Azərbaycan-Ukrayna
işgüzar görüşü
keçirilmişdir
Aprelin 4-də Bakıda AZPROMO-nun təşkilatçılığı ilə Azərbaycan-Ukrayna işgüzar görüşü keçirilmişdir. Görüş Ukraynanın Baş naziri Nikolay Azarovun rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində baş tutmuşdur.
Azərbaycan iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov ölkəmizin iqtisadi inkişafı, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat vermişdir. Nazir müavini Azərbaycan ilə Ukrayna arasında müxtəlif sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyini, işgüzar görüşlərin, qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulamışdır.
Ukrayna xarici işlər nazirinin müavini Viktor Mayko ölkəsinin Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduğunu bildirmiş, əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini vurğulamışdır.
AZPROMO-nun vitse-prezidenti Gülşən Rzayeva ölkəmizin əlverişli investisiya mühiti və biznes imkanları, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Əfqan İsayev təmsil etdiyi qurumun fəaliyyəti və həyata keçirdiyi layihələr, Ukraynanın İnvestisiyalar və Milli Layihələrin İdarə Edilməsi üzrə Dövlət Agentliyinin (UİMLİEDA) sədri Vasiliy Kaskiv ölkəsinin investisiya potensialı və əməkdaşlıq perspektivləri barədə təqdimatlarla çıxış etmişlər.
Tədbir çərçivəsində ikitərəfli görüşlər keçirilmişdir.
Sonda AZPROMO ilə UİMLİEDA arasında qarşılıqlı əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdır. Memorandumda investisiyaların qarşılıqlı təşviqi və bu istiqamətdə tədbirlərin həyata keçirilməsi, qarşılıqlı maraq doğuran yeni layihələrə və investisiya fəaliyyəti üzrə proqramlara aid olan qanunvericilik aktlarının, nəşrlərin mübadiləsi, işgüzar görüşlərin, treninq və seminarların keçirilməsi nəzərdə tutulur.
AzərTAc
Azərbaycan.- 2012.- 5 aprel.- S. 4.