Azərbaycanın
birinci xanımı Mehriban
Əliyeva Praqanın Dekorativ İncəsənət
Muzeyi ilə tanış olmuşdur
Aprelin 5-də Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Praqanın Dekorativ İncəsənət Muzeyində olmuşdur.
Mehriban xanım Əliyevaya məlumat verildi ki, muzeyin yerləşdiyi bina yeni intibah üslubunda inşa edilmişdir. Tikintisi XIX əsrdə başa çatmış bina zəngin kompozisiyası ilə insanları valeh edir. Binanın özü və divarlardakı işləmələr insanı xəyalən qədim dövrlərə aparır. Muzeydə qədim vaxtlara və bu günə aid sənətkarlıq nümunələri qorunub saxlanılır.
Bildirildi ki, muzeydə ipəkçilik, toxuculuq, qrafika, fotoqrafiya, pulkəsmə və sair sahələri əhatə edən çoxsaylı bölmələr vardır. Bu bölmələrdə Çexiyanın ərazisində yaşayıb fəaliyyət göstərən tanınmış ustaların əl işləri toplanmışdır. Bu əl işləri ölkənin milli sərvəti kimi qorunur.
Çexiya mədəniyyətinin ən mühüm nümunələrinin toplandığı bu muzey buraya gələn turistlərdə ölkə haqqında geniş təəssürat yaratmaqla respublikanın malik olduğu maddi-mədəni dəyərləri də təqdim edir. Ümumiyyətlə, Praqanın əksər gözəl binaları kimi, bu muzey də şəhərin qədim hissəsində yerləşir. Lakin şəhərin müasir hissəsi də gözəlliyinə görə digər məhəllələrdən geri qalmır.
Azərbaycanın birinci xanımı muzeydən zəngin təəssüratla ayrıldı.
AzərTAc
Azərbaycan.- 2012.- 6 aprel.- S. 3.