Söz sənətinin inciləri

 

 Uzun illərdir ki, filologiya elmləri doktoru, professor Əmirxan Xəlilov Bakı Dövlət Universitetində dünya və şərqi slavyan ədəbiyyatından mühazirələr oxuyur. O, ali məktəb tələbələri üçün yazılan bir sıra dərsliklərin və monoqrafiyaların müəllifidir. Dövlət müstəqilliyimizi qazandıqdan sonra Əmirxan Xəlilov diqqətini milli ədəbiyyatımızın tədqiqi və təbliğinə yönəldərək bu sahədə də bir sıra kitabmonoqrafiyalar çap etdirdi. Bu yaxınlarda isə müəllifin yeni bir kitabı işıq üzü görüb. Kitab "Dünya ədəbiyyatı" (birinci hissə) adlanır. Ali məktəb tələbələri üçün dərs vəsaiti kimi nəzərdə tutulan kitab Təhsil Nazirliyinin qərarı ilə çap edilib.

Kitabın girişində müəllif dərs vəsaitinin yazılmasına səbəb olan amillərdən söz açaraq bildirir ki, bütün ali məktəblərin filologiya fakültələrində "Dünya ədəbiyyatı" fənni tədris olunur. Təəssüf ki, hələ sovet dövründən başlayaraq görkəmli sənətkarların yaradıcılığı gənc nəslə olduğu kimi çatdırılmayıb. Xüsusilə də gəldi-gedər mövzularla əlaqədar məsələlərə daha çox yer verilib ki, bununla da müəyyən standartlardan kənara çıxılıb. Çalışılıb ki, əvvəlki qüsurlar aradan götürülsün, müəyyən mövzular dolğun və əhatəli şəkildə vəsaitə daxil edilsin. Bu da maraqlıdır ki, dünya ədəbiyyatından danışanda Azərbaycanın ədəbiyyat xadimləri unudulmamış, eləcə də xarici ölkə yazıçı və şairlərinin Azərbaycanla əlaqəsi kənarda qalmamışdır.

Professor Cəlil Nağıyevin kitaba yazdığı ön sözdə oxuyuruq: "Burada indiyə qədər oxucuların bilmədiyi bir çox mətləblər elmi şəkildə əsaslandırılmışdır... Dərs vəsaitində Qərb ədəbi fikrinin parlaq şəxsiyyətləri müasir elmi-nəzəri müstəvidə araşdırılır, kitab müəllifinin şəxsi mövqeyi kontekstində təhlil və təsbit olunur".

Müəllif özündən əvvəlki alimlərin bu sahədəki tədqiqatlarına ehtiram və məhəbbətlə yanaşaraq onların ədəbi irsindən layiqincə bəhrələnib. Elə bu baxımdan Ə.Sultanlının, Ə.Ağayevin, T.Novruzovun, B.Nəbiyevin, Y.Qarayevin, T.Hacıyevin, V.Hacıyevin kitablarına, bu sahədəki tədqiqatlarına qədirşünaslıqla yanaşaraq təqdim etdiyi materiallara müasir prizmadan nəzər salıb. Homerşünaslığın dünya ədəbiyyatındakı yerinə toxunaraq əfsanəvi şair titulunu özündə saxlayan bu söz mülkünün sultanını gənc nəslə sevdirmək üçün maraqlı üsullardan istifadə edilib. Müəllifin dili səlis və aydın olduğundan dərs vəsaitinin tələbələr tərəfindən istifadəsində heç bir ağırlıq duyulmur. Kitabın ilk bölümündə Homerin söz dünyası hərtərəfli tədqiq edilib. Əmirxan Xəlilov "Homer və Azərbaycan" adlı qısa xülasədə bildirir ki, ədəbiyyatımızda bu söz dahisinin adını ilk dəfə XIX əsrdə Axundov çəkib. Sovet dövründə isə Əli Sultanlı, Əkbər Ağayev, Məmmədhüseyn Təhmasib, Mikayıl Rzaquluzadə və başqaları yeri gəldikcə Homerdən söz açaraq onun Azərbaycanda təbliğinə, tanınmasına təşəbbüs göstəriblər. Homerin əsərlərini ruscadan Azərbaycan dilinə ilk dəfə Mikayıl Rzaquluzadə tərcümə edib. Sonra bu işi Ələkbər Ziyatay uğurla həyata keçirib.

Dünya ədəbiyyatının əbədiyaşar şair və ədiblərindən biriHesiod sayılır. Homerdən sonra ədəbiyyat tarixində əsərləri ilə özünə əbədi və möhtəşəm yer qazanan bu söz sultanı haqqında da ilk dəfə Əli Sultanlı yazıb. Öz müəlliminin və ustadının yolunu ləyaqətlə davam etdirən Əmirxan Xəlilov Hesiodla Nizami Gəncəvi yaradıcılığını müqayisə edərək bildirir ki, dünya ədəbiyyatının hər iki azman nümayəndəsi humanist duyğular və bəşəri ideyalar baxımından bir-birlərinə çox yaxındırlar.

Vəsaitdə diqqəti çəkən mövzulardan biri də Zərdüştlə bağlıdır. Eramızdan əvvəl VII-VI əsrlərdə yaşamış Zərdüştün müdrik kəlamları da vəsaitdə yer alıb. Bu düşündürücü və mənalı kəlamların hər biri qalın-qalın kitabların söyləyə biləcəyi mətləblərdən, məramlardan qiymətli təsir bağışlayır. Məsələn: "O adamları sevirəm ki, dünyaya kor gəlib kor getməsinlər, həyatdan bir şey anlasınlar, öləndə də arxayın olsunlar ki, ruhlarını az da olsun kamilləşdirə biliblər". Yaxud da: "O adamları sevirəm ki, canlarını cəfəng ideyalara deyil, torpağa, Vətənə fəda edirlər, o torpağa ki bir vaxt fövqəlinsanın məskəni olacaq".

Dərs vəsaitində Qərb ədəbiyyatının feodalizmiorta əsrlər dövrü geniş şərh edilib, eləcə də ispan ədəbiyyatının intibah dövründən söz açılıb. Dərs vəsaitinin məziyyətlərindən biribudur ki, müəllif sovet dövründə qadağan olunan bir sıra şəxsiyyətlərin əsərlərini də kitaba salıb. Şair-mütəfəkkir Əli bəy Hüseynzadənin yeni dərslikdə "Qərbin iki şairi" adlı məqaləsindən də söz açılıb. Kitabda həmçinin VII-VIII əsrlər alman ədəbiyyatının da tədqiqinə toxunulub. Müəllif bildirir ki, dünya ədəbiyyatı tarixində ən mühüm yer tutan alman mədəni irsi bəşəriyyətə görkəmli şair, ədib və mütəfəkkirlər bəxş edib. XVIII əsrdə alman ədəbiyyatında maarifçilik ideyaları geniş vüsət alıb. Bunun da nəticəsində Lessinqin, Götenin, Şillerin, Heynenin əsərləri təkcə alman ədəbiyyatını deyil, dünya söz sənətini humanizm və mütərəqqi ideyalarla zənginləşdirərək romantizmin inkişafına yeni istiqamət veriblər. Götenin Şərq ədəbiyyatına, xüsusən Şərq lirik şeirinə dərin rəğbət və məhəbbəti olub. Hətta Şərq poeziyasının mahir ustadı sayılan Hafiz Şiraziyə şeir də həsr edib:

 

O qədər böyüksən ki ədəbiyyat kimi sən,

Əvvəlin yox, sonun yox, əbədiyyət kimisən.

Şeirin bir asiman ki daima hərəkətdə,

Sonu da əks olunmuş əvvəlliyə vəhdətdə.

Əvvəldən axıradək başdan-başa sənətdir,

Sənətdə bu hikmət, bu böyük qüdrətdir.

 

Həqiqətən maraqlıdır. Görün, hələ XVIII əsrdə yaşamış bir Avropa şairi Şərqin böyük ustadını necə yüksək dəyərləndirərək qiymətləndirib. Bu həm etirafdır, həm Şərq klassik poeziyası qarşısında Qərbin heyranlığıdır. Göte Nizami Gəncəvi yaradıcılığına da bələd idi. Hətta onun bəzi əsərlərinin motivlərindən istifadə edib. Göte Nizamini Şərqin digər iki görkəmli şairi Cami Firdovsi ilə müqayisə edərək qəribə bir nəticəyə gəlib. Göteyə görə, Cami özünə qədər yaradılan Şərq poeziyasına yekun vururdusa, Nizami yaradıcılığı gələcəyə - Qərb Şərqin qovuşuğuna "görüş yerinə" işıq saçıb. Buna görə Nizami yaradıcılığının xüsusiyyətlərini hərtərəfli öyrənən Göte onu böyük ehtiramla "Ata" adlandırıb.

Vaxtilə böyük Səməd Vurğun "Dünya şairləri yarışa gəlsin" deyərdi. Həmişə üstünlüyü Nizamiyə, Hafizə, Füzuliyə verərdi. Elə bu niyyətlə müəllif kitabın sonuna salınan şeirdə qürurla söyləyib:

 

İstər Doğu olsun, istərsə Batı,

Qınına çəkilmə, öyrən həyatı,

Damladan zərrədir bu kitabımız,

Dərya - özü dünya ədəbiyyatı...

 

Bir istəyimizi bildirək ki, müəllifin "Dünya ədəbiyyatı"na aid dərs vəsaitinin sonrakı cildlərinin belə sanballı şəkildə hazırlanaraq işıq üzü görəcəyinə inanırıq. Bu yolda professor Əmirxan Xəlilova uğurlar diləyirik.

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2012.- 5 aprel.- S. 7.