Avropa Məhkəməsinin fəaliyyəti diqqət mərkəzindədir

 

 Azərbaycanın ədliyyə nazirinin müavini Vilayət Zahirov İnsan hüquqları üzrə Avropa Məhkəməsinin Qərarlarının İcrası Departamentinin nümayəndə heyəti ilə görüşmüşdür.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, ölkəmizin Avropa Şurası, o cümlədən Avropa Məhkəməsi ilə səmərəli əməkdaşlığını qeyd edən nazir müavini dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə məhkəmə sisteminininfrastrukturunun müasirləşdirilməsi üzrə görülən kompleks tədbirlər haqqında məlumat vermiş, bu islahatlardan danışaraq Azərbaycanda hakimlərin seçim prosedurasının Avropa Şurası və Avropa İttifaqı tərəfindən örnək kimi qiymətləndirildiyini vurğulamışdır.

Nazir müavini həmçinin bildirmişdir ki, məhkəmə qərarlarının icrası ölkə Prezidentinin nəzarətindədir və bu sahədə yükünün ilbəil kəskin artmasına baxmayaraq, vəziyyətin yaxşılaşdırılması üçün daim təsirli tədbirlər görülür.

Eyni zamanda, Avropa Məhkəməsinin qərarlarının icrasına mühüm önəm verilərək bu sahədə görülən işlər qeyd olunmuş, həmin Məhkəmənin səmərəliliyin artırılmasına həsr olunmuş Avropa ədliyyə nazirlərinin 2010-cu və 2011-ci illərdə keçirilmiş konfranslarında qoyulmuş vəzifələrin implementasiyası, o cümlədən presedent hüququnun öyrənilməsi və tətbiqi, maarifləndirmə tədbirlərinin gücləndirilməsi üzrə işlər vurğulanmış, Avropa Məhkəməsi hakimlərinin ölkəmizə müntəzəm səfərləri, hakim və hakimliyə namizədlərin tədrisində fəal iştirakı təqdir edilmişdir.

Qonaqlar təmsil etdikləri qurumun fəaliyyəti ilə bağlı ətraflı məlumat vermiş, Azərbaycanın məhkəmə-hüquq sahəsində əldə etdiyi nailiyyətlərə böyük maraq göstərərək qarşılıqlı əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyinə əminliklərini ifadə etmiş, birgə layihələrin təşviq olunması ilə bağlı niyyətlərini söyləmişlər.

Nümayəndə heyətinin diqqəti, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində torpaqlarımızın 20 faizinin işğalı və 1 milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi, bununla da vətəndaşların bir çox konvension hüquqlarının pozulması faktına cəlb edilmişdir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunmuşdur.

Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşlar.

 

 

Azərbaycan.- 2012.- 5 aprel.- S. 4.