Adari Films Productionın yeni layihəsi böyük maraqla qarşılanmışdır

 

Aprelin 4-də Azərbaycan Dövlət Yuğ Teatrının səhnəsində "Adari Films Production"ın yeni layihəsi olan Nikolay Qoqolun əsəri əsasında hazırlanmış "Bir dəlinin xatirə dəftəri" tamaşasına baxış keçirilmişdir.

AzərTAc xəbər verir ki, layihə teatrın nəzdində fəaliyyət göstərən Yaradıcı Təşəbbüslər Mərkəzinin dəstəyi ilə reallaşmışdır.

Layihənin rəhbəri və tamaşanın prodüseri "Adari Films Production"un direktoru, Azərbaycan Yazıçılar Birliyinin və Kinematoqrafçılar İttifaqının üzvü İradə Bağırzadədir. O, Bakı Beynəlxalq Kino Məktəbinin məzunudur. Bugünədək teatrkino sahəsində bir sıra mühüm layihələr həyata keçirmişdir.

Tamaşanın quruluşçu rejissoru və ifaçısı Elvin Adıgözəl Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. Kinoteatr sahəsində rejissor, ssenaristaktyor kimi çalışır.

Tamaşanın rəssamı Əli Həsənov, musiqi tərtibatçısı Eldar Albertson, işıqçısı Nicat Xəlilov, foto və videoçəkilişlərin müəllifləri isə Rüfət Həsənov və Seymur Seyidbəylidir.

Tamaşanın təqdimatından əvvəl Elvin Adıgözəl AzərTAc-a müsahibəsində bildirmişdir ki, bu layihənin reallaşdırılması istiqamətində əsas işə 3 ay bundan əvvəl başlanılmışdır. Bu gün təqdim edəcəyimiz əsər Nikolay Qoqolun ən önəmli əsərlərindəndir. Bu əsəri səhnələşdirməklə çoxdankı arzularımdan birinin reallığa çevrildiyini düşünürəm. Öz fikirlərimin də əlavə olunduğu tamaşa bir nərdivan üzərində qurulmuşdur.

Tamaşanın quruluşçu rejissoru demişdir ki, Azərbaycan səhnəsində rus yazıçısının əsəri türk dilində səhnələşdirilir. Bu özlüyündə bir üçlük yaratmışdır. Bu əsər ilk dəfə olaraq dövlət teatrı daxilində özəl tamaşa kimi təqdim olunur. Yəni tamaşanın prodüseri vardır. Bu isə bizə həmin səhnə əsərini başqa teatrlarda da göstərmək imkanı verir.

Bu istiqamətdə yeni-yeni layihələrin reallaşdırılmasına çalışacaqlarını deyən E.Adıgözəl vurğulamışdır ki, bundan sonra da tamaşaçılara türk dilində səhnə əsərləri təqdim edəcəkdir.

Dövlət Yuğ Teatrının özünəməxsus yığcam tamaşaçı salonunda təqdim edilən tamaşa elə ilk başlanğıcdan diqqəti cəlb etmişdir. Kasıb teatr estetikasında monotamaşa üslubunda hazırlanan "Bir dəlinin xatirə dəftəri" tamaşası N.Qoqol irsinə qeyri-ənənəvi münasibətlə, incə psixologizmlə seçilirdi. Səhnə boyu davam edən bəzən gülüş, bəzən də acı reallıqlardan doğan proseslər bir insanın həyat hekayəsini xatırladırdı. Amma bu hekayədən daha çox, real həyat həqiqətlərinə söykənərək tamaşaçını düşünməyə məcbur edirdi.

Tamaşada Messian, Maskani, Ştokhauzen, Haydn, List, Culiani, Vivaldi kimi bəstəkarların musiqilərindən istifadə olunmuşdur.

Böyük tamaşaçı marağına səbəb olan bu layihə daha çox beynəlxalq festivallar üçün nəzərdə tutulmuşdur.

 

 

Azərbaycan.- 2012.- 5 aprel.- S. 6.