Azərbaycan həm iqtisadi, həm də siyasi cəhətdən sürətlə inkişaf edən ölkədir

 

 Avronest Parlament Assambleyasının (PA) həmsədrləri Kristian VigeninBoris Tarasyuk aprelin 4-də bu qurumun Bakıda keçirilmiş ikinci sessiyasının yekunlarına dair mətbuat konfransı keçirmişlər.

AzərTAc xəbər verir ki, tədbirdə hər iki həmsədr sessiyanın yüksək səviyyədə təşkil olunduğuna görə Azərbaycan hökumətinə minnətdarlıqlarını bildirmişlər.

Qurumun həmsədri Kristian Vigenin demişdir ki, Azərbaycan təkcə sessiyanın texniki şərtlərini təmin etməmişdir. Burada, eyni zamanda, bizim hamımız üçün çox yüksək siyasi mühit yaradılmışdır. Bakı sessiyası həm də ona görə fərqlənir ki, Avropa Parlamenti ilk dəfədir ki, bu qədər, sayca çox deputatla Avropadan kənarda keçirilən toplantıda iştirak edir. Bu həm Avropa İttifaqının, həm də  Avropa Parlamentinin Azərbaycana verdiyi yüksək qiymətin və etimadın göstəricisidir. Biz Bakıda çox müsbət dəyişikliklərin şahidi olduq. Azərbaycan həm iqtisadi, həm də siyasi cəhətdən sürətlə inkişaf edən ölkədir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, beynəlxalq tədbirlərə ev sahibliyi etməsi və ən nəhayət, elə bu sessiyanın yüksək səviyyədə təşkili dediklərimizi sübut edir. 

Digər həmsədr Boris Tarasyuk isə demişdir ki, Bakıda keçirilən sessiya əvvəlki sessiyadan qərar və hesabatların qəbul olunması ilə fərqlənmişdir. İlk sessiyada müvəffəqiyyətsizlikdən hesabat və qərar qəbul olunmamışdır. Amma Bakı sessiyasında 4 hesabat və 1 qətnamə qəbul olunmuşdur.

Bu qərarlar insan haqları, demokratiya və digər məsələləri özündə əks etdirən vacib sənədlərdir.

Həmsədrlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, insan hüquq və azadlıqlarının təmin olunması, qorunması və s. məsələlər barədə fikirlərini açıqlamışlar.

Sonda həmsədrlər jurnalistlərin suallarını cavablandırmışlar.

 

 

Azərbaycan.- 2012.- 5 aprel.- S. 4.