Niderland Kraliçası “Floriade-2012” sərgisində
Azərbaycan pavilyonunu ziyarət etmişdir
Aprelin 4-də Niderland Krallığının Venlo şəhərində "Floriade-2012" Beynəlxalq sərgisinin rəsmi açılış mərasimi keçirilmişdir.
Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatasından AzərTAc-a bildirmişlər ki, sərgidə 50-yə yaxın ölkə və onlarla beynəlxalq təşkilat iştirak edir.
Azərbaycan Respublikası da "Floriade-2012" sərgisində təmsil olunan ölkələr sırasındadır.
Sərgi şəhərciyinin mərkəzi küçəsində Azərbaycan Respublikasına 700 kvadratmetrdən artıq sahə ayrılmış və bu sahədə Ticarət və Sənaye Palatası tərəfindən öz füsunkarlığı ilə seçilən son dərəcə gözəl bir pavilyon qurulmuşdur.
Niderland Krallığında "Floriade" sərgisi on ildən bir keçirilir və Azərbaycan ilk dəfə olaraq bu sərgidə müstəqil pavilyonla təmsil olunur.
Təntənəli açılış mərasimindən sonra Niderland Kraliçası Beatriks və onu müşayiət edən çoxsaylı rəsmi şəxslər özünəməxsusluğu və son dərəcə milli koloriti ilə seçilən Azərbaycan pavilyonunu ziyarət etmişlər.
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Kraliça Beatriksi Azərbaycan pavilyonunun önündə qarşılayaraq salamlamışdır. Kraliça ekspozisiya zalında Azərbaycanın tarixi keçmişi, bu günü və perspektiv inkişafı ilə bağlı filmlə tanış olmuşdur.
Ziyarətin sonunda ali qonaq öz yüksək fikir və təəssüratını bölüşmüşdür.
"Floriade-2012" sərgisi 6 ay davam edəcək və sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Günü keçiriləcəkdir.
Azərbaycanın Niderland
Krallığındakı səfiri Fuad
İsgəndərov, Ticarət və Sənaye
Palatasının vitse-prezidenti Mehman Əhmədov və digər rəsmi
şəxslər Kraliçanın pavilyona
ziyarəti mərasimində iştirak etmişlər.
Azərbaycan.- 2012.- 5 aprel.- S. 4.