Dövlət Miqrasiya Xidmətində Azərbaycan Türkiyə İş Adamları Birliyinin nümayəndə heyəti ilə görüş keçirilmişdir

 

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) idarə heyətinin sədri Cemal Yangının rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

DMX-dən AzərTAc-a bildirmişlər ki, görüşdə xidmət rəisi Firudin Nəbiyev miqrasiya sahəsində Azərbaycan Respublikası qanunvericiliyinin təkmilləşdirildiyini, miqrasiya proseslərinin tənzimlənməsinə və idarə olunmasına dövlət nəzarətinin gücləndirildiyini diqqətə çatdırmışdır.

Görüşdə tərəflər arasında qarşılıqlı əməkdaşlıq, eləcə də ATİB-ə üzv olan şirkətlərə cəlb edilən əcnəbilərin Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları və yaşamaları üçün müvafiq icazələrin verilməsi məsələləri ilə bağlı müzakirələr aparılmışdır. Azərbaycan ərazisində yaşamalarını leqallaşdırmaq məqsədi ilə Dövlət Miqrasiya Xidmətinə müraciət edənlərin arasında daha çox qardaş Türkiyə dövlətinin vətəndaşlarının üstünlük təşkil etdiyini qeyd edən xidmət rəisi bunu müsbət hal kimi qiymətləndirmişdir. Bununla yanaşı, xidmət rəisi ATİB-ə üzv olan şirkətlər və Dövlət Miqrasiya Xidməti arasında əməkçi miqrantlarla bağlı mütəmadi məlumat mübadiləsinin aparılmasının vacibliyini vurğulamışdır. Həmçinin xidmət rəisi Azərbaycan Respublikasının müxtəlif regionlarında fəaliyyət göstərən Regional Miqrasiya İdarələri barədə məlumat vermişregionlarda fəaliyyət göstərən şirkətlərin zərurət yarandığı halda birbaşa bu idarələrə müraciət edə biləcəklərini nəzərə çarpdırmışdır.

F.Nəbiyev Azərbaycan və Türkiyə arasında əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini və hər iki tərəfin qeyri-qanuni miqrasiya ilə mübarizə sahəsində birgə səylərinin davam etdirilməsinin zəruriliyini vurğulamışdır.

Sonda görüşə görə təşəkkürlərini bildirən qonaqlar xidmət rəisinə gələcək fəaliyyətində uğurlar arzulamışlar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 5 aprel.- S. 4.