Azərbaycanın
birinci xanımı Mehriban Əliyeva Praqa qəsri ilə
tanış olmuşdur
Aprelin 5-də Azərbaycan Prezidentinin xanımı Mehriban Əliyevanın Çexiya Prezidentinin xanımı Livia Klausova ilə birgə görüşü olmuşdur.
Sonra Azərbaycanın birinci xanımı Çexiya dövlətinin başçısının xanımının müşayiəti ilə Praqa qəsrini gəzdi.
Mehriban xanım Əliyevaya məlumat verildi ki, Praqa qəsri Çexiya paytaxtının ən görməli yerlərindən biridir. Qəsrin 1100-dən çox yaşı vardır. Hər il minlərlə turist muzeyləri, müqəddəs məkanları və qəsrləri görmək üçün buraya axın edir. Dünyanın ən gözəl mədəniyyət abidələrindən sayılan Praqa qəsri tarix boyu Çexiya hökmdarlarının iqamətgahı olmuşdur. Ümumilikdə Praqanın tarixi bu qəsr ilə sıx bağlıdır. Şəhər əsas ticarət yolları üzərində yerləşdiyi üçün müdafiə qurğusunun tikilməsi zəruri idi. Müdafiə qabiliyyətinə görə ətrafdakı heç bir istehkam Praqa qəsri ilə müqayisə edilə bilməz. Yüksək bir təpədə qərar tutan qəsr arxitekturasına görə çox zəngindir.
Bildirildi ki, Praqa qəsri Çexiyanın ilk hökmdarlarından sayılan şahzadə Borivoyın fərmanı ilə 870-ci illərdə inşa olunmuşdur. 1920-ci ildə qəsrdə aparılan bərpa işləri zamanı geniş arxeoloji sahə aşkar edilmişdir. İlkin olaraq qəsrdə saray, üç kilsə və monastır fəaliyyət göstərmişdir. Qəsrdə xeyli sayda otaqlar vardır. Tarixin müxtəlif dövrlərində yadellilərin hücumlarına məruz qalmasına baxmayaraq, qəsr bugünədək qorunub saxlanılmışdır. Qəsr hazırda Praqanın canlı əfsanəsinə və rəmzinə çevrilmişdir. XIII əsrdə qəsrdə bərpa işləri görülsə də, XV əsrdə baş verən güclü yanğın ona ciddi zərər vurmuşdur. Qəsr bir əsr sonra imperator II Rudolfun əmri ilə yenidən dirçəliş dövrünə qədəm qoymuşdur. XVIII əsrin ortalarında isə imperatriça Mariya Terezanın göstərişi ilə Praqa qəsri barokko üslubunda yenidən bərpa edilmişdir.
1918-ci ildən etibarən Çexiya Prezidentinin rəsmi rezidensiyası kimi fəaliyyətini davam etdirən Praqa qəsrində Müqəddəs Vita məbədi də yerləşir. Çexiyanın milli-tarixi və mənəvi məkanlarından sayılan bu ərazidə Çexiya krallarının və arxiyepiskoplarının məzarları yerləşir. Orta əsrlər Çexiyasında kralların tacqoyma mərasimləri məhz Müqəddəs Vita məbədində həyata keçirilmişdir.
Sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyeva qəsrdəki kilsədə ibadət mərasimini izlədi.
Qeyd olundu ki, bu qəsrin tarixi Praqanın və Çexiyada xristianlığın tarixi ilə sıx bağlıdır. Məhz bu səbəbdən hər gün buraya çoxlu sayda insan ibadətə gəlir. Onların arasında yerli əhalidən başqa xarici ölkələrdən gələn turistlər və zəvvarlar da vardır.
Azərbaycanın birinci xanımı qəsrlə tanışlıq zamanı arfa musiqisini də dinlədi.
Mehriban xanım Əliyeva Praqa qəsri ilə tanışlıqdan xoş təəssüratlarla ayrıldı.
AzərTAc
Azərbaycan.- 2012.- 6 aprel.- S. 3.