraq vurğulamışdır ki, respublikamızda rus dilinə, rus mədəniyyətinə həmişə qayğıkeş, səmimi, həssas münasibət və həqiqi məhəbbət hissləri olmuşdur və olacaqdır.

S.Lavrov öz çıxışında qeyd etmişdir ki, MDU-nun Bakı filialının Azərbaycanda ən gənc ali məktəb olduğuna baxmayaraq, o artıq ölkədə ən nüfuzlu ali məktəblərdən birinə çevrilmişdir. Nazir demişdir: "Rusiya Federasiyası rus dilinin Azərbaycan və Rusiya xalqlarının dostluğunun mühüm vasitələrindən biri kimi inkişaf etdirilməsi, qorunub saxlanması və tətbiqi işində universitet rəhbərliyinin xidmətlərini çox yüksək qiymətləndirir".

S.Lavrov vurğulamışdır ki, universitetin fəaliyyəti və onun rektoru Nərgiz Paşayevanın Rusiya və Azərbaycanın strateji tərəfdaşlığında humanitar tərkib hissənin möhkəmlənməsinə şəxsi töhfəsi Rusiya Prezidenti tərəfindən yüksək qiymətləndirilmiş, o, N.Paşayevanın "Dostluq" ordeni ilə təltif olunması haqqında qərar qəbul etmişdir.

Nazirin sözlərinə görə, səfər müddətində keçirilmiş görüşlərdə iki ölkənin mədəniyyətlərinin qarşılıqlı zənginləşməsinin, bir-birini qarşılıqlı tamamlamasının, dostluq ənənələrinin yeni nəsillərə ötürülməsinin vacibliyi bir daha vurğulanmışdır.

Rusiyalı nazir ölkələrimiz arasında energetikainvestisiya sahələrində münasibətlərin, beynəlxalq məsələlərdə, regiondadünyada təhlükəsizlik məsələlərində səmərəli əməkdaşlığın durmadan inkişaf etməsini qeyd etmişdir.

S.Lavrov vurğulamışdır: "Rusiya-Azərbaycan əməkdaşlıq və tərəfdaşlığı Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təmin edilməsində mühüm amildir. Ümidvaram ki, indiki səfər Rusiya və Azərbaycanın mənafelərinin xalqlarımızın rifahı naminə irəliləməsinə kömək edəcəkdir".

Sonra Rusiya xarici işlər naziri tələbələrin və müəllimlərin qlobal siyasət, iqtisadiyyat, ölkələrimiz arasında münasibətlər barədə suallarına cavab vermişdir.

Sonda Sergey Lavrov professor Nərgiz Paşayevaya RF Xarici İşlər Nazirliyi yanında "Rossotrudniçestvo" agentliyinin "Dostluq və əməkdaşlığa görə" fəxri nişanını təqdim etmişdir.

 

 

Azərbaycan.- 2012.- 5 aprel.- S. 4.